SAXTA SƏNƏD DÜZƏLDİB, ŞƏHİD AİLƏSİNİN TORPAĞINI ZƏBT ETDİLƏR - Pirverdiyevin qohumlarına qarşı şok ittihamlar

Qusar rayonu, Yuxarı Ləgər kənd sakini Quliyeva Lətafət Balaverdi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Həcənməd oğlu və əmisi oğlu, keçmiş icra nümayəndəsi Xammədov Kazım Məhsim oğlu əlbir olaraq, onun 1.77 ha torpaq sahəsini ələ keçiriblər:
“Mən, Quliyeva Lətafət Balaverdi qızı, yazaraq bildirirəm ki, haqsızlığa uğramışam. Özüm şəhdi bacısıyam. Oğlum Quliyev Turan Qırım oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, veterandır.
Bildirim ki, ailəmizə məxsus 1.77 ha torpaq sahəmizə “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Həcənməd oğlu və əmisi oğlu, keçmiş icra nümayəndəsi Xammədov Kazım Məhsim oğlu, əlbir olaraq, saxta sənəd çıxarıblar. Həmin torpaq sahəmi Quba Rayon sakini Mehdiyev Bahadır adlı şəxsə satmışlar.
7 ildir bütün rəsmi qurumlara şikayət etsəm də, baxan yoxdur. Hikmət Xammədov deyir ki, “hara istəyirsən şikayət elə, arxamda dayanan adamım var”.
Keçirilən bütün məhkəmə proseslərində iştirak etmişəm. Saxta sənədlərin hər birini sizlərə də təqdim edəcəm. Qarşı tərəf məhkəmədə iştirak etməyib. Torpağa aid bütün sənədər məndədir. Bu günə qədər vergisini də mən ödəyirəm. 18.06.2025-ci il üçün 117 manat vergi gəlib.
Əllərində olan saxta müqavilənin yarısı çap maşını, yarısı isə komputerlə yazılıb.
Atamla anam boşanmadığı halda, onları sənəddə boşanmış göstəriblər. Guya atamla anam ayrılıb, mən və qardaşıma isə atılmış uşaqlar kimi saxta qəyyumluq alıblar.
Maraqlısı isə budur ki, həmin qəyyumluq arxivdə aşkarlanmayıb. Bizim dövlət qurumları bu qədər saxtakarlığa imza atır. Bütün bu dediklərimə dair əlimdə sənədlərim var".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.