“Almaniya Rusiyanın girovudur” - Trampın bu iddiası doğrudurmu?

“Almaniya Rusiyadan alınan enerjiyə görə milyardlarla pul ödəyir və artıq Moskvanın tam nəzarəti altındadır”, - ABŞ prezidenti Donald Tramp Brüsseldə keçirilən NATO toplantısı öncəsi özünün tvitter hesabına bunları yazmışdı.
“Bu iddianın hansısa əsası varmı” sualını qoyaraq Almaniyanın “Der Spiegel” qəzetinin yazarı Klaus Heking cavab tapmağa çalışıb.
Jurnalistin yazdığına görə, ümumi şəkildə götürdükdə Tramp Almaniyanın neft və qaz üçün Rusiyaya milyardlarla pul ödəməsi barədə söylədiklərində haqlıdır.
Həqiqətən Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, təkcə 2017-ci ildə AFR Rusiyadan təbii qaz və neft idxalına görə 19,8 milyard avro pul ödəyib.
Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına əsasən isə Almaniyada istifadə olunan təbii qazın 38%-i Rusiyadan idxal edilməkdədir. Üstəlik yeni “Şimal axını-2” qaz kəməri ilə almanlar birinci kəmərdəki qədər qaz alacaqlar.
“Lakin Almaniya hökuməti heç də Rusiyadan qaz alışının həcminin iki qata çıxarılmasında maraqlı deyil. Hökumətin burada əsas hədəfi sadəcə olaraq enerji mənbələrinin diversifikasiyasını həyata keçirməkdir. Məsələn, yeni koalisiya hökuməti ABŞ-dan alınacaq mayeləşdirilmiş qazın idxalını dəstəkləyəcəyini indidən açıqlayıb”, - yazıda bildirilir.
Müəllifin yazdğına görə, Almaniyanın ikinci ən böyük ixracatçısı Norveç hələ onillər boyunca Mərkəzi Avropanı təbii qazla təmin etmək qabiliyyətinə malikdir. Bu səbəbdən Trampın yaxın gələcəkdə Almaniyanın təbii qaz ehtiyacının 2/3-nin Rusiya tərəfindən qarşılanacağı barədə proqnozu tam olaraq həqiqətə uyğun gəlmir.
Bundan başqa təbii qaz Almaniya üçün enerji istehlakında 4-cü yeri tutur. Bərpa edilən və atom enerjisi, habelə daş kömür Almaniyanın enerji ehtiyaclarının 40%-ni təşkil edir. Bu sahələrdə isə Rusiyanın payı demək olar ki, yoxdur.
Rusiya Almaniyanın əsas neft idxalçısı sayılsa da alternativsiz deyil. Belə ki, Almaniya 23 ölkədən neft alır.
Doğrudur, Rusiyanın qaz, neft və kömür ixracatı Almaniyanın ehtiyaclarının 25%-ni qarşılamaqdadır. Bu isə əhəmiyyətli dərəcədə yer tutur. Lakin Almaniya bütün bunlara da artıq çarə tapmaqdadır.
Həm də nəzər almaq lazımdır ki, Almaniya da Rusiya üçün əsas idxalatçı hesab olunur. Almaniya ilə ticarət Rusiyanın bütün ticarət həcminin 8,6%-ni təşkil edir ki, bu da onu Çindən sonra ikinci böyük iqtisadi tərəfdaşa çevirib.
Rusiya özü hazırda Almaniyadan gətirilən yüksək texnologiyalı, ağır sənaye məhsullarının asılılığı altındadır.
Almaniyanın öz-özünü təmin edə biləcək təbii qaz anbarları, habelə Avropanın daxili sistemləri də mövcuddur. Köln Energetika Universitetinin hesablamalarına görə, Almaniya təbii qazdan heç bir defisit yaşamadan özünü ən azı 5 ay idarə də bilər.
“Bu səbəbdən belə, Almaniyanı girov götürmək rusiyalılıara görə deyil”, - müəllif belə bir nəticəyə gəlib.