Yola salınan Hacıbala Abutalıbovun DOSYESİ

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BiG.AZ xəbər verir ki, Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub. 1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzalayıb. 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilib. Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvüdür, ailəlidir, iki oğlu var.