“Elektrik enerjisinin kəsilməsində istini səbəb kimi göstərmək gülüncdür” – ARDNŞ-in KEÇMİŞ PREZİDENTİ

“Azərbaycanda elektrik enerjisində yaranmış fasilə aradan qaldırılmaqdadır”.
"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib ki, artıq Bakı şəhərinə tam, regionlarda isə 80 faiz elektrik enerjisinin verilişi bərpa edilib.
Onun sözlərinə görə, Bakı metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. Bununla yanaşı Bakının içməli su ilə təchizatında yaranmış problem hələ də aradan qaldırılmayıb.
Turan agentliyinin məlumatına görə, elektrik enerjisinin verilməsində yaranmış fasilə nəticəsində SOCAR-ın quruda yerləşən iki minədək neft quyusunda iş dayanıb.
Hazırda buruqlara enerjinin verilməsi bərpa edilsə də işlərin tam bərpası üçün bir həftəyədək vaxt lazımdır.
"Neft Araşdırmaları" Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, "Azərenerji"nin ölkə sənayesinə vurduğu ziyan hesablanmalıdır.
"Elektrik enerjisinin ölkə ərazisində miqyaslı kəsilməsi ilə bağlı araşdırmalarımı davam etdirirəm: ölkə sənayesinə vurulan ziyanı bir neçə gündən sonra daha dəqiq görmək olar. İlkin nəticə isə bunlardır:
-Sümqayıtın lokomotivi kimya sənayesi tam dayanıb;
-Azərbaycanın qurudakı buruqları enerji kəsildiyindən müvəqqəti olaraq fəaliyyətlərini dayandırmalı olub, buruqların işə salınması tədricən olur;
- Ölkənin neftayırma zavodunda da qurğular dayanıb;
- Ölkənin su təsərrüfatına xeyli ziyan dəyib, çünki nasos stansiyaları işləmədiyindən istehlakçıların fasiləsiz su təminatı pozulub.
İyunun 3-də saat 00.30 radələrində Mingəçevir İstilik Elektrik Stansiyasının 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.
Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC-nin birgə operativ məlumatında deyilir ki, bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalara səbəb olub.
Bu gün baş nazirin birinci müavini Yaqub Eyyubov və "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevir İstilik Elektrik Stansiyasına baş çəkib.
Son 15 ildə ölkədə 30-dan çox elektrik stansiyası tikildiyi bildirilir. Bununla yanaşı, göründüyü kimi, problem hələ də həllini tapmayıb. Bir istifadəçi Facebook-da yazıb ki, ölkəni işıqsız qoymaq üçün "bir təcrübəsiz elektrik" bəs edər.
Elektrik enerjisinin verilməsində yaranan fasilə sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb. Rəsmilərin "ölkənin enerji təhlükəsizliyi tam təmin edilib, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfələr verir" kimi fikirləri qınağa səbəb olub.
"İlk növbədə bu, elektrik kəsintisi araşdırlmalıdır. Çünki kəsintinin səbəbi kimi istilərin göstərilməsi gülünc bir ifadədir", - SOCAR-ın keçmiş prezidenti Sabit Bağırov Turan-a bildirib. O hesab