Pasiyent reanimasiya şöbəsində UNUDULDU - Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat faciəsi

Bakı sakini Hacıyev Rövşən Elşən oğlu, anası Hacıyeva Kifayət Akif qızının beynində şiş diaqnozu ilə keçirilən əməliyyat nəticəsində ölümcül vəziyyətə düşməsi ilə bağlı aidiyyəti qurumlara və ictimaiyyətə müraciət edib. Onun sözlərinə görə, Neyrocərrahiyyə xəstəxanasında baş verən həkim səhlənkarlığı, yalan məlumatlandırma, qeyri-peşəkar yanaşma və maliyyə istismarı pasiyentin həyatını təhlükə altına atıb.
Rövşən Hacıyev müraciət edərək bildirir ki, 10 sentyabr 2025-ci il tarixində anası "Appro Hospital"da neyrocərrahlar Verdiyev Nazim və Hüseynzadə Elşən tərəfindən əməliyyat olunub. Əməliyyatdan əvvəl Verdiyev Nazim ailəyə cərrahiyyə müdaxiləsini şəxsən özü aparacağını və əməliyyatın 100% uğurlu keçəcəyini vəd edib. Lakin sonradan məlum olub ki, həkim Nazim artıq 7 aydır pensiyada olub və əməliyyatı əslində ailənin tanımadığı Hüseynzadə Elşən icra edib.
Ailə əməliyyata görə dövlət sığortası ilə yanaşı, əlavə olaraq 3000 AZN qeyri-rəsmi şəkildə həkimə ödədiyini bildirir. Əməliyyat zamanı baş verən kobud səhvlər nəticəsində pasiyentin şah damarı zədələnib və beyin insultu (işemiya) baş verib. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsində sahibsiz vəziyyətdə buraxılıb, həkimlər isə xəstəxananı tərk ediblər.
Yalnız ailənin ciddi narazılıqlarından sonra həkimlər gecə saatlarında geri dönüb, növbəti gün yeni bir əməliyyat həyata keçiriblər. Pasiyent 19 gün "Appro Hospital"da qaldığı müddətdə vəziyyəti nisbətən stabilləşsə də, xərc yükünün artması və həkimlərin sonrakı müalicə xərclərini qarşılamaqdan imtina etməsi səbəbilə, 29 sentyabr 2025-ci ildə pasiyent onların israrı ilə Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.
Yeni xəstəxanada vəziyyət daha da pisləşib. Hacıyev bildirir ki, buradakı həkimlər – xüsusilə şöbə müdiri və müalicə həkimi Əliyeva Rəna tərəfindən səhlənkarlıq, antisanitariya və kobud münasibət pasiyentin vəziyyətini kritik hala çatdırıb. Tibb bacıları xəstə sahiblərinə qarşı hədə-qorxu gəlib, baxım üçün gündəlik 20 AZN tələb ediblər. Bundan əlavə, dövlət xəstəxanası olmasına baxmayaraq, dərmanlar üçün 80-100 AZN tələb ediblər. Nəticədə ailə hər şeyi şəxsi vəsaiti ilə almağa məcbur qalıb.
Bir həftə sonra, 7 oktyabr 2025-ci ildə, ailə pasiyenti yenidən "Appro Hospital"a yerləşdirib. Hazırda xəstə ağır vəziyyətdədir və həyatını xilas etmək üçün təcili əməliyyata və yüksək səviyyəli müalicəyə ehtiyac var. Ailə isə maddi baxımdan tam tükəndiyini bildirir.
Hacıyev Rövşən səlahiyyətli qurumlardan, xüsusilə ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevadan, məsələyə dərhal müdaxilə etməyi, günahkar həkimlərin cəzalandırılmasını və ailəyə dəymiş maddi və mənəvi zərərlərin ödənilməsini xahiş edir.
"İnsan həyatını heçə sayan bu şəxslər məsuliyyətə cəlb edilməlidir. Biz ailə olaraq çarəsiz vəziyyətdəyik. Xahiş edirik, bu səhlənkarlığa göz yumulmasın,” – deyə müraciətdə bildirilir.
Xeberle.com