BEYNƏLXALQ NİZAMIN TAM ÇÖKÜŞÜ BAŞLAYIR – Bəşəriyyət üçün təhlükəli və xaotik gələcəyin mesajı verildi

ABŞ-nin Venesueladakı əməliyyatı beynəlxalq hüququn ayaqlar altına atılması, işğal cəhdi və bir millətin ləyaqətinə təcavüzdür!
Trampın Venesuela neftini sataraq ABŞ-nin borclarını ödəyəcəklərini bəyan etməsi kolonial talan niyyətinin etirafıdır
2026-cı il dünya ictimaiyyəti üçün şokla başladı desək, yəqin ki, yanılmarıq. ABŞ silahlı qüvvələri gecə yarısı — ölkə əhalisinin yuxuda olduğu bir vaxtda — Venesuela ərazisinə hərbi zərbələr endirdikdən sonra Prezident Nikolás Maduro və həyat yoldaşı Cilia Floresi sözün həqiqi mənasında oğurlayaraq əvvəlcə Amerikanın “İvo Cima” gəmisinə, oradan isə Nyu-Yorkdakı həbsxanaya aparıb. Həm də əli qandallı, gözü bağlı — alçaldılmış şəkildə.
ABŞ rəhbərliyi bu addımı narkoticarət və korrupsiya da daxil olmaqla bir sıra ağır cinayət ittihamları ilə əlaqələndirib. ABŞ Prezidenti Donald Tramp isə bunu “qanuni əməliyyat” və “təhlükəsizlik tədbiri” kimi təqdim edib, həmçinin Venesuelada “ədalətli keçid” üçün müvəqqəti idarəetmə qurmaq niyyətində olduğunu bildirib.
Ancaq hamıya məlumdur ki, ABŞ tərəfindən Venesuela Prezidenti Nikolas Maduronun zorakılıq yolu ilə ələ keçirilməsi və hakimiyyətdən uzaqlaşdırılması sadəcə siyasi əməliyyat deyil. Bu hadisə müasir dövrdə beynəlxalq hüququn açıq şəkildə tapdanmasının, dövlət suverenliyinə hörmətsizliyin və imperialist düşüncənin yenidən dirçəldilməsinin bariz nümunəsidir. Bu, bir dövlətin digər bir dövlətə qarşı qanunsuz işğal cəhdi, bir xalqın isə alçaldılmasıdır.
Maduronun əli qandallı, gözü bağlı formada fotolarının yayılması və bunun bütün dünyaya nümayiş etdirilməsi ilə açıq şəkildə mesaj verilir ki, bizə tabe olmayanlar bu cür alçaldıcı münasibətlə üzləşəcəklər.
Bu hadisə bir daha göstərdi ki, ABŞ üçün “demokratiya”, “insan hüquqları”, “qanunun aliliyi” anlayışları yalnız öz maraqlarına xidmət etdikdə mövcuddur. Maraqlar toqquşduğu anda isə bu anlayışlar rahatlıqla kənara atılır, onların yerini güc, zor və talan siyasəti tutur.
Qlobal təhlükəsizlik üçün son dərəcə təhlükəli presedent
BMT Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin ərazi bütövlüyünü və siyasi müstəqilliyini toxunulmaz elan edir, güc tətbiqini, eləcə də bir dövlətin başqa bir dövlətin ərazisinə hərbi müdaxiləsini qadağan edir. Bu prinsip BMT Nizamnaməsinin əsas sütunlarından biridir.
BMT Nizamnaməsi dövlətlərin ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunmasını tələb edir və “güc tətbiqi” yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə və ya özünümüdafiə halları ilə məhdudlaşdırılır. ABŞ isə bu kimi hüquqi əsasları təqdim etməyib. ABŞ-nin belə bir qərar olmadan hərbi əməliyyat keçirməsi BMT-nin prinsiplərinə açıq şəkildə ziddir və qanuniləşdirilə bilməz.
