Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər CƏRİMƏLƏNDİ - Fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cərimələnib.
Məlumata görə, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.
Qeyd edək ki, avqustun 18-də AMEA Prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Bu gün Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar./apa