​Paşa Talıblı: "Yerim bu dünyada qəm içi yenə"

Baxış sayı:
22845

Çağdaş şeirin, müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblı hələ keçən əsrin sonlarından, bir az da daha dəqiq desək 80-ci illərdən sənətə gəlmiş, mətbuat səhifələrində görünmüşdür...
Uzun illərdir ki, Rusiyanın Volqoqrad şəhərində yaşayır. Bədii yaradıcılıq nümunələri müntəzəm olaraq ölkə mətbuatında oxuculara çatdırılır...
 
 
***
Gecənin əli yox, ayağı yoxdu...
Canıma yapışmış yosundu gecə.
...sevmək var gecənin birində hələ,
hələ dərd çəkməyə uzundu gecə.
 
...uzun gecələrdə mən kiməm, axı?—
nə elə çaparam əməlli-başlı
nə elə minməyə atım da yoxdu.
...hardasa üstümdə tanrı kölgəsi,
hardasa öz kölgəm altımda yoxdu.
 
...gecələr özümə qayıtmaq çətin,
gecələr özümdən qaçıram...olmur.
Gündüz dərdləridi gecə dərdləri...
Gündüzlər çəkməyə macalım olmur.
 
...gecələr yatıram üzü dərdimə,
özümü dərdimə bükürəm, qardaş!
...gündüzlər çəkməyə həvəsim olmur,
mən dərdi gecələr çəkirəm, qardaş.—
...mən harda gizlənim bu gecələrdən?
 
...bu dərdin əlindən hara qaçım mən,
bəlkə qaçım burdan orda gizlənim?
...mən harda gizlənim bu gecələrdən?
Mən özüm-özümdən harda gizlənim?
 
...şer yazmaq günahmı? günahlarımı
sağımda-solumda mələklər yazır.
...başımın üstündə dar ağacıdı,
altında həmişə ölümüm hazır—
...mən harda gizlənim bu gecələrdən?!
 
 
***
Çox da ki, dünyadan yanığam, bala,
yandırıb quraqlıq eləmirəm ki!..
...düşəndən-düşənə sözdü- yazıram,
Allahnan allahlıq eləmirəm ki!
 
...üzümdə-gözümdə gördüyün dərdi,
tor kimi canıma hördüyü dərdi.
...çək-deyir, çəkirəm verdiyi dərdi,
Allahnan allahlıq eləmirəm ki!
 
...yerim bu dünyada qəm içi yenə,
ürəyim dərd yeyir, qəm içir yenə.
...Allahdı gəmidə gəmiçi yenə,
Allahnan allahlıq eləmirəm ki!
 
 
***
Mən kiməm- sorsalar dedim:
sözün zatından gəlirəm.
...mərtəbə-mərtəbə qalxdım-
yeddi qatından gəlirəm.
 
..hər gələn səsə çıxıram,
quru nəfəsə çıxıram.
...mən bir gün misə çıxıram,
bir gün altundan gəlirəm!.
 
...dərvişəm, şaham, vəliyəm-
mən könüllərə valiyəm.
...göyün üstündən halıyam,
yerin altından gəlirəm.
 
...ruhum canımnan pəsdədi,
ruhumu candan istədim.
...yada dost dedim, dost dedim!
Dostun yadından gəlirəm.
 
Paşam söylər nə söyləsin?
Yaxa dartsın can teyləsin...
Haqqın özü haqq eyləsin,
haqqın adından gəlirəm.
 
Paşa Talıblı