PARLAYAN İSTEDAD – Gülşən 12 dildə danışmağı bacarır

Baxış sayı:
13007

Bu istedad sahibi Gülşən Feyziyevadır.  Vətən məhəbbətli, səmimi, mehriban qız olan Güləşən Lənkəran rayonunun Veravul kənd 2 saylı tam orta məktəbinin 10-cu sinfində  oxuyur. Qalib bir ölkənin vətəndaşı olmaqla fəxr edir və gələcəkdə ona layiqli övlad olmaqdan ötrü yalnız yaxşı əməllərə sevdalanır.
Gülşənin nümunəvi davranışı, gözəl əxlaqı, saf düşüncəsi məktəbdə ona hörmət gətirib. Vətəninin müqəddəsliyinə tapınmaqla xoş gələcəyə yol alan Güləşən bütün dərslərini eyni həvəslə oxuyur, aldığı qiymətlər isə həmişə “əla” olur.
Bir də Gülşənin dil öyrənmək istedadı sanki ilahi sevgidən gəlir. Qəlbində çoxdan özünə yer edən istəyə adam heyran qalır.  Dərslərini öyrəndikdən sonra bu sahədə olan kitablar əlindən yerə düşmür. Məktəbdə, dostları yanında sevib, seçilməsi  bir növ bundan da irəli gəlir. Gülşən indi artıq 12 xarici dildə fikrini rəvan şəkildə ifadə etməyi bacarır. İngilis və rus dillərini daha mükəmməl bilir. Erməni dilinə marağını soruşanda dünyaya səadət gətirən əməllərin yoluna üz  tutan məktəbli qız deyir ki, düşmənin dilinə yiyələnmək indiki zamanda vacibdir. Məğlub düşmənin nacins əməllərinə “güzgü”  tutmaq üçün onun dilini bilmək lazımdır. Həmçinin, 30 ildən sonra  düşmən əsarətindən azad olunan Qarabağ haqqında məlumatları erməni dilində, internet vasitəsilə dünyaya çatdırmaq qəlbimdən keçir.
Şagirdinin bu, fitri  istedadına daha çox sevinən ingilis dili müəllimi Aygün Əzimova deyir: -  Sözün həqiqi mənasında  Vətəninə, millətinə sevdalı olan bir qəlb sahibidir, Gülzar.  Bütün öyrəndikləri doğma Azərbaycana gərəkli olması üçündür.  Mən ona ancaq  ingilis və rus dillərini öyrətmişəm. Qalan 8 dildə danışmağı isə öz istedadı, bacarığıdır...
Gülşən yenidən söhbətə başlayır:-   Asiya xalqlarının dillərini öyrənməyə çox həvəsli idim.  Əvvəl Koreya dilini öyrənməyə başladım  və çətinlik çəksəm də onun öhdəsindən gəldim.  Çünki onların əlifbasını öyrənmək o qədər asan deyil, bir neçə qrupa bölünür. Onları hissə-hissə öyrəndim. Daha sonra yapon dilinə marağım yarandı... Beləcə, bir də gördüm 12 dilə sahib olmuşam.  Dünya xalqlarının dilini öyrənməkdə, eyni zamanda  onların fərqli mədəniyyətlərini, tarixini və insanlarını  ətraflı tanımaq istəyimdir.
Gülşənin gələcəkdə özünə indidən seçdiyi peşə  ABŞ-də təhsil alıb və  poliqlt , tərcüməçi olub Vətəninə vicdanla xidmət etməkdir.
Bəli,  hazırda parta arxasında Gülşən kimi uşaqların böyüməsi  parlaq  gələcəyimizdən xəbər verir.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü