"Arzum" ləqəbli tiktoker azadlığa buraxıldı - Hansı şərtlərlə?

Baxış sayı:
321

Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən "Arzum" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.

Bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.

Qərara əsasən, vəkillərin İlduzə Hacıyevanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunub. Həmçinin apellyasiya şikayəti məhkəmə baxışına verilib. Şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması qərara alınıb.

Hansı şərtlərlə azadlığa çıxdı?

20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub.

“Qafqazinfo” yazır ki, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib.

Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla "Arzum" ev dustaqlığına buraxılıb.

Ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.

Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Yəni ki, vəkillər yenidən sübutlarını təqdim edəcək, yeni araşdırma olacaq.

Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.

İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.

Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.