Tanınmış hüquqşünas generalı gülüş obyektinə çevirdi

Namizəd Səfərov: “Açıqlamasından da görünür ki, onun yumor hissi güclüdür”

Penitensiar Xidmətin rəis müavini, general Hüseyn Əlixanov həbsxanalardakı mövcud vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib. Ölkə həbsxanalarında dustaqların saxlanma şəraitinin həddindən artıq yaxşı olduğuna diqqət çəkən general, bu halın bəzi narahatlıqlara da yol açdığını bildirib. H. Əlixanovun sözlərinə görə, əsas narahatlıq ondan ibarətdir ki, saxlanma şəraitinin hədsiz dərəcədə yaxşı olması dustaqları azadlığa çıxandan sonra yenidən bura qayıtmağa sövq edə bilər.

H.Əlixanovun ölkə həbsxanalarını az qala əsl cənnət kimi təsvir etməsi ictimai rəydə maraqlı şərh və mülahizələrə səbəb olub. Belə ki, bəzi ictimai-siyasi xadimlərin, eləcə də müstəqil hüquqşünasların bir qismi həbsxanalardakı vəziyyətin ötən illərlə müqayisədə qismən yaxşılaşdığnı bildirsə də, bütövlükdə vəziyyətin əvvəlki kimi ağır olduğu qənaətindədir. Bəzi siyasilər isə bu açıqlamanı sözün həqiqi  mənasında insanları ələ salmaq kimi dəyərləndirib.

Maraqlıdır, doğrudanmı həbsxanalarda dustaqlara o qədər yaxşı baxırlar ki, insanlar yenidən ora qayıtmaq üçün fürsət axtarır, dəridən-qabıqdan çıxır?

Bununla bağlı “Hürriyyət”ə açıqlama verən hüquqşünas Namizəd Səfərov H.Əlixanovun açıqlamasının mövcud reallığı əks etdirmədiyini vurğuladı: “Sualınızda bir ironiya var və mən də ironiya ilə cavab verəcəm. Həbsxanada insanlara nə qədər yaxşı şərait yaratsalar, insanlar bir daha ora qayıtmağa çox cəhd etməzlər. Bu, məsələnin biricin tərəfi. Mən inanmıram ki, Hüseyn Əlixanov bu cür fikirlər səsləndirsin. Bu ifadə həqiqətən də ona məxsusdursa, yəqin onda da yumor hissi çox güclüdür. Ola bilsin ki, bu cür fikirlər səsləndirməklə zarafat eləmək istəyib. Azərbaycan həbsxanalarında vəziyyət həddindən artıq ağırdır. Bu vəziyyət nə Avropa, nə dünya standartlarına uyğun gəlmir. Hətta post-sovet ölkələri ilə müqayisədə belə Azərbaycan həbsxanalarındakı vəziyyət həddindən artıq ağırdır. Yüzlərlə fakt var ki, bu fakt həbsxanaların ora düşən şəxslər üçün vərəm mənbəyi rolunda çıxış etdiyini göstərir. Mövcud həbsxanalar bir çox ağır xəstəliklərin yaranmasına rəvac verən bir məkandır. Orada dustaqları qeyri-insani şəritdə saxlayırlar. Kürdəxanıda və ya hardasa bir-iki nümunəvi həbsxana yaradıb bunu xaricilərə göstərmək hələ o demək deyil ki, həbsxanalarda vəziyyət yaxşıdır. Bu yaxınlarda 14 saylı cəzaçəkmə müəssisəsində dustaqların etiraz etməsi də əslində bununla bağlıdır. Ömürlük həbs cəzası alan şəxslərin saxlanıldığı cəzaçəkmə müəssisəsi və Qaradağdakı digər müəssisələr olduqca bərbad vəziyyətdədir. Orada anti-sanitariya, insan sağlamlığı üçün təhlükəli şərait hökm sürür. Azərbaycandakı təcridxanalarda real vəziyyət bundan ibarətdir”.

Seymur Əliyev