Soydaşlarımız Qarabağ savaşına həsr olunan videomaterial hazırladı - KANADADA

Baxış sayı:
616

İkinci Qarabağ savaşının başlaması Azərbaycanda olduğu kimi, ölkəmizdən kənarda da böyük əks-sədaya səbəb olmuşdu. Dünyanın harasında yaşamasından asılı olmayaraq, soydaşlarımız Azərbaycan Ordusunun Vətən müharibəsində qalib gəlməsi üçün əlindən gələni əsirgəmir, hətta ölkəyə qayıdıb, savaşa qatılmağa hər an hazır olduqlarını bəyan edirdilər. Məhz bu həmrəyliyin nəticəsi idi ki, hərbçilərimiz cəmi 44 gün ərzində düşməni diz çökdürdü və nəticədə Ermənistanın Baş naziri 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına qol çəkməyə məcbur oldu.  
Lakin təəssüflə qeyd etməliyik ki, bütün müharibələrdə olduğu kimi, Azərbaycanın bu savaşdakı qalibiyyəti də itkisiz başa çatmadı və xalqımız 2907 şəhid verməklə yanaşı, çox sayda gəncimiz öz sağlamlığını itirdi. Məhz bunun nəticəsi idi ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə artıq hər il sentyabrın 27-si Azərbaycanda  Anım günü kimi qeyd ediləcək. Təbii ki, təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda yaşayan soydaşlarımız da bu il 27 sentyabr tarixini Anım günü kimi qeyd etdilər. 
Onu da qeyd edək ki, sentyabrın 27-də Bakıda Prezident İlham Əliyevin birbaşa iştirakı ilə dövlət səviyyəsində keçirilən Anım mərasiminin ardınca Azərbaycandan kənarda yaşayan soydaşlarımız da şəhidlərimiz yad etməkdədirlər. Onlar müxtəlif toplantılarla, hazırladıqları videomateriallarla Azərbaycanda başladılan tədbirlər silsiləsini davam etdirirlər. 
Qafqaz.media xəbər verir ki, bu təşəbbüsə Kanadada yaşayan soydaşlarımız da qoşulmuşlar. Belə ki, Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü əsasında ingilis dilində 27 sentyabr – Anım gününə həsr olunmuş videomaterial hazırlanıb. Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan “Patriotic War - Operation “Iron Fist”” (“Vətən müharibəsi – “Dəmir yumruq” əməliyyatı”) adlı videomaterialda 2-ci Qarabağ müharibəsi haqqında ətraflı məlumat verilib. Videomaterialda 44 günlük müharibənin Ermənistanın 12 iyul 2020-ci il tarixində Azərbaycanla dövlət sərhədində silahlı təxribata əl atmasından və 27 sentyabr 2020-ci il tarixində bütün təmas xətti boyu Azərbaycana genişmiqyaslı hücuma keçməsindən sonra başlamasından söz açılır. Materialda münaqişənin 1988-ci ildə Xankəndidə baş verən hadisələrlə alovlandırılması, orijinal müharibə kadrları, işğalın xəritə üzərində nümayişi, azərbaycanlıların qaçqın düşməsi, Minsk qrupunun nəticəsiz fəaliyyəti, eləcə də hərbi təxribatın qarşısını almaq məcburiyyətində qalan Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildiyi və düşməni sülhə məcbur etmək üçün “Dəmir yumruq” planının uğurla həyata keçirildiyi təsvir edilir. Bir sözlə, münaqişənin başlanğıcından sonuna kimi olan hadisələr sadalanır. 
44 günlük müharibənin Azərbaycan xalqının, ordusunun, dövlətinin, prezidentinin əzmi nəticəsində qələbə ilə sonuclanmasının kadrlarla nümayişi xüsusi təsir bağışlayır. Türkiyə prezidenti R.T. Ərdoğanın Azərbaycan prezident İlham Əliyevlə Zəfər Paradını qəbul etməsi kadrları da dövlətin siyasi istiqamətinin vurğulanması baxımından önəm daşıyır. Həmçinin, hərbi ekspertlərin və dünya mediasının ordumuzun şəxsi heyətinin döyüş ruhu və bacarığı qarşısında heyrətlərini gizlədə bilmədiyi, hazırda işğaldan azad edilmiş Qarabağ torpaqlarında sürətlə tikinti-quruculuq işlərinin aparıldığı nəzərə çatdırılıb. 
Hansı ki, bu cür işlərin görülməsi dövlətimizin dünyay tanıtdırılması üçün önəmlidir. Bir daha deməliyik ki, "Birliyimiz Gücümüzdür".