Keçmiş deputat Rəfael Cəbrayılov məhkəmədə jurnalistləri görmək istəmir - HAKİM VƏKİLƏ XATIRLATDI Kİ…

Baxış sayı:
3451

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.  Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında sabiq deputatın anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclasında zərərçəkmiş Müşfiq Orucov, Mələhət Qurbanova və Anar Əliyevin nümayəndələri  iştirak ediblər.

Sabiq deputatın vəkili Tərlan Azayev məhkəməyə müraciət edərək audio və videoçəkilişlərin aparılmamasını və mətbuat nümayəndələrinin zaldan çıxarılmasını istəyib. Hakim məhkəmənin açıq keçirildiyini, lakin audio və videoçəkilişlərin icazə verilmədiyini müdafəçinin diqqətinə çatdırıb.  Daha sonra vəkil cinayət işi ilə tanış olmaü üçün məhkəmədən vaxt istəyib. Hazırlıq iclası iyunun 24-dək təxirə salınıb.

Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməkdə ittiham olunur. Onun barəsində istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

İstintaqın gəldiyi qənaətə görə Rafael Cəbrayılov deputat olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət sənədi alacağı barədə yalan vəd verib. Bu adla həmin vətəndaşdan 240 min manat alıb və onu “şəxsi ehtiyaclarına” sərf edərək mənimsəyib.

Qeyd edək ki, əslində Rafael Cəbrayılovun əməllərindən ziyan çəkənlərin sayı daha çoxdur, onun bir çox şəxslərə milyonlarla manat “atdığı” bildirilir. İş üzrə zərərçəkənlərdən biri də “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatıdır. Cəbrayılov ondan “yarımçıq qalmış binanın tikintisi” adı altında yüz minlərlə manat alıb və qaytarmayıb. R.Cəbrayılov mandatını girov qoyub sələmçidən borc götürməsi və daha sonra qaytarmaması qalmaqalı ilə də məşhurdur./virtualaz.org