Doğrudanmı bütün vəkillər dələduzdurlar? - ASLAN İSMAYILOV YAZIR

Baxış sayı:
85

Son günlər Azərbaycanda vəkillik institutuna qarşı sanki təşkil olunmuş bir kampaniya var. Bu yazımda məqsədim bütün vəkilləri yox, vəkillik institutunu müdafiə etməkdir.

Bugünkü vəkillik institutu da mənim arzu etdiyim deyil. Ancaq əvvəlki dövrlərə baxdıqda bu gün vəkillik institutunda xeyli dəyişiklik var. Əgər 10 il bundan əvvəl ölkə üzrə cəmi 300–500 vəkil var idisə, bu gün onların sayı 3 mindən çoxdur. Əvvəllər vəkillik institutunda hüquq-mühafizə orqanlarından qovulmuşlar, yaxud bu orqanlarda özlərinə iş tapmayanlar çalışırdılar. Bu gün isə, əksinə, hüquq-mühafizə və məhkəmə orqanlarında işləyən ən savadlılar belə öz ərizələri ilə işdən gedib vəkillik edirlər. Bundan başqa, bu gün imtahan vermədən heç kim vəkil ola bilməz. Vəkilliyə qəbul imtahanlarına salınan suallar isə başqa imtahanlardakı suallara nisbətən daha çətindir.

Bu gün vəkillərin daha ciddi başqa problemi də var. Onlar vətəndaşların müdafiəsi üçün ən yüksək rütbəli hakimiyyət mənsubları ilə qarşı-qarşıya gəlirlər. Azərbaycanda isə qanunu müdafiə etmək hakimiyyət təmsilçiləri üçün az qala dövlət çevrilişi etməkdir, çünki məmurlar özlərini az qala dövlət hesab edirlər. Bu gün, əgər say nisbətində götürsək, məhkəmə, prokurorluq, polis və icra orqanlarında qanun pozuntusuna yol verənlər vəkillərdən qat-qat çoxdur. Sadəcə, onların qanun pozuntularına görə əksər hallarda cinayət işləri qaldırılmır və onları öz ərizələri ilə vəzifələrindən azad edirlər.

Başqa bir problem də ondadır ki, Azərbaycan mətbuatı məmurların qanunsuz əməlləri haqqında məlumatları vəkillərlə bağlı məlumatlar kimi tirajlamır.

Bəli, vəkil peşəsində çalışanlar da cəmiyyətin üzvləridirlər və onlar da kobud qanun pozuntularına, cinayətlərə yol verirlər. Ancaq bu, mətbuatın şişirtdiyi kimi, heç də bütün vəkillərə aid deyil. 3 min vəkilin sırasında yüzlərlə öz peşəsinə sadiq, qanunun aliliyini təmin edən, peşəsinə vicdanla yanaşan vəkil var. Son dövrlər həbs olunan vəkilləri də müdafiə etmək fikrim yoxdur. Əksinə, “vəkil dəllal olmamalıdır” dediyimə görə əksər vəkillər məndən inciyirlər.

Bu gün həbs olunan vəkil Elçin Əmirovun qanunsuz əməlini hələ 2012-ci ildən bilirəm. O, əvvəllər Səbail Rayon Məhkəməsində məhkəmə icraçısı işləyirdi. Həmin vaxtlar Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov tapşırıqla vəkillikdən xaric olunmağım üçün haqqımda akt tərtib etmişdi ki, guya mən məhkəmə binasına qanunsuz daxil olmuş, polisin məni dayandırmaq tələbinə tabe olmamış və onu təhqir etmişəm. Həmin aktı imzalayanlardan biri də həmin bu Elçin idi. Mən o vaxtlar bütün məhkəmələrə müraciət elədim və hər birindən xahiş etdim ki, Elnur Həsənovun böhtanını ifşa etmək üçün məhkəmə zalında, ondan sonra polisin oturduğu otaqda, ikinci mərtəbənin girişində, bir də hakimin otağının qarşısında olan kameraların görüntüləri yoxlanılsın. Bundan başqa, hakimin otağında da o vaxtlar içəridən açılıb-bağlanan elektrik qapı var idi və mən onun icazəsi olmadan otağına daxil ola bilməzdim. Tapşırıq olduğuna görə cavab gəldi ki, guya o kameraların görüntüləri saxlanılmayıb. Elçin o vaxt bütün məhkəmələrə gəlib Elnur Həsənovun dediklərini təsdiq elədi və məni vəkillikdən xaric elədilər. 2012–2022-ci illərdə vəkillik edə bilmədim. Xüsusilə vurğulayım ki, bu prosesləri Ramiz Mehdiyevin göstərişi ilə həyata keçirirdilər. Bu hadisədən qısa zaman sonra Elnur Həsənov mənə qarşı göstərdiyi canfəşanlığa görə Bakı Apellyasiya məhkəməsinin hakimi təyin edildi. Növbəti illərdə isə yenə saxta ittihamlarla barəmdə 3 cinayət işi açdılar, ölkədən çıxışıma məhdudiyyət qoydular və Əli Həsənovun nəzarətində olan mediadakı məxluqlar (təhqirə yol vermədən uyğun ifadə tapa bilmədim) vasitəsilə məni çərlətməyə çalşdılar. Sonrakı hadisələr bir daha məndə olan Allaha, Haqqa, Ədalətə olan inamımı daha da artırdı. Bu murdarlıqda iştirak edənlərin əksəriyyəti indi zəlil gündədir. Həmin dövr də, bu gün də mən onların hamısını Allaha tapşırmışam.

Yekunda bir daha demək istəyirəm ki, vəkil Elçin Əmirovun əməlində cinayət tərkibi varsa, həbs olunmalı və cəzasını da almalıdır. Belələrini də müdafiə etmək fikrim yoxdur və belələri elə bu günün özündə də hələ vəkillər sırasında çoxdurlar. Ancaq bu o demək deyil ki, ictimai fikirdə az qala bütün vəkillər dələduz kimi təqdim edilsinlər. Xüsusilə gənc hüquqşünaslara müraciət edib demək istəyirəm ki, çalışın haqqı nahaqqa verməyin. Bilin ki, o dünyada yox, elə bu dünyada etdiyiniz bütün əməllər sizin özünüzə qayıdacaq.

Foto: süni intellekt vasitəsilə hazırlanıb. Solda hakim Elnur Həsənov və mənim şərləndiyim Səbail Rayon Məhkəməsinin kabinetinin qapısı, sağda isə vəkil Elçin Əmirov əks olunublar.

Aslan İsmayılov