14 ŞƏHİDLƏ VİDA MƏRASİMİ VƏ BAKIDA “MEHDİYEVSAYAĞI ZORAKILIQ”… - Tofiq Yaqublunun gözlərinin qaraldılması kimə və nə üçün lazım idi?..

Baxış sayı:
794

Xızının “Qaraheybət” məntəqəsində baş vermiş vertolyot qəzası ilə bağlı müəmmalı vəziyyət davam edir. Belə ki, rəsmi mənbələrin iddia etdiyindən fərqli olaraq, cəmiyyətdə çoxları bu hadisənin sıradan bir qəza olduğuna inanmır. Amma məsələnin başqa tərəfi də var…

Şəhid olan hərbçilərlə vida mərasimi keçirilən gün AXCP-yə maddi dəstək göstərməkdə təqsirləndirilən Saleh Rüstəmliyə azadlıq tələb ilə mitinq keçirilir və aksiya zamanı Ramiz Mehdiyev sayağı xüsusi metodlarla icra edilən zorakılıqlar “yerinə yetirilir” və mediada tirajlanır. Doğrudur, Ramiz Mehdiyev o zaman rəsmi DİN rəhbəri olmasa da, qeyri-rəsmi hər sahəyə nüfuz edən səlahiyyətə malik idi. Bu səbəbdən, eyni metodlarla icra edilən hərəkətlər məhz Mehdiyevsayağı fon yaradır.

İlk öncə deyək ki, Azərbaycanın 14 yüksək rütbəli hərbçisinin şəhid olması ilə əlaqədar ölkə matəmə büründüyü bir məqamda bu mitinq təxirə salınsaydı, daha münasib olardı. Yəni bu mitinqin heç yeri deyildi. Amma nədənsə, bu düşüncə nə mitinqə qarar verənlərin, nə də DİN rəsmilərinin ağlına gəlmədi.

İkincisi, məntiqlə hətta həbsxanada işgəncə verilən şəxslərin bədənində zərbə, işgəncə izlərinin qalmamasına diqqət edilir ki, zərbə alan tərəf heç bir şey sübut edə bilməsin. Lakin sanki Tofiq Yaqublunun döyülməsinə, onun sifətinin işgəncə izlərinə dönməsinə xüsusi diqqət edilib və zərbələr “görülsün, hamı görsün, gündəmə düşsün” deyə xüsusi həvəslə məhz sifətə endirilib.

Sual oluna bilər ki, niyə məhz indi və niyə məhz göz nahiyəsinə? Cavab olaraq deyə bilərik ki, Ermənistanın ABŞ-ın dəvət etdiyi “Demokratiya sammiti”nə qatıldığı vaxt xüsusi seçildi. Soçi görüşündə, ardınca da Aşqabad sammitində Zəngəzur dəhlizinin, belə demək olarsa, rəsmi təqdimatının baş tutması prosesinə başlandığı məqamda şübhələrlə dolu vertolyot qəzası baş verir və Ermənistanın Azərbaycanla müqayisədə “demokratik dövlət” imici yaradılır. Mitinqdə isə “qara fonar”a dönmüş gözlərlə Azərbaycanın imicinə zərbə endirilir ki, “Demokratiya sammiti”ndə Ermənistanın ABŞ tərəfindən dəstəyi rəsmiləşsin və Minsk qrupu dövrəyə girsin. Həm də dünyanın gözü qarşısında “demokratiya tələbi ilə keçirilən mitinqdə endirilmiş zərbə ilə”. Məqsəd Azərbaycanı antidemokratik ölkə kimi “qara siyahı”ya salmaq və rəsmi Bakının Rusiya ilə nəqliyyat dəhlizlərində maraqlarını üst-üstə gətirib, onu siyasi dividentlərə çevridiyi vaxtda uğuru onun əlindən almaq, küncə sıxışdırmaq.

Halbuki Soçi görüşünü siyasi uğurla sonuclandıran Azərbaycan hakimiyyəti Brüssel görüşü ərəfəsində siyasi səhnəyə güclü imiclə çıxmalıdır. Amma vertolyot qəzasının ardınca gələn “mitinq təxribatı” ilə rəsmi Bakının obrazı zədələnir və ona qoyulan əsas tələb öz vətəndaşının gözünü ”işıqfora döndərmiş” hakimiyyətin “Xankəndidəki məzlum erməniləriə nə cür davaranacğı” sual işarəsi altına düşür.

Bir sözlə, görünməyən əl hərəkətdədir. Siz nə deyirsiniz deyin, amma mənim nəzərimdə Azərbaycanı istəməyən müxtəlif ölkələrin cinahından gələn müxalifət “siyasi meyit”, hətta “siyasi fahişədir”. Bu müxalifətin alətləri, mitinqdə “məhz gözlərini vur qaralt” deyənlərlə, “sifətini yumruğun altına uzadan maşalar” da eyni mahiyyətə malikdir, yəni öz missiyalarını tam doğruldurlar. Onların dirijorları isə başları əzilsə də, hələ tam canı çıxmayan əfi ilan rolundadır. Demək, ölkədə Ramiz Mehdiyevin izindən gedənlər tərk-silah olunmayana qədər vəziyyət belə olacaq. İndi düşünün ki, gözlərin “qara fonar”a döndərildiyi mitinq tamaşası kimin maraqlarına cavab verirdi...

Günay MƏMMƏDOVA