Başqa sözlə, ABŞ-ın Venesuela ərazisində hərbi əməliyyat keçirməsi və dövlət başçısını zorla ələ keçirməsi bu prinsipin tamamilə rədd edilməsi deməkdir. Bu, nə özünümüdafiədir, nə də ortada BMT Təhlükəsizlik Şurasının sanksiyası və ya beynəlxalq hüquqla əsaslandırıla bilən hər hansı bir istisna hal var. Bunun adı açıq “dövlət piratlığıdır”. Dövlətlərarası münasibətlər sistemində belə bir davranışın normallaşdırılması beynəlxalq nizamın tam çöküşü deməkdir.
Əgər bir dövlət digərinin prezidentini istədiyi zaman “cinayətkar” elan edib zorla aparırsa, sabah bu aqibət istənilən ölkəni gözləyə bilər. Bu presedent qlobal təhlükəsizlik üçün son dərəcə təhlükəlidir.
Təsadüfi deyil ki, bir çox beynəlxalq hüquq ekspertləri də bu hərəkəti suveren dövlətin daxili işlərinə hərbi müdaxilə kimi səciyyələndirirlər. Hətta bu hərbi əməliyyatı beynəlxalq hüququn “ayaqlar altına alınması”, “dövlət terrorizmi” kimi qiymətləndirənlər də var.
Venesuelaya suveren dövlət kimi yox, qənimət kimi baxılır
ABŞ rəsmilərinin Venesuela nefti ilə bağlı açıq bəyanatları bu əməliyyatın əsl mahiyyətini ifşa edir. Məsələ nə demokratiyadır, nə insan hüquqları, nə də hüquqi məsuliyyət. Məsələ neftdir — Venesuelanın zəngin təbii sərvətlərini ələ keçirməkdir.
Qeyd edək ki, Venesuela dünyada sübut olunmuş neft ehtiyatlarının həcminə görə birinci yerdə qərarlaşır. Bu ölkənin sübut olunmuş neft ehtiyatları təxminən 303,8 milyard barrel təşkil edir. Sübut olunmuş təbii qaz ehtiyatları isə 5,6 trilyon kubmetrdən çoxdur. Ümumi dəmir filizi ehtiyatları 4,5 milyard ton səviyyəsində qiymətləndirilir ki, ABŞ rəhbərliyi bu sərvətləri ələ keçirmək istədiyini gizlətmir.
ABŞ prezidenti açıq şəkildə bəyan edir ki, “Venesuela neftini sataraq ABŞ-nin borclarını ödəyəcəyik”. Bu, artıq diplomatiya deyil, kolonial talan dilidir. Bu, XXI əsrdə XX əsrin imperialist ritorikasının utanmadan təkrarıdır.
Bu yanaşma Venesuelanı suveren dövlət kimi deyil, qənimət kimi görən düşüncənin məhsuludur və təbii ki, beynəlxalq hüququn deyil, müstəmləkə təfəkkürünün ifadəsidir.
Eyni zamanda, Trampın Venesueladakı əməliyyatı Putinin Ukraynaya təcavüzünə faktiki olaraq tam haqq qazandırılması deməkdir. Kim bilir, bəlkə də bu məsələ Alyaskada razılaşdırılıb: sən Ukraynanı, mən Venesuelanı?
Venesuela xalqının ləyaqətinə zərbə
Prezidentin hərbi əməliyyatla tutulması və xaricə aparılması eyni zamanda Venesuela xalqının öz siyasi gələcəyini müəyyən etmək hüququna birbaşa təsir edir. Düzdür, ölkə daxilində və dünyada Maduroya münasibət birmənalı deyil. Onun avtoritar rejim qurduğunu bildirənlər də kifayət qədərdir. Ancaq bütün hallarda bu addım ölkənin daxili siyasi prosesinə müdaxilə kimi qiymətləndirilir və sivil hüquqlara hörmətsizlik kimi qəbul edilir. Prezidentin taleyi ilə bağlı qərarları Venesuela xalqı verməlidir. Heç bir xarici dövlətin bir millətin siyasi gələcəyini zorla müəyyən etməyə haqqı yoxdur.
Maduroya münasibət Venesuela daxilində müzakirə edilə bilər, seçkilərlə və hüquqi mexanizmlərlə həll oluna bilər. Lakin xaricdən hərbi müdaxilə ilə hakimiyyəti dəyişmək cəhdi ölkəyə demokratiya gətirməyə deyil, işğala cəhd hesab olunur.
Bu addım Venesuela xalqına açıq mesajdır: “Sizin seçiminizin heç bir əhəmiyyəti yoxdur.”
Tramp bunu da gizlətmir. Venesuelanı xalqın seçdiyi şəxs deyil, “bizim adamlar idarə edəcək” deyə idarə edəcəyini bildirir. Hətta ABŞ ordusunun da Venesuelaya yerləşəcəyini və etiraz olarsa ikinci əməliyyatı keçirəcəklərini açıqlayıb.
Bu isə təkcə siyasi yox, həm də mənəvi zorakılıqdır. Bu, bir millətin ləyaqətinə, özünüidarə hüququna və siyasi iradəsinə qarşı açıq təcavüzdür.
Fransa Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatı isə hadisəyə verilmiş ən doğru qiymət sayılır. Sİtat: ."Maduronun hakimiyyətdən uzaqlaşdırılması və suverenliyin pozulması Venesuela xalqının ləyaqətinə və öz gələcəyini müəyyən etmək hüququna qarşı ciddi təcavüz aktıdır. Maduronun həbsi beynəlxalq hüquqa əsasən güc tətbiq etməmək prinsipini pozur. Venesuelaya xaricdən uzunmüddətli siyasi həll yolu tətbiq edilə bilməz; yalnız Venesuela xalqı öz gələcəyini müəyyən edə bilər."
Beynəlxalq ictimaiyyətin sükutu daha qanlı qarşıdurmaların əsasını qoyur
Bu cür bəyanatlara baxmayaraq, ABŞ-ın təcavüz xarakterli əməliyyatına qarşı beynəlxalq reaksiyalar yetərincə sərt deyil. BMT Baş Katibi və bir sıra beynəlxalq təşkilatlar bu hadisənin “təhlükəli presedent” yaratdığını və beynəlxalq hüququn aliliyini qorumağa çağırdıqlarını bəyan ediblər. Təhlükəsizlik Şurası isə bu məsələni müzakirə etməyi planlaşdırır.
Bəzi ölkələr ABŞ-ın addımını “yumşaq ifadələrlə” pisləyib və Venesuelanın suverenliyinin pozulduğunu bəyan ediblər, bəziləri isə səssiz qalmağa üstünlük veriblər.
Bütün dünyanı ayağa qaldırmalı olan bu hadisə ilə bağlı etiraz səslərinin belə zəif çıxmasının əsas səbəbi, heç şübhəsiz, çoxlarının ABŞ-ı qarşısına almaqdan çəkinməsidir. Ancaq açıq təcavüz qarşısında dünyanın böyük dövlətlərinin belə bir çoxunun susqunluğu, bəzilərinin isə “keçid dövrü” kimi yumşaq ifadələrdən istifadə etməsi təhlükəli ikili standartların göstəricisi sayılmalıdır. Bu, haqlının güclü deyil, güclünün haqlı olduğunun beynəlxalq səviyyədə qəbul edilməsidir.
Əgər beynəlxalq hüquq yalnız gücsüzlər üçün işləyirsə və hərbi gücü olan dövlətlər onu istədiyi vaxt poza bilirsə, deməli artıq hüquq yoxdur. Bu yanaşma və bu susqunluq sabah daha böyük münaqişələrin, daha qanlı qarşıdurmaların əsasını qoyur.
Hüquqsuzluq normaya çevrilərsə…
Beləliklə, hansı şəkildə tədim edilməsindən asılı olmayaraq ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi bu əməliyyat beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, dövlət suverenliyinə qarşı işğal cəhdidir, enerji resurslarının zorla ələ keçirilməsinə yönəlmiş müstəmləkə siyasətdir.
Bu, eyni zamanda bir millətin ləyaqətinə və öz müqəddəratını təyin etmək hüququna təcavüzdür. Əgər dünya bu davranışı qəbul edərsə, sabah beynəlxalq hüquq kitabları muzey eksponatına çevriləcək. Qlobal nizam isə qanunun gücünə deyil, güclünün “qanununa” tabe olacaq. Bu isə bəşəriyyət üçün təhlükəli, ədalətsiz və xaotik gələcəyin başlanğıcıdır.
İ. İsmayılbəyli








































