PREZİDENT 86 MİLYONA YAXIN VƏSAİT AYIRDI - Onlara bu işləri görməyi tapşırdı... / Yenilənib

Baxış sayı:
292

Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur.

"AzPolitika" xəbər verir ki, aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8.876.210,0 (səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşılıb.

Eyni zamanda Prezidentin Sərəncamı ilə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı tərtib edilib və qurumlar arasında iş bölgüsü aparılıb.

Belə ki, tədbirlər planına əsasən, işlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərişıq ASC arasında bölüşdürülüb.

Sənədə əsasən, Fövqəladə Hallar Nazirliyi sel nəticəsində zərər görmüş ərazilərdə ümumilikdə 52 fərdi yaşayış evinin yenidən tikilməsi işi tapşırılıb. Bu işlər əsasən Xaçmaz, Quba, Şabran, Siyəzən, Qusar və Xızı rayonlarını, eləcə də Bakı şəhərini əhatə edir.

Paytaxt üzrə sosial dəstək tədbirləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. Keşlə qəsəbəsində çirkab suların təsirinə məruz qalmış 61 evin təmiri, sakinlərə maddi yardım göstərilməsi, həmçinin onların 3 aylıq kirayə xərclərinin ödənilməsi planlaşdırılır. Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 "b" ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə də birdəfəlik maddi yardım ödəniləcək.

Su infrastrukturu ilə bağlı əsas işlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə olunub. Agentlik tərəfindən kanal və kollektorların təmizlənməsi, çökmüş xətlərin bərpası, mühafizə bəndlərinin tikintisi, eləcə də nasos stansiyalarının və digər avadanlıqların yenilənməsi həyata keçiriləcək.

Yol infrastrukturunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılacaq. Müxtəlif rayonlarda yolların çökmüş və sürüşmə baş vermiş hissələri bərpa olunacaq, körpü və borular yenidən tikiləcək, yol örtüyü yenilənəcək.

Elektrik təchizatı sahəsində yaranmış problemlərin aradan qaldırılması isə “Azərişıq” ASC-yə tapşırılıb. Qurum tərəfindən zədələnmiş elektrik xətləri, yarımstansiyalar və transformator məntəqələri bərpa olunacaq, enerji təchizatı sabitləşdiriləcək.