DMANİSİDƏ SVANLARLA AZƏRBAYCANLILAR ARASINDA BARIŞIQ ƏLDƏ OLUNUB – Nazirlik açıqlama yaydı

Baxış sayı:
454

"16 may axşamı Dmanisi şəhərində vətəndaşlar arasında daxili zəmində başlayan qarşıdurma, təəssüf ki, əhalinin müəyyən qrupları arasında qarşıdurmaya çevrildi. Hadisədən sonra bütün aidiyyati dövlət qurumlarından müvafiq cavab alındı ​​və hüquq-mühafizə orqanları səlahiyyətlərinə uyğun olaraq gərginliyi azaltmaq üçün müvafiq addımlar ataraq qanuni tədbirlər gördülər".
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin Dmanisidə baş verənlərlə və barışın elan edilməsinə dair yaydığı bəyanatda bildirilib.
Dmanisidə insidentin aradan qaldırılmasını alqışladığını vurğulayan Nazirliyin bəyanatında deyilir:
"Gün ərzində müxtəlif şəxslər tərəfindən qəsdən və ya istənilmədən hadisənin etnik kontekstdə təqdim edilməsinə cəhd göstərə biləcək müəyyən qiymətləndirmələrin aparılması qəbuledilməzdir. Hər bir vətəndaşın bu kimi vəziyyətlərdə dövlətin və çoxmillətli cəmiyyətimizin mənafelərinə ziyan vuraraq vəziyyətin süni şəkildə böyüməsinə səbəb ola biləcəyi barədə bəyanatlar yaymaqdan çəkinməsi vacibdir.
Hadisənin aradan qaldırılmasını alqışlayırıq və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin hər bir vətəndaşının sabit, dinc və bərabər mühitin təmin olunması üçün dövlət məsuliyyətini tam bölüşəcəyinə inandığımızı bildiririk ki, bu da gələcək demokratik inkişaf üçün vacib bir təməldir".
 
Dmanisidə nələr baş verdi?
 
16 may tarixində, günün ikinci yarısı Dmanisi rayonunda yerləşən "Ömər Market"ə sərxoş halda 2 nəfər daxil olaraq satıcı xanımdan nisyə pivə istəyiblər, satıcı isə onlara müdirdən icazəsiz belə bir hüququnun olmadığını bildirib. Bundan sonra həmin şəxslər kassir xanımı təhqir və təhdid edib. Daha sonra mağazaya gələn satıcı xanımın qaynatası həmin 2 nəfər tərəfindən fiziki şiddətə məruz qalıb. Dərhal polisə zəng edilib və polis satıcı xanımın, eləcə də qaynatasının ifadəsini almaq üçün bölməyə aparıb. Satıcının sözlərinə görə, bu vaxt təqribən 60 nəfərlik bir qrup mağazalarına hücum edərək dağıdıblar və onun 3 övladını döyüblər, eləcə də mağazanın qarşısında olan bir neçə nəfərə də fiziki xəsarət yetiriblər.
Mağaza sahibi və yerli sakinlər Aktual.ge-nin əməkdaşı ilə söhbətləri zamanı bildiriblər ki, bütün baş verənlər svanlar tərəfindən etnik zəmində törədilib və Dmanisidəki azərbaycanlılara qarşıb bu kimi hallar sıx-sıx təkrarlanır. Dmanisi polisi hazırda bir neçə nəfəri saxlayıb.
17 may tarixində baş vermiş hadisə ilə əlaqədar yerli sakinlər bu tərz halların aradan qaldırılması tələbi ilə Dmanisidə aksiya keçirməyə cəhd edib. "Ömər Market"ə hücum etdiyinə görə saxlanılanların yaxınları isə qarşı tərəfdə toplaşıb. Hüquq-mühafizə orqanlarınını əməkdaşları hadisə yerinə cəlb olunub və tərəflər arasında sabitlik yaratmaq istəsə də, buna tam nail ola bilməyib. Tərəflər bir-birlərinə hücum ediblər, daş atıblar, xəsarət yetiriblər.
17 may tarixində Dmanisidə baş verən hadisə ölkə gündəminin bir nömrəli predmeti olub. Günorta saatlarında Daxili İşlər Naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Leluaşvili, millət vəkilləri Sozar Subari, Zaur Darğallı, Qoqi Meşvelini, Savalan Mirzəyev, Kvemo Kartli bölgə qubernatoru Şota Rexviaşvili, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, şərqi-Gürcüstan üzrə müftisi Etibar Eminov və digər bir sıra rəsmilər Dmanisi rayonuna səfər edib və polis şöbəsinin daxilində bir sıra müzakirələr aparılıb. Daha sonra - axşam saatlarında isə Dmanisi Meriyasında yüksək vəzifəlilərlə tərəflər arasında görüş baş tutub və tərəflər arasında barışıq əldə olunub.

Muxalifet.az