“Leş Tofiq”in “xələf”i də ələ keçdi - “Leş Elgün” - VİDEO

Balakəndə qanunsuz ət kəsimi ilə məşğul olan “Leş Elgün” ləqəbli qəssab saxlanılıb. Muxalifet.az APA-ya istinadla verir ki, Balakən rayon Polis Şöbəsinə Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan və rayonda “Leş Elgün” kimi tanınan 33 yaşlı Çonpuzov Elgün Zeynəddin oğlunun mənşəyi məlum olmayan ət kəsimi ilə məşğul olması barədə məlumat daxil olub. Keçirilmiş tədbir zamanı Elgün Çonpuzovun yaşadığı ünvanda qanunsuz kəsdiyi bir baş at və 64 kq at əti aşkar edilib. Kəsilmiş leşi müayinə etmək üçün hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları polis tərəfindən dəvət edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb. Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir. Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən leş ətlərinin satışıyla məşğul olan şəbəkənin fəaliyyəti ifşa edilib. Dəstəyə başçılıq edən “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar. Ətraflı videomaterialı təqdim edirik: