Livan ermənilərini Şuşaya köçürən Ermənistan niyə cəzasız qalır... - DÜŞMƏNİN TƏHLÜKƏLİ PLANI, HƏMSƏDRLƏRİN SÜKUTU

Ermənistan və dünya erməniliyi işğal edilmiş Azərbaycan torpaqlarında daha bir təhlükəli planı həyata keçirməyə başlayıb. Xəbər verildiyi kimi, Beyrutda baş vermiş və şəhəri xaraba qoymuş partlayışdan sonra Livan ermənilərinin bir qismini Dağlıq Qarabağa və ətraf rayonlara köçürmək təşəbbüsü qaldırılıb. Artıq 2 livanlı erməni ailəsi Şuşa şəhərində yerləşdirilib.
Livan ermənilərini Qarabağa köçürmək planları barədə ilk dəfə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının başqan yardımçısı Serdar Ünsal həyəcan təbili çalmışdı. Və bildirmişdi ki, Livan Erməni İnqilabi Federasiyası “Daşnaksütun”un gənclər təşkilatı tərəfindən liviyalı ermənilərin Qarabağa yerləşdirilməsinə hazırlıq gedir.
“Beyrutdakı partlayışı fürsət bilərək Livan ermənilərini qruplar halında Qarabağa yerləşməyi planlaşdırırlar. Hədəf Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriyadan, Livandan, digər ölkələrdən gətirilən ermənilər Dağlıq Qarabağla yanaşı ətraf rayonlarda-Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda yerləşdirilir”, - o deyib.
Daha sonra Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Livan ermənilərinin bir qisminin Azərbaycanın işğal altındakı torpaqlarına köçürməyə hazırlıq getdiyini təsdiqlədi. O, Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirmişdi. Və göründüyü kimi, proses artıq başlayıb və Azərbaycan şəhəri Şuşada ilk livanlı erməni ailələri yerləşib.
Əslində Livan ermənilərinə Qarabağ elə də yad deyil. 90-cı illərin əvvəllərində ASALA erməni terror təşkilatının Livandakı düşərgələrində təlim keçmiş erməni yaraqlıları Qarabağın işğal edilməsində, azərbaycanlı mülki əhaliyə divan tutulmasında bilavasitə iştirak ediblər. Livan və Suriya ermənilərindən ibarət terrorçu dəstələrin həmin müharibə zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlığı yaxşı bəllidir.
İndi isə Livan ermənilərini Beyrut partlayışını fürsət bilərək Qarabağa köçürmək planları çox təhlükəli niyyətlərdən xəbər verir. Birincisi bu, təkcə Dağlıq Qarabağda deyil, işğal altındakı ətraf rayonlarda da yeni erməni yaşayış məskənləri salmaq, beləliklə də həmin ərazilərin potensial sülh razılaşması əsasında geri qaytarılmaması üçün zəmin hazırlamaqdır. 2000-ci illərin ortalarında ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş ərazilərdə atəşkəsin əldə edilməsindən sonra 15 mindən çox erməninin qanunsuz məskunlaşdırılmasını təsbit etmişdi. Həmin hesabatdan sonrakı dövrdə də Qarabağa qanunsuz erməni köçü davam etdirilib.
Ermənistan rəhbərliyi son illər “bir qarış da olsun torpaq qaytarmamaq” məqsədini dəfələrlə büruzə verib. Hazırda qondarma rejimə rəhbərlik edən, Zəngilan və Qubadlı rayonlarında böyük taxıl zəmilərinin sahibi olan oliqarx Araik Arutyunyan isə Arazboyu ərazilərdə məskunlaşdırma aparmaq, bu torpaqları əkib-becərmək üçün hazırlıq getdiyini demişdi. Bu məqsədlə hazırda Ermənistandan Qarabağa Arazboyu ərazilərdən keçməklə üçüncü yolun çəkilişinə hazırlıq gedir. Ermənistandan ermənilərin köçüb getdiyi bir vaxtda işğal altındakı ərazilərdə məskunlaşma həyata keçirmək üçün Beyrut partlayışı dünya erməniliyinin əlinə yaxşı fürsət verib.
Digər tərəfdən isə qatı millətçi Livan ermənilərinin-daşnakların Qarabağda yerləşdirilməsi Azərbaycanın öz torpaqlarını azad etmək üçün müharibəyə başlayacağı halda həm də döyüşkən canlı qüvvə formalaşdırmaq məqsədi güdür. Artıq bəlli olduğu kimi, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı nizami ordudan başqa könüllülərdən ibarət yüz minlik ordu qurmaq üçün müvafiq qanun layihəsini müzakirəyə çıxarıb. Söhbət 90-cı illərin əvvəllərində olduğu kimi, könüllü erməni batalyonlarının bərpasından gedir. Belə batalyonlar həm də işğal altındakı Azərbaycan ərazilərinə köçürülən livanlı, suriyalı ermənilərdən formalaşdırıla bilər.
Bəs Ermənistanın bu təhlükəli siyasəti niyə cəzasız qalır? Nədən münaqişənin nizamlanması üçün vasitəçilik missiyasını üzərinə götürən həmsədr ölkələr Yerevanı beynəlxalq normalara zidd olan bu qanunsuz, cinayətkar əməldən çəkindirmək üçün indiyə qədər heç bir bəyanat verməyib, mövqe ortaya qoymayıb? O cümlədən ATƏT baş verənlərlə niyə maraqlanmır və susur?
Belə vəziyyətdə Azərbaycan hökumətinin və Xarici İşlər Nazirliyinin Minsk Qrupu həmsədrlərindən, ATƏT-in Daimi Şurasından, Avropa İttifaqından izahat tələb etməsi gözləniləndir və qanunauyğundur.
Rəsmi Bakı həmsədrlərin, ATƏT-in, digər beynəlxalq institutların nəzərinə aydın şəkildə çatdıra bilər ki, işğal altındakı ərazilərdə qanunsuz məskunlaşma, terrorçu elementlərin bu torpaqlarda yerləşdirilməsi olduqca təhlükəli eskalasiyaya apara bilər. Digər tərəfdən həmsədrlər, beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, potensial hərbi əməliyyatlar zamanı işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırılan ermənilər heç bir halda “mülki əhali” statusu daşıya bilməz. Çünki həmin torpaqlarda yaşamış mülki əhali-azərbaycanlılar məcburi köçkün və qaçqındır, onların yaşadığı torpaqlara qanunsuz köçürülən ermənilər isə müharibə qanunlarına görə mülki əhali hesab edilməyəcək.
Virtualaz.org