Ermənilər Polad Həşimovu Camal Paşa ilə MÜQAYİSƏ ETDİ

Baxış sayı:
2190

General Camal Paşanın Gürcüstan ərazisində öldürülməsini xatırladan ermənilər həyasızcasına -“biz kimi düşmən hesab ediriksə, onu öldürəcəyik” mesajı verirlər…

Azərbaycan-Ermənistan sərhəddində baş verən gərginlik Gürcüstandakı erməni separatçılarının da qəfil fəallaşmasına gətirib çıxardı. Belə ki, iyulun 21-də Tiflisdə və ermənilərin kompakt yaşadığı Axalkalakidə etiraz aksiyaları keçirildi. Hansı ki, bu aksiyalar zamanı ermənilər nəinki Azərbaycana etiraz ediblər, həm də Gürcüstana və gürcü dövlətçiliyinə “güc” nümayiş etdirməyə çalışıblar.

Xatırladaq ki, ermənilər bundan əvvəl də bir neçə dəfə Gürcüstanda təhrikedici və təxribat xarakterli tədbirlər keçiriblər. Məsələn, sonuncu dəfə mayın 9-da erməni apostol kilsəsinin gürcü eparxiyasının patronajlığı altında Tiflisdə toplaşdılar və nümayişkəranə şəkildə Azərbaycan əleyhinə şüarlar səsləndirdilər. Üstəlik, Dağlıq Qarabağda mövcud olan separatçı rejim nümayəndələrinin təşkil etdiyi aksiyada qondarma “Artsax” bayraqlarını qaldırdılar.

Xatırladaq ki, qondarma “Artsax” və ya qondarma “DQR” qondarma “Abxaziya” və “Cənubi Osetiya”nın “müstəqilliyini” tanıyıb. Bununla da, ermənilər həyasızcasına Gürcüstanın parçalanmasını, gürcü qaçqınların evlərindən didərgin salınmasını və separatçılığı açıqdan-açığa dəstəklədilər. Necə ki, Ermənistan BMT Baş Assambleyasında həmişə gürcü qaçqınların evlərinə qayıtmasının əleyhinə səs verib. Həmçinin, erməni separatçıları 9 may tarixini “Qələbə günü” kimi deyil, Şuşanın işğal günü, yəni özgə torpaqlarının ilhaqı və etnik təmizləmə kimi qeyd etdilər.

Ermənilərin Gürcüstandakı son aksiyası isə daha təhrikedici idi. Məsələn, Axalkalakinin şəhər stadionunda keçirilən aksiyada Ninotsminda və ətraf kəndlərdən də insanlar toplaşıb və üç minə yaxın erməni Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. Erməni KİV-ləri aksiya haqqında yazdılar ki, iştirakçılar “Ermənistana, diasporaya və erməni xalqına öz dəstəklərini” ifadə etmək üçün yığılıblar. Halbuku, bu aksiyada “erməni xalqına dəstək”dən çox, separatçı şüarlar səslənib və dünyada yaşayan erməniləri təxribatlara həvəsləndiriblər. Təsadüfi deyil ki, bundan sonra bir sıra dövlətlərdə erməni separatçıalrının azərbaycanlılara qarşı həyasızcasına edilən hücumlarının şahidi olduq.

O cümlədən, Tiflisdə baş tutan aksiyada da Tovuzdakı Ermənistan-Azərbaycan sərhədində baş verən olayları özlərinin başlatdığı haqda danışılmayıb. Amma Azərbaycanfobiya və türkofobiya geniş şəkildə nümayiş olunub.

Gürcüstanda erməni təşkilatlarının gəncləri tez zamanda toplayıb, çoxminli mitinqlər keçirməyə nail olması göstərir ki, istənilən an onları cəmləyib separatçı-döyüşçü dəstələri təşkil etmək mümkündür. Abxaziyada gürcü xalqının genosidini həyata keçirən Baqramyan adına batalyon kimi.

Separatçı döyüş dəstələri Samtsxe-Cavaxetiyada uzun zamandır ki, mövcuddur və bir neçə saat ərzində mobil erməni dəstələrinə çevrilə bilirlər. 21 iyul aksiyası bunu bariz nümunəsidir. Xatırladaq ki, Dağlıq Qarabağda, Abxaziyada da separatçılıq “dinc aksiyalar”dan və “xalq yığıncaqları”ndan başlamışdı.

