Rus deputatların ABŞ-a səfəri dayandırıldı

Rusiya Dövlət Dumasının deputatı İnqa Yumaşevanın ABŞ-da dindirilməsindən sonra rusiyalı millət vəkillərinin bu ölkəyə səfəri dayandırılıb.
Bu barədə parlamentin spikeri Vyaçeslav Volodinin köməkçisi Anastasiya Kaşevarova bildirib.
“ABŞ hökuməti Yumaşevanın Nyu-Yorkda Federal Araşdırmalar Bürosu tərəfindən dindirilməsinə dolğun izahat verməsə və üzr istəməsə, bu ölkəyə səfərlər hələ ki, dayandırılacaq”, -deyə o, vurğulayıb.
“Dövlət Dumasının deputatını sorğulamaq yalnız seçicilərin və Rusiya güc stukturlarının hüququdur”, -deyə Kaşevarova qeyd edib.
Xatırladaq ki, İ. Yumaşeva ABŞ konqresi ilə danışıqlar üçün Dövlət Dumasının parlament qrupunun koordinatoru kimi ABŞ-a səfər edərək orada “Dialoq Fort Ross” forumunda iştirak etmişdi. O, Nyu-Yorkda hava limanında Federal Araşdırmalar Bürosunun əməkdaşları tərəfindən saxlanlılaraq 1 saata yaxın sorğu-sual edilmişdi. Bundan sonra Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərmiş, Xarici İşlər Nazirliyi isə Amerika hökumətinə etiraz bildirmişdi.