“Səni parçalayaram, ikiyə bölərəm” - İrəvan teatrında daha bir QALMAQAL

İrəvan Dövlət Dram teatrında daha bir qalmaqal yaşanıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, Əjdər Zeynalovdan sonra teatrın direktoru İftixar Piriyev aktyor Elçin Hacıyevi işdən çıxarmaq istəyib.
Bu barədə saytımıza açıqlama verən aktyor İ.Piriyevin onu təhqir edərək üstünə cumduğunu bildirib:
“Direktor məni otağına çağırdı. Yumruğunu qaldırıb, hədə-qorxu gəldi. Mənə dedi ki, “Səni parçalayaram, ikiyə bölərəm. Sən feysbukda status yazıb, mənə qarğış edirsən. Səni buna görə işdən çıxarıram. Get, kimə şikayət edirsən, et!”. Dedim ki, “Sizə qarğış etməmişəm. Sadəcə indidən yazdım ki, mənə qarşı kimsə yalandan izahat verib, işdən çıxarılmağıma səbəb olmasın”. Direktorla birlikdə teatrın baş rejissoru Sərvər Əliyev də otaqda idi. İftixar Piriyev onun yanında mənə hücum çəkdi. Heç bir əmr çıxmadan mənə bildirdi ki, işdən azadsan. Daha sonra Sərvər Əliyev məni otağına çağırıb onun xahişinə əsasən işdə qaldığımı bildirdi”.
Aktyor E.Hacıyev iş yerində bundan sonra narahatçılıq yaşayacağını əsas gətirərək, saytımız vasitəsilə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə müraciət ünvanlayıb:
“Rəsmi şəkildə də müraciət edəcəm. Ancaq buradan da bildirirəm ki, İftixar Piriyev əlində heç bir əsası olmadan məni işdən çıxarmaq istəyir. Hər gün saat 9.00-dan 18.00-a dək işdə oluram. İşim olmayanda belə başqa aktyorlara icazə verir, mənə vermir. Ümidim nazirimizədir. Mənim qeyri-qanuni olaraq, işdən çıxarılmağıma mane olsunlar”.
Məsələ ilə bağlı teatrın mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat sözçüsü Teymur Bayramov yayılan məlumatın yalan olduğunu bildirdi.
Qeyd edək ki, bir müddətdir İrəvan teatrında baş verən qalmaqalların ardı-arası kəsilmir. Qalmaqallarda günahlandırılan yeganə tərəf isə teatrın direktoru İftixar Piriyevdir.