Qırğızıstan və Tacikistan prezidentləri sərhəddəki vəziyyəti müzakirə etdilər - YENİLƏNİB

Baxış sayı:
426

Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistanın dövlət başçısı Emoməli Rəhmon iki ölkə sərhədindəki münaqişənin sülh yolu ilə həll edilməsi barədə razılığa gəliblər.

Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iki prezident arasında telefon danışığı zamanı ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında yaxşı qonşuluq ruhunda konstruktiv dialoq baş tutub.

"Prezidentlər dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində gərginliyin mümkün qədər tez aradan qaldırılması üçün tədbirləri müzakirə ediblər. Onlar mövcud vəziyyətin yalnız sülh yolu ilə həll edilməsi, bu ilin may ayının ikinci yarısında Düşənbədə üz-üzə görüş barədə razılığa gəliblər", - məlumatda vurğulanıb.

**17:27

Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 31-ə çatıb, 154 nəfər yaralanıb.

Bunu ölkə səhiyyə nazirinin müavini Eliza Soltonbekova mətbuat konfransında deyib.

"Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada yaralıların sayı 154 nəfərə çatıb, 31 nəfər ölüb”, - o deyib.

Nazir müavininin sözlərinə görə, zərərçəkənlərin 121 nəfəri mülki şəxslərdir.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələri sakinləri arasındakı qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib. Toqquşma altı saatdan çox davam edib. Tərəflər atəşkəs və qüvvələrin sərhəddən çəkilməsi barədə razılığa gəlsələr də, bu gün atışmanın olması barədə məlumatlar yayılıb./virtualaz.org