“KREMLİN MODERATORLUĞUNDAN KƏNARDA NƏLƏRSƏ BAŞ VERİR…” - "Zəngəzur dəhlizinin açılmasından Rusiya və Ermənistan da qazanacaq"

Baxış sayı:
313

"Bu gün Ermənistan parlamentində növbədənkənar iclas keçirilir. Gündəlikdə cəmi iki məsələ var: Ermənistanın yeni inzibati-ərazi bölgüsü və yerli önüidarərtmənin, yerli icmaların gücləndirilməsi. Paşinyana müxalif olan qüvvələr iclası boykot edirlər və deyirlər ki, Paşinyan Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır, bu dəyişikliklər gələcəkdə imzalanacaq sülh sazişinə, həm də Zəngəzur məsələsinə görədir".

Bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyana müxalif qüvvələr bu qanun dəyişikliklərini "xəyanət" adlandırıblar: "Qanunlar qəbul olunsa tərcümə edib oxuyardıq, görək nə məsələdir. Amma son zamanlar bəzi məlumatların dolaşması onu deməyə əsas verir ki, Kremlin moderatorluğundan kənarda nələrsə baş verir, rəsmi Tbilisinin vasitəçiliyi ilə danışıqların olduğu ehtimal olunur. Əgər birbaşa təmaslar varsa və ya yaranacaqsa, bunu ancaq alqışlamaq lazımdır. İlham Əliyevlə Paşinyanın Tbilisidə birbaşa görüşü, təması olsa, bu, bölgəmizdə sülhə və dayanıqlı inkişafa ciddi tövhə verə bilər".

Natiq Cəfərli hesab edir ki, əgər paralel olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın görüşü baş tutsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması, münasibətlərin yaranması baş versə, bu da bölgəmiz üçün, həm də Azərbaycan üçün çox vacib addım olacaq: "Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, iqtisadi münasibətlərin qurulması üçün artıq heç bir maneə qalmayıb. Bir tək Zəngəzur dəhlizi ilə bağlı ümumi məxrəcə gəlmək lazımdır, bu yol isə mütləq açılacaq. Çünki, dəhlizin açılmasından tək Azərbaycan və Türkiyə deyil, hamı, o cümlədən Rusiya və Ermənistan da qazanacaq. Türkiyənin Ermənistanda iqtisadi mövcudiyyəti və iqtisadi təsirlərinin artması Azərbaycan üçün ancaq müsbət nəticələr verə bilər".