Bu il məktəblərdə şagird sıxlığı olacaqmı - rəsmi mövqe

Baxış sayı:
2863

Bakı Şəhər üzrə Təhsil İdarəsi yeni məktəblərin tikildiyini deyir; bəs məktəblərdə növbəli tədris?

Bir həftə əvvəl ümumilikdə “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan artıq dəyişiklik edildi. Belə ki, bu ildən etibarən hər ilin sonunadək 6 yaşı tamam olanlar da valideynlərinin müraciəti əsasında məktəbə gedə biləcək.

Maraqlıdır, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 31 məktəbdə sıxlığın müşahidə olunduğunu nəzərə alsaq, bu qərar Bakı məktəblərində mövcud olan bu sıxlığı daha da artırmayacaq ki?

Bakı Şəhər üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirir ki, bu dəyişiklik məktəblərdəki şagird sıxlığına ciddi təsir etməyəcək: “6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların sayı I sinfə qəbul olunan şagirdlərin sayından o qədər də çox olmadığına görə məktəbdəki şagird sıxlığına ciddi təsir edəcəyi gözlənilmir. Qeyd edim ki, ötən il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu üzrə 1 640 nəfər müsabiqədən keçib. Bu isə  I sinfinə şagird qəbulunun ümumilikdə 4 faizini əhatə edir”.

Bəşarət Məmmədov ile ilgili görsel sonucu

Sektor müdiri onu da qeyd edir ki, hazırda şagird sıxlığının azaldılması üçün bəzi rayonlarda yeni məktəblər tikilir:“Sabunçu rayonu, Savalan yaşayış massivi və Yeni Yasamal yaşayış massivində yeni məktəbin tikintisi, həmçinin Binəqədi rayonu 179 nömrəli tam orta məktəb üçün yeni korpusun tikintisi davam edir. Bundan əlavə, ”2014-2016-cı illər Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramında Sabunçu rayonu Anaşkin küçəsi, Maştağa qəsəbəsi Subtropik sovxozu adlanan ərazi və B.Bağırov küçəsində, Sabunçu rayonu Zabrat-Kürdəxanı yaşayış massivi, Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq sovxozu, Qaradağ rayonu Qızıldaş qəsəbəsi Şonqar yaşayış massivində yeni məktəb binalarının tikilərək istifadəyə verilməsi nəzərdə tutulub".

Bakı məktəblərindəki mövcud şagird sıxlığına görə bir çox məktəblərdə 2, bəzən də 3 növbəli təhsil var. Təhsil eksperti Kamran Əsədov bildirir ki, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır: “Dünya təhsil təcrübəsinə görə deyə bilərəm ki,  birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Bu, həm də səhər saatlarında işə gedən valideynlərin uşaqları dərsə təhlükəsiz aparması və gətirməsi kimi məsələlərə də təsir göstərir. Pedaqoji araşdırmalara əsasən, qeyd edim ki, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günorta vaxtı. İbtidai siniflər üzərindəki uzunmüddətli müşahidələrim əsasında deyə bilərəm ki, səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur. İkinci növbədə isə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil oluna bilər. Bu baxımdan tədris müəssisələrinin birnövbəli olması daha məqsədəuyğundur”.

K.Əliyevin sözlərinə görə, ümumilikdə tədrisin ikinövbəli olmasının mənfi tərəfləri çoxdur: “Belə ki, şagird üçün gün yarıya bölünür. İkinci növbə dərs həm uşaqlara, həm də valideynlərə xoş təsir bağışlamır. Çünki valideynin iş qrafikində qarma-qarışıqlıq yaranır. Statistik göstəricilər əsasında deyə bilərəm ki, məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında müşahidə olunur. Valideyn həmin ərəfədə işdə olur və övladına nəzarət edə bilmir. Düzdür, uşaqların, əsasən də ibtidai siniflərdə təhsil alan şagirdlərin səhər saat 8-də dərsdə olması, onların oyanmasında çətinlik yaradır. Amma bu müvəqqəti olaraq baş verir. Şagirdlərin inkişafı üçün onların erkən oyanması vacibdir”.

Kamran Əsədov ile ilgili görsel sonucu

Təhsil eksperti hesab edir ki, sıxlıq yaşayan məktəblər bu problemlər üzrə növbəli etməklə həll edə bilərlər: “Belə ki, bir tədris ilində səhər saatlarında oxuyan şagirdlər, növbəti ildə günorta saatlarında dərsə getsinlər. Azərbaycanın ümumtəhsil məktəblərində yeni məktəblərin tikilməsi hesabına ikinövbəli təhsil sistemindən imtina etmək lazımdır. Düşünürəm ki, respublikanın bütün məktəbləri üzrə birnövbəli və beş günlük təhsil həftəsinə keçmək lazımdır. Bu, həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həm də vahid tədris müddətinin formalaşmasına gətirib çıxaracaq. Qeyd etdiyim məsələnin həll olunması üçün bu sahədə uzun müddət araşdırma apardım. Və qeyd olunun problemin həll olunması üçün 6500 yeni məktəb, 730 məktəb üçün korpuslar, 2000 məktəbin isə təmir etdirilməsi lazımdır. Son 10 il ərzində 3 min məktəbin tikiləsi və ya təmir edilməsi şagird sıxlığını kəskin şəkildə azaldıb”.

Təhsil Nazirliyindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilir ki, məktəblərdə ikinövbəli təhsil zərurətdən yaranır: “Biz də istəyərik məktəblərimizdə birnövbəli təhsil olsun. Amma vəziyyət belədir ki, məcburiyyətdən bir çox məktəblərdə ikinövbəli təhsil var”.