“Saxta ittiham aktı ilə 8 il azadlıqdan məhrum edilmişəm” – HƏBSXANADAN BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
9403

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Mehriban xanım!

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq, qanunların aliliyini deyil, BMCMİ-nin (“Bandotdel”) sifarişlə 07.03.2019-cu il tarixdə barəmdə açdığı saxta cinayət işində birtərəfli aparılan istintaq hərəkətləri zamanı ziddiyyətli, böhtan xarakterli, sübuta yetirilə bilməyən epizodlarla şablon xarakterli tərtib edilən və günahsız həbsimə səbəb olan 16.07.2020-ci il tarixli ittiham aktında analoqu olmayan hüquq və qanun pozuntularına yol verilmişdir. Qanunsuz həbsimin hüquqi müstəvidə aradan qaldırılması, saxta epizodların ləğv edilməsi üçün cinayət-prosessual qanunvericiliyin tələbinə əsasən mənsub olduğunuz səlahiyyətləriniz daxilində “saxta ittihama istinad edilməklə qəbul edilən qeyri-obyektiv hökm və qanunsuz qərarların ləğvinə dair” tərəfinizdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumuna təqdimat verilməsini, cinayət işinin materiallarının ibtidai-istintaqa qaytarılmasını xahiş edirəm.
Hörmətli Kamran müəllim!
Ünvanınıza, dövlət ittihamının müdafiəsi üzrə idarəyə göndərmiş olduğum çoxsaylı ərizə-şikayətlərimə mahiyyəti üzrə baxılmasına qərəzli şəkildə məhəl qoyulmayıb. Günahsız həbsimə səbəb olmuş saxta ittiham aktında əksini tapmış böhtan xarakterli epizodlara xitam verilməsinə yetərincə əsasların olmasını nəzərə alaraq, istintaqın yenilənməsi üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, Ali Məhkəmənin Pleniumuna təqdimatın verilməsini Sizdən də xahiş edirəm.
Dəyərli Mehriban xanım!
Diqqətinizə çatdırmaq istəyirəm ki, özüm zərərçəkmiş olduğuma baxmayaraq, mənə külli miqdarda borclu olan, pullarımı qaytarmamaq üçün DİN BMCMİ əməkdaşı ilə sövdələşib, (sonradan “zərərçəkmiş” kimi tanınan Əhmədova Xanımqız Fərəc qızı və onun tanışı Qarayev Nizami Müslüm oğlu) şantajçıların böhtan xarakterli şikayət ərizələri əsasında 07.03.2019-cu il tarixdə saxta cinayət işi açılıb. Nəticədə ziddiyyətli, heç bir halda sübuta yetirilə bilməyən, əsassız epizodlarla tərtib edilən və günahsız həbsimə səbəb olan 16.07.2020-ci il tarixli saxta ittiham aktı ilə 8 (səkkiz) il azadlıqdan məhrum edilmişəm.
İbtidai istintaq (eləcə də məhkəmə proseslərində) zamanı baş müstəntiq F.Babazadə tərəfindən yol verilmiş prosesual pozuntular, hansı səbəbdən cinayət işinin açılmasına (keçmiş Baş Prokuror Zakir Qaralov dönəmində, I müavin olmuş R.Usubov tərəfindən verilmiş əsassız razılıq və saxta tövsif edilmiş CM-nin 178.3.2 maddəsi) razılıq verilib, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən qanunsuzluğa göz yumulması, cinayət işi və ittiham aktında yol verilmiş hüquq və qanun pozuntularının aradan qaldırılmasına yetərincə əsas olan BMCMİ-nin rəisi polis general-mayoru Ə.Rzayevin ünvanına göndərmiş olduğu, ittihamedici qərəzli məktublarına aidiyyatı üzrə Respublika Baş Prokurorluğunda baxılıb hüquqi qiymət verilməsi, eləcə də istintaqın yenilənməsinə dair tərəfimdən Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi Üzrə İdarəyə (eləcə də K.Əliyevə) etdiyim ərizə şikayət və müraciətlərə (2022-ci ilin əvvəlindən hal-hazıradək) şikayətimin mahiyyəti üzrə heç bir rəsmi cavab bildirilməyib. Sadəcə, Dövlət İttiham idarəsinin müavini və ya əməkdaşı tərəfindən şablon xarakterli, mənə hüquqlarımın izahına dair məktub göndərilmişdir!
Xüsusən də vurğulamaq istəyirəm ki, Respublika Prokurorluğu səlahiyyətlərinə görə bütün istintaq hərəkətlərinə nəzarət və rəhbərlik etmək funksiyasına malik olduğuna görə, niyə və hansı səbəblərdən BMCMİ-nin qanunazidd hərəkətlərinə göz yumaraq, hal-hazıradək heç bir tədbir görməyib?! Mənim kimi hüquqları tapdanıb günahsız həbs edilən vətəndaş saxta ittihamın ləğv edilməsinə, istintaqın yenilənməsinə görə niyə məcbur edilir ki, Avropa və Beynəlxalq məhkəməsinə üz tutsunlar?!
Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, tərəfimdən Respublikanın Baş prokuroru cənab K.Əliyevə yazmış olduğum (İttiham idarəsində diqqət yetirilməyən şikayət və müraciətlərmin heç biri Baş prokurora məruzə edilməmişdir) şikayət və müraciətlər ona çatdırılmadığına və məruzə edilmədiyinə görə, heç bir tələb və şikayətimə diqqət yetirilməmiş, ona görə də istintaq yenilənməmişdir!
Nəzərinizə çatdırmaq istəyirəm ki, birinci instansiya məhkəməsinin saxta hökmündən sonra ali səlahiyyətli hüquq-mühafizə orqanı olan Respublika Prokurorluğuna etdiyim şikayətlərin nəticəsiz qalması bir çox qaranlıq məqamlara və şübhələrə yol açır. Əgər 2022-ci ilin əvvəlindən hal-hazıra kimi tərəfimdən Respublika Prokurorluğuna daxil olan şikayətlərimə cənab K.Əliyev tərəfindən diqqət yetirilsə, əminəm ki, cənab Baş prokuror istintaqın yenilənməsi üçün (eləcə də saxta ittihamda yol verilən pozuntulara baxılıb hüquqi qiymət verilməsi üçün) obyektiv qərarın qəbuluna görə Baş Prokurorluq tərəfindən Ali Məhkəmənin Plenumuna əlavə kassasiya protesti və ya təqdimatın verilməsinə göstəriş veriləcəkdir.
Hörmətli Mehriban xanım!
Yuxarıda ərizə-şikayətimdə qeyd etdiyim xüsusatları nəzarətə götürüb, mənsub olduğunuz səlahiyyətləriniz daxilində aidiyyatı üzrə Ali Məhkəmənin sədri cənab İnam Kərimova və Baş prokuror, cənab K.Əliyevə göstəriş verib köməklik göstərmənizi Sizdən xahiş edirəm”.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.