“Kurtlar Vadisi”nin rejissoru: “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” – VİDEO

Baxış sayı:
3100

Bu gün real faktlara əsaslanan tarixi filmlərin çəkilməsi çox vacibdir. Xüsusilə Azərbaycan ilə Türkiyənin kinematoqrafiya sahəsində birgə əməkdaşlığını xüsusi vurğulamaq olar.

Bu yaxınlarda Türkiyə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun bildirmişdi ki, Qafqaz İslam Ordusu, Xocalı qətliamı haqqında da film və serialların çəkilməsi ilə bağlı prezidentin tapşırığı var.

Bu istiqamətdə suallara cavab tapmaq üçün “Kurtlar Vadisi”, “Sen anlat Karadeniz”, “Sakarya Fırat” kimi məşhur filmlərin rejissoru Osman Sınav “ARB 24” televiziyasının efirində “Nə baş verir?” verilişində canlı bağlantıya qoşulub.

Osman Sınav deyib ki, tarixi film çəkmək, tarixi layihə ərsəyə gətirməyin bir səbəbi olmalıdır:

“Tarix tarixdir, amma tarixi film çəkməyin bir məqsədi, səbəbi olmalıdır. Səbəbi isə bu olmalıdır ki, tarixi film, tarixi layihə qarşımızdakı tarixi qorumağa hesablanmalıdır. Tarixi birlikdə və yenidən inşa etməliyik”.

Məşhur rejissor həmçinin deyib ki, Mübariz İbrahimov Azərbaycanın qəhrəmanlarından biridir:

“Uzun illər idi ki, Mübariz İbrahimovun filmini çəkmək istəyirdim. Amma bir hekayə yarada bilmədik, onun özəl həyatı ilə bağlı çox məlumat ala bilmədim. O, mənim üçün çox əhəmiyyətlidir. Xüsusilə Qarabağ məsələsində Mübariz Azərbaycanın çox vacib qəhrəmanlarından biridir”.

Osman Sınav çox yaxında Azərbaycana gələcəyini də vurğulayıb.