Müxalif jurnalisti ABŞ-dan oğurlayıb qayıqla qaçırmaq planının üstü açıldı - 4 İRAN AGENTİ TUTULUB

Baxış sayı:
465

Nyu York şəhərində dörd İran vətəndaşı ABŞ-da yaşayan müxalif  jurnalisti qaçırmağı planlaşdırmaqda ittiham edilir. ABŞ hüquq-mühafizə orqanları bildirir ki, şübhəlilərdən biri İran kəşfiyyatının zabiti, digər üç nəfəri isə İran kəşfiyyat şəbəkəsinin üzvləridir. Virtualaz.org xəbər verir ki, Federal Təhqiqatlar Bürosu onların jurnalisti oğurlamaq üçün hazırladıqları əməliyyatının İran hökuməti tərəfindən dəstəkləndiyini bildirir.

ABŞ Ədliyyə Nazirliyi jurnalistin kimliyini açıqlamır, onun Bruklində yaşayan ABŞ vətəndaşı, insan haqları fəalı olduğunu bildirməklə kifayətlənir. Lakin Bruklində yaşayan iranlı fəal və yazar Məsih Əlinejad bildirib ki, ABŞ hakimiyyət orqanları onun İran xüsusi xidmət orqanlarının hədəfində olduğu haqda xəbərdarlıq edib. Bu baxımdan ehtimal edilir ki, oğurlanması planlaşdırılan jurnalist məhz Əlinejaddır.

Əlinejad ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” radiosunun Fars xidmətində ştatdankənar müxbir kimi çalışıb və İranda insan haqlarının vəziyyəti ilə bağlı reportajlar verib. O, Twitter-də yazıb: " İslam Respublikası Kəşfiyyat Nazirliyinin mənim oğurlanmağım üçün qurduğu planının qarşısını aldığına görə FTB-yə minnətdaram. Bu plan Ruhaninin hökuməti tərəfindən idarə olunub”.

“Amerikanın səsi” üçün hazırladığı ayrıca video bəyanatında Əlinejad onu və ailəsini mühafizə etdiyinə görə ABŞ hakimiyyətinə minnətdarlığını bildirib. Ədliyyə Nazirliyi “Reuters” agentliyinin hədəfdə məhz Əlinejadın olub-olmadığına dair sualına şərh verməkdən imtina edib.

Nyu York Cənub Dairəsinin prokuroru Odri Ştraus deyib: "İddia olunduğuna görə dörd müttəhim rejim avtokratiyasını tənqid edən İran mənşəli ABŞ vətəndaşını izləyiblər və qaçırmaq istəyiblər. Onlar daha sonra qurbanlarını zorla İrana aparmağı planlaşdırblar. Orada onun taleyi ən yaxşı halda qeyri-müəyyən olacaqdı”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bu iddiaları “axmaq və əsassız” adlandırıb. Lakin FTB-nin Nyu York ofisindən bildirilib: "Biz iddia edirik ki, İran hökuməti tərəfindən dəstəklənən bir qrup ABŞ-da mənzillənmiş jurnalisti bizim torpağımızda oğurlamağı və zorla İrana qaytarmağı planlaşdırıb”.

İyulun 13-də Manhetten  federal məhkəməsində elan edilmiş ittiham aktında həm də Vəzarət Səlimi və Hacəli kimi tanınan Əlirza Şavəroğlu Fərəhaninin, habelə Mahmud XazeyinKiya Sadeqi və Omid Nurinin adları çəkilir. Onların hamısı iranlıdır. İtitham aktına görə Fərəhani İran kəşfiyyatının zabitidir. Qalan üç nəfərin Fərəhaninin rəhbərliyi altında işləyən “kəşfiyyat agentləri” olduğu qeyd edilir. Onlara qarşı adam oğurluğu cəhdindən başqa İrana qarşı sanksiyaların pozulması, bank və şəbəkə dələduzluğu, çirkli pulların yuyulması kimi ittihamlar da irəli sürülüb. Əgər təqsirləri isbat olunsa, iranlıları ömürlük həbsxana cəzası gözləyə bilər.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Fərəhani və başqa üç nəfər ən geci 2020-ci ilin iyunundan bəri bu planın həyata keçirilməsinə başlayıblar. Bildirilir ki, Fərəhani və onun iddia edilən əlbirləri hədəflənən jurnalistin və ailə üzvlərinin izlənməsi, şəkil və videolarının çəkilməsi üçün özəl xəfiyyələr tutublar. Nazirliyin bəyanatında deyilir ki, şübhəlilər Nyu Yorkdan Venesuelaya hərbi tipli kater xidmətlərinin internet axtarışını aparıblar.

Qeyd edilir ki, Venesuela və İran hökumətlərinin yaxın münasibətləri var.

İttiham aktında habelə deyilir ki, İran hökuməti 2018-ci ildə jurnalisti qaçırmaq məqsədilə aldaraq ABŞ-dan üçüncü ölkəyə aparmağa  çalışıb. Amma jurnalistin İrandakı qohumları bu əməliyyata dəstək verməkdən boyun qaçırıblar./virtualaz.org