“Bizim baş prokurorla bu məsələdə nəsə eləyə bilsəniz əla olar...” - HƏMİN TELEFON DANIŞIĞI AÇIQLANDI

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin barədə impiçment proseduru başlatmasının ardınca Ağ ev Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığının stenoqramını dərc edib.
Virtualaz.org xəbər verir ki, telefon danışığında Trampın Zelenskidən potensial rəqibi, keçmiş vitse-prezident Cozef Baydenin oğlu barədə təhqiqatın aparılmasını istəmişdi. Bu isə Konstitusiyanın pozulmasıdır, çünki hakimiyyətdə olan prezident öz rəqibinə qarşı təqibləri sifariş verir.
Xatırladaq ki, həmin telefon danışığını dinləyən kəşfiyyat zabiti Federal Təhqiatlar Bürosuna və Baş prokurora şikayət verib. Trampın telefon danışğında Cozef Bayden barədə kompromatların əldə edilməsini istədiyini, əgər belə olmasa ABŞ-ın Ukraynaya yardımını dayandıracağını bildirib.
Tramp isə iddia edirdi ki, telefon danışığının dinlənildiyini bilə-bilə hansısa ağılsızlığa yol verməzdi və Zelenski ilə danışıqlarda heç bir qanunsuz tələb irəli sürülməyib.
İndi Ağ ev telefon danışığının stenoqramını dərc edib. Hərçənd Konqresdə demokratlar əvvəlcədən bildirmişdilər ki, stenoqramın dərci onları qane etmir. Çünki bu, telefon danışığının redaktə edilmiş məzmununu əks etdirəcək və kəşfiyyat zabitinin şikayəti Konqresə təqdim edilməlidir.
Beləliklə, stenoqrama əsasən Tramp Zelenskini təbrik edir, onun uğurlu seçki kampaniyası apardığını qeyd edir. ABŞ-ın Ukraynaya çox kömək etdiyini, Almaniyanın və digər Avropa ölkələrinin isə dəstək söz versələr də yerinə yetirmədiklərini deyir.
Və 2016-cı il Amerika seçkilərinə müdaxilə edən “Fancy Bear” haker qrupunun serverinin Ukraynada olduğu, onların ukraynalı oliqarx tərəfindən dəstəkləndiyi haqda məlumatları yada salır.
“Mən istəyirəm ki, sizinlə və ya sizin adamlarla ABŞ baş prokuroru əlaqə saxlasın. Və mən istəyirəm ki, siz bütün bunların mahiyyətinə qədər qazasınız. Dünən gördüyünüz kimi bütün bu sərsəmləmə (Tramp-Rusiya gizli əlaqələrinə dair təhqiqat,-red.) Robert Müller adlanan adamın çox pis çıxışı ilə, çox qeyri-peşəkar çıxışı ilə yekunlaşdı. Lakin deyirlər ki, bunların çoxu məhz Ukraynadan başlamışdı. Əgər siz nəsə edə bilsəniz bu çox mühüm olardı, əgər mümkünsə”,-Tramp deyir.
Zelenski cavabında vəd edir ki, Trampın istədiyi təhqiqatı başladacaq. O, partiyasının parlamentdə səs çoxluğu əldə etdiyini və nəticədə baş prokurorun öz adamı olacağını deyir. Tramp bildirir ki, onun vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani və baş prokuror Uilyam Barr Zelenski ilə əlaqə saxlayacaqlar.
“Mən istəyirəm ki, onlar sizə zəng vursunlar. Mən ondan xahiş edəcəm baş prokuror Rudi ilə birlikdə sizə zəng vursun. Rudi baş verənlər haqda çox şey bilir, o çox ağıllı oğlandır. Əla olardı, əgər siz onunla danışsanız. Və Baydenin oğlu haqda. Bu barədə çoxlu söz-söhbət var, Baydenin istintaqı dayandırdığı deyilir və insanlar bununla bağlı məlumat əldə etmək istəyir. Siz baş prokurorla bu məsələ barədə nə isə edə bilsəniz çox gözəl olar. Bayden ətrafda istintaqı dayandırdığına görə lovğalıq edir… bunu araşdıra bilərsiniz?...Bu mənim qulağıma çox pis səslənir,” telefon danışığının stenoqramına əsasən Tramp deyib.
Telefon danışığının stenoqramında ABŞ-ın Ukraynaya yardımının dayandırılacağı haqda xəbərdarlıq yer almır. Lakin Tramp məhz Ukraynaya 295 milyon dollarlıq yardımı dayandırmaq qərarının ertəsi günü Zelenskiyə zəng vurub.
Cozef Baydenin oğlu Hunter Bayden Ukraynada bizneslə məşğul olub və qaz hasilatı şirkətində işləyib. Onun barəsində Ukraynada əvvəlki hakimiyyətin dövründə təhqiqatın aparıldığı bildirilsə də sonradan dayandırılıb.
Trampın Zelenski ilə telefon danışığının stenoqramı ilə rus dilində bu linkdə tanış olmaq mümkündür:(https://lenta.ru/articles/2019/09/25/truzel/)