Onu da bildirək ki, Tiflisdə baş tutan 21 iyul aksiyasında erməni separatçılarının səsləndirdiyi bir şüar da diqqətdən qaçmamalıdır. Belə ki, “Gürcüstanın erməni icması”nın Facebook səhifəsində “doxsan səkkiz il əvvəl bu məkanda insanlıq əleyhinə cinayət törətmiş Camal Paşa cəzalandırıldı” başlığı ilə xəbər verilib(https://www.facebook.com/armcommunityge/posts/3048236331960174 ). Aksiyada “Bu yerdə 1922-ci ildə insanlıq əleyhinə cinayət törətmiş Camal Paşa güllələndi” sözləri yazılmış plakatlar da açılmışdı.

Xatırladaq ki, Camal Paşa – möhtərəm türk hərbi komandanı, Türkiyənin dəniz donanması naziri, Suriyadakı hərbi qubernatoru və Birinci Dünya müharibəsi ilərində Fələstin cəbhəsindəki türk ordusunun komandanı olub. O, 1922-ci il 21 iyul tarixində Tiflisin mərkəzindəki Böyük Pyotr (İnqoroqva) küçəsində “Daşnaksütyun partiyası”nın terrorçuları tərəfindən qətlə yetirilib.

Bundan əlavə, erməni təxribatçıları daşnakların 98 il əvvəl törətdiyi qətlin – Camal Paşanın ölümünü Tovuzda istiqamətində baş verən döyüşlərdə Azərbaycan ordusunun qətlə yetirilən general-mayoru Polad Həşimovun ölümü ilə müqayisə ediblər.

Yeri gəlmişkən, 1905-ci ildə gürcü dövlət xadimi Mixail Aleksandroviç Nakaşidze də daşnaklar tərəfindən öldürülmüşdü. Nakaşidzenin qatili – Drastamat Kanayan (general Dro) daha sonra ermənilərin qəhraman saydığı Qaregin Njde ilə birgə nasistlərə xidmət etmişdi. Yəni belə getsə, Gürcüstandakı erməni təxribatçıları türk və azərbaycanlı hərbçilərin öldürülməsi ilə bigə, Nakaşidzenin də ölümünü bayram edəcək.

General Camal Paşanın Gürcüstan ərazisində öldürülməsini xatırladan ermənilər həyasızcasına -“biz kimi düşmən hesab ediriksə, onu öldürəcəyik” işarəsi verirlər. Yəni bu, yalnız Türkiyə və Azərbaycana yox, həmçinin Gürcüstana verilən mesajdır. Hansı ki, 98 il bundan əvvəlki erməni terror aktını 3 gün əvvəl Tiflisin mərkəzində keçirilən aksiyada dilə gətirməklə, gürcülərə keçmişdə də bu ölkədə “söz sahibi” olduqlarını xatırlatmaq istəyiblər.

Təbii ki, ermənilərin bu cür separatçı əməlləri Cənubi Qafqazda dağıdıcı müharibənin açarı ola bilər. 1922-ci ildə Camal Paşanın öldürülməsi göstərdi ki, Tiflisdə Sovet Gürcüstanı, hətta “Qırmızı Ordu” deyil, erməni terrorçuları hakimdir. Bu, yuxarıda qeyd etdiyimiz kimi, ermənilərin hazırda “Gürcüstanın sahibi” roluna iddialı olduğunun göstəricisidir. Xüsusilə, onu da nəzərə alsaq ki, Tiflisdə və separatçılığa yoluxmuş Axalkalakidə çoxminlik erməni mitinqi eyni zamanda keçirilib.

Son bir həftədə Azərbaycan gündəmi Ermənistana Serbiyanın Gürcüstan üzərindən silah ötürməsi ilə məşğuldur. Əslində, Rusiyanın Ermənistana etdiyi silah təchizatı Serbiyanın satdığı silahlardan qat-qat çox olsa da, onu fərqli edən tərəfdaşlığın zərbə altına qoyulmasıdır. Həm də Azərbaycanın bu ölkəyə etdiyi yardımlardan sonra. Ən ağrılı olan və Azərbaycan dövlətinə və insanına toxunan isə Gürcüstanın ölkəmizin hesabına iqtisadiyyatını dirçəltdiyi, 2008-ci il qısamüddətli rus-gürcü müharibəsində onu tək qoymayan və müdafiə edən tək qonşu ölkənin – Azərbaycanın maraqlarının üstündən adlayıb, ona arxadan zərbə vurmağa təşnə olmasıdır.

