“MEHRİBAN DOLANIRDILAR, TƏSADÜF NƏTİCƏSİNDƏ FACİƏ BAŞ VERİB…” - Arvadını öldürən hakimin qaynatası və qaynanası onu bağışlayır

Baxış sayı:
7034

Sabunçu rayon məhkəməsinin keçmiş hakimi, həyat yoldaşını odlu silahdan atəş açaraq öldürməkdə təqsirləndirilən  Fəqan Əhmədov cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə əvvəlcə jurnalistləri buraxmaq istəməyiblər, daha sonra qərar dəyişib və prosesin başlamasına təxminən yarım saat qalmış KİV nümayəndələrinin zala daxil olmasına icazə verilib.

Xatırladaq ki, bu  qətl hadisəsi 2021-ci il mayın 30-da gecə saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində baş verib. F.Əhmədov “aralarında yaranmış mübahisə zamanı” özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb. F.Əhmədova Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prosesdə zərərçəkmişin hüquqi varisi, mərhum Pərvanə Əhmədovanın atası Süleyman Quliyev dindirilib.  Mərhumun atası övladının ölümünün “təsadüf nəticəsində” baş verdiyini deyib: "Həmin gecə qızımın ailəsində bədbəxt hadisə baş verib. Övladım dünyasını dəyişib. Balaları başsız qalıb. Bu, təsadüfən baş verən faciədir. Mən də, həyat yoldaşım da xəstə adamlarıq nəvələrimizi böyütmək, onlara baxmaq gücündə deyilik".

Zərərçəkmiş S.Quliyev kürəkəni ilə qızının mehriban dolandıqlarını,  aralarında normal münasibətlərin olduğunu deyib. Mərhumun atası kürəkənini bağışladığını bildirib: "Məhkəmədən xahiş edirəm ki, Fəqan Əhmədovun tezliklə üç övladının yanına qayıtmasına görə ailəmizə köməklik edəsiniz. Ümid edirəm ki, Fəqan övladlarına sahib duracaq. Mənim Fəqana qarşı heç bir şikayətim, tələbim yoxdur".

Lakin həmin “təsadüfün” necə və hansı şəraitdə baş verdiyi barədə keçmiş hakimin qaynatası heç nə danışmayıb.

Daha sonra prosesdə şahid qismində mərhumun anası Mətanət Quliyeva ifadə verib. O da  qızının həyat yoldaşı ilə mehriban yaşadıqlarını, ailəsində heç bir münaqişənin olmadığını, kürəkənini oğlu qədər istədiyini deyib: "Mənim qızım heç vaxt Fəqandan şikayət etməyib. O, mənim böyük oğlum kimidir. Bu, təsadüfən baş vermiş hadisədir. Hadisədən bir neçə saat əvvəl, axşam təxminən saat 10-da Pərvanə ilə telefonda danışdıq. Mənimlə gülə-gülə danışırdı. Gecəyarısı zəng gəldi. Fəqanın qohumu idi deyəsən. Mənə dedilər ki, bağa gələ bilərsiniz? Dedim, gələrəm. Yoldaşıma da dedim ki, Fəqan bizi bağa çağırır. Bağa gedəndə gördük ki, yoxdular. Zəng elədim, dedilər ki, Həzi Aslanovdakı evdəyik. Ora çatanda bildik ki, belə bir hadisə baş verib".

M.Quliyeva ifadəsinin davamında göz yaşlarını saxlaya bilməyib və məhkəmədən F.Əhmədovun bağışlanmasını xahiş edib: "Ölən mənim qızımdır. Hər kəsin başına gələ bilər. Heç kim istəməz ailəsində belə bir bədbəxt hadisə baş versin. Fəqan mənim fəxrim olub. Onu bağışlayıram, günahsız olduğunu bilirəm".

Sabiq hakim məhkəmədən 14 yaşlı oğlunun prosesdə dindirilməməsini xahiş edib: "Oğlum keçid dövrünü yaşayır, 14 yaşı var. İstintaq zamanı yeniyetmə uşağı 3 müstəntiq 8 saat dindirib. Bundan sonra vəkilim onu psixoloq yanına aparıb. Onun bu emosiyaları təkrar yaşamasını istəmirəm. Məhkəmədən bu xahişimi nəzərə alınmasını, oğlumun istintaqdakı ifadəsinin məhkəmədə elan olunmasını xahiş edirəm".

Vəsatət hazırkı mərhələdə baxılmamış saxlayıb.

 

Keçmiş hakim ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və hadisənin təsadüf nəticəsində baş verdiyini deyib.

Məhkəmədə növbəti ifadə verən F.Əhmədovanın anası Səmayə Əhmədova olub. S.Əhmədova ifadəsində oğlu Fəqan Əhmədovun öz savadı, biliyi sayəsində bu səviyyə gəlib çıxdığını deyib: " Oğlumla gəlinim mehriban dolanıblar. Gəlinim həyalı, abırlı biri idi. Pərvanə mənə gəlin yox, qızım kimi olub. Dörd ilə yaxın bir evdə yaşamışıq. Aramızda heç vaxt narazılıq olmayıb. Hadisə günü gecə Fəqan mənə zəng elədi, dedi ki, ana, gəl uşaqların başında dur, başımıza daş düşdü. Mən də qorxdum.

Kiçik oğlum Kənana zəng vurdum, dedim ki, Fəqan zəng edib, belə deyir. Sonra oğlum zəng edib dedi ki, bağa getməliyik. Oğlumla bağa gedəndə gördüm ki, həyətdə polislər var. Yol boyu yalvarırdım, dua edirdim ki, ay Allah, bircə salamatçılıq olsun. Polisləri görəndə bildim ki, nəsə faciə baş verib"

Hadisənin başvermə səbəbi haqda suala cavab verən S.Əhmədova hələ də buna cavab tapa bilmədiyini deyib:"İnanın ki, bu suala cavab tapa bilmirəm. Çünki heç bir səbəb olmayıb. Əgər mən bilsəm ki, Fəqan hansısa bir səbəbə görə Pərvanəni vurub, mən bir ana kimi onu hrç vaxt bağışlamaram. Çünki bir insan kimi Pərvanənin də yaşamaq haqqı var idi".

Məhkəmə prosesi sentyabrın 16-da davam edəcək.

İ.Rafiqqızı