“Çörək tapmayan övladlarımın ağlaya-ağlaya gecələməsi məni param-parça edir” – QARABAĞ DÖYÜŞÇÜSÜNDƏN PREZİDENTƏ ÜRƏKSIZLADAN MÜRACİƏT

Baxış sayı:
2353

Mingəçevir şəhəri, Heydər Əliyev küçəsi 84, ev 14-də yaşayan könüllü Vətən müharibəsi iştirakçısı Paşazadə Elçin Yadigar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə ölkə başçısına müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!

Yazaraq Sizə bildirmək istəyirəm ki, mən Paşazadə Elçin Yadigar oğlu, 17 oktyabr 2020-ci il tarixdə könüllü olaraq Vətənin azadlığı uğrunda gedən döyüşlərə qatılmışam. N saylı hərbi hissənin tərkibində Cəbrayıl, Xocavənd və Laçın istiqamətində fəal döyüşmüşəm. 21 dekabr 2020-ci il tarixdə tərxis olunmuşam.
Mülki həyata geri qayıtdıqdan sonra, işsizliklə əlaqədər  Mingəçevir şəhər Məşğulluq Mərkəzinə müraciət etdim. Lakin "bizdə iş yoxdur"deyərək, elə “ağladılar” ki, həmin vaxtı üzərimdə pul olmasa da, az qala əynimin köhnə paltarını belə çıxarıb onlara verməyim gəldi.
Vətən müharibəsinə getməmişdən bir müddət öncə də, işlə təmin olunmaq üçün tez-tez getdiyim həmin Məşğulluq Mərkəzi əməkdaşları tərəfindən içəri qəbul belə edilmirdim.
Nəzərinizə çatdırmaq istəyirəm ki, nəhayət, bir neçə gün öncə “dərdimin çarəsini tapdım”, - deyib, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham Mehdixan oğlu İsmayılovun qəbuluna getdim. O da Məşğulluq Mərkəzi əməkdaşları kimi, "şəhərimizdə iş yerləri yoxdur", - deyə elə cavab verdi ki, bir anlıq özünün də işsizlikdən əziyyət çəkdiyi düşündüm.
Cənab Prezident!
Diqqətinizə çatdırmaq istəyirəm ki, ailəliyəm və iki azyaşlı övladım var. Qeyd etdiyim kimi, məni heç yerdə işə götürmürlər. Həmçinin, heç bir sosial yardım, müavinət və ya pensiya almırıq. Aylıq kommunal xərclər, özümün və həyat yoldaşımın maddi tələbatları bir yana, ata olaraq balalarıma gündəlik qarın dolusu yavan çörək belə tapıb yedizdirə bilmirəm. Sadəcə çörək istəyən və istədiyini tapmadığı üçün gözlərimin önündə ağlaya-ağlaya gecələyən övladların acısı məni param-parça edir. Axı, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı və ya Məşğulluq Mərkəzi kimi dövlət idarəsi nə üçün bizim halımızı görməzdən gəlirlər?
Mən üzümü Sizə tuturam. Sizin həm vətənpərvər rəhbər, həm də övladlarınıza qarşı qayğıkeş bir ata olduğunuz danılmaz həqiqətdir. Bu səbəbdən də atanın halını ata daha yaxşı anlayar. Sizdən çox xahiş edirəm, gündəlik maddi ehtiyaclarımızı qarşılamaq üçün işlə təmin olunmaqda mənə köməklik göstərəsiniz! Ümid edirəm ki, müraciətimi oxuduğunuz ilk andan etibarən, mənim məsələmlə bağlı tapşırıq verəcəksiniz! Uca Allah Sizi, xanımınızı və övladlarınızı qorusun!
Yuxarıda etdiyim çoxsaylı müraciətlərdən sonra dəfələrlə məni boş yerə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini qəbul edib, elə mənim yanımda Mingəçevir Məşğulluq Mərkəzinə tapşırıq vermişdir. Eyni zamanda demək olar ki, həftə boyu ən azı 5 dəfə özüm də Dövlət Məşğulluq Agentliyinin 20 saylı saylı Ərazi Məşğulluq Mərkəzi Filialına gedirəm. Artıq yaşamaqdan belə, bezmişəm. Bir ata kimi övladlarımın qarnını doydura bilmədiyim üçün utanıram. Özümü ən bədbəxt, çarəsiz ata kimi hiss edirəm. Artıq bu dərd-qəmdən qurtulmağın yeganə çarəsini intihar etməkdə görürəm. Həqiqətən də məni tezliklə işlə təmin etməsələr, intihar edəcəm. Əgər mən ölsəm, intihara səbəbkar İcra Hakimiyyəti və Məşğulluq İdarəsidir. Sizdən, bu dövlətin başçısı kimi çox xahiş edirəm, aclıqla mübarizə aparan övladlarımı himəyə edəsiniz, onlara atasızlığı unutdurasınız!
Sizə güvənirəm, mənə köməklik göstərəcəyinizə sonsuz ümidlər bəsləyirəm”.

Muxalifet.az
Redaksiyadan: Yazıda adlarıq eyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.