İndi region hər an dağıla bilən karton evin vəziyyətindədir. 2008-ci il avqust müharibəsindən sonra Rusiyanın aqressiyası gürcü ərazilərinin işğalı ilə ləğv olundu. Bu işğalda isə, həmişə olduğu kimi, erməni lobbisinin, o cümlədən Rusiya XİN-in başçısı Sergey Lavrovun xüsusi rolu oldu.

Bu arada, Rusiyalı jurnalist M.Şevçenko “Osoboye mneniye” verilişində Rusiyanın rəsmi Tiflisin boynuna Ermənistana hərbi yüklərin göndərilməsi üçün koridor təmin etmək öhdəçiliyi qoyduğunu iddia edib. Əgər avqust müharibəsindən sonra belə bir razılaşmanın digər ləğv olunmuş rus-gürcü razılaşmaları sırasında olmaq ehtimalı varsa da, Lavrov-Kalantaryanı istənilən qüvvəsini itirmiş razılaşmanı öz xeyrinə yozmaq və tətbiq etməkdən heç nə saxlaya bilməz. Hansı ki, Tovuza hadisələrində ermənilərə ötürülən silah karvanı zamanı bunu gördük.

Doğrudur, Gürcüstanın bu hərəkəti onun etibarlı müttəfiq kimi gözdən salınmasına yönəlmişdi və ictimai rəydə kifayət qədər də öz yerini tutdu. Amma strateji ortaqlığa yaraşmayan bu münasibət ən əvvəl Gürcüstanın özü üçün təhlükə vəd edir. İlk öncə ona görə ki, Azərbaycan bölgədən keçən kəmərlərdən və onların təmin etdiyi gəlirlərdən nə qədər asılıdırsa, Gürcüstan da o qədər asılıdır. Rusiyaya itaət edib, ona heç bir iqtisadi xeyir verməyən Ermənistanın naminə bölgədəki infrastrukturu təhlükə altına qoymaq ən azı məsuliyyətsizlik və “öz oturduğu budağı kəsməkdir”.

Ölkəsinin ərazi bütövlüyünə birbaşa təhdidlər sovuran, Samtsxe-Cavaxetiyaya iddialar irəli sürən erməni lobbisinin qarşısında dura bilməyib, rus təzyiqi ilə serb silahına yol verən gürcü hakimiyyətinin siyasi səriştəsizliyi ortadadır. Bu isə Saakaşvili Gürcüstanı ilə indiki Gürcüstanı bir-birindən xeyli fərqləndirir.

Ən əsası, “hərbi koridora” daimi yaşıl işıq yandırmaq gələcəkdə gürcü dövlətçiliyinin də sonun gətirə bilər. Çünki Gürcüstanın erməni-rus birliyi qarşısında Samtsxe-Cavaxetiyanı itirmə təhlükəsi hər an reallaşa, hətta onun açdığı bu koridor işğal altında olmayan ərazilərə qədər də genişlənə bilər.

Təbii ki, planları üçün münbit şəraitin yarandığını görən “Cavakx” erməniləri hər an öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edə bilərlər. Bütün bu gedişat isə Abxaziyada “rus ordusu”nun əməliyyatları kimi qələmə verilən gürcülərin genosidi və etnik təmizləməsinə gətirib çıxara bilər. Onsuz da ermənilərin çoxdan Gürcüstanın bütün ərazisinə iddiaları var və rəsmi olaraq dörd yüz altmış beş gürcü kilsəsinə sahiblənmək istəyirlər. Hər yerdə bəyan edirlər ki, Tiflisi və digər gürcü şəhərlərini “ermənilər hələ gürcülər gəlməmişdən əvvəl tikiblər”. Odur ki, bu iddialar rəsmi Tiflis üçün bir daha gözdən keçirilməlidir. Əks halda, çox gec olacaq…

Ülviyyə ŞÜKÜROVA, Hurriyyet.org