GÜRCÜSTANDA SAAKAŞVİLİYƏ DƏSTƏK AKSİYASI BAŞLADI! - Bölgələrdən Rustaviyə axın var

Baxış sayı:
864

Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixail Saakaşviliyə azadlıq tələbi ilə kütləvi aksiya keçirilir. 

“Mişaya azadlıq!” şüarlı aksiya siyasətçinin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında təşkil olunub. Mitinqdə M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) çox sayda tərəfdarları iştirak edirlər. Aksiyaya ölkənin müxtəlif bölgələrindən dəstək qrupları da qoşulub.

Aksiyaçılar Gürcüstan, Ukrayna, Azərbaycan və NATO-nun bayraqlarını da tutublar. Penitensiar müəssisənin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

***

Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya təyin olunub. Bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya məlumat yayıb.

Aksiya bu gün saat 15:00-da siyasətçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında “Mişaya azadlıq!” şüarı ilə keçiriləcək.

Eyni tələblə saat 18:00-a başqa aksiya da planlaşdırılıb. Təşkilatçı “Gürcüstan naminə” hərəkatın fəallarıdır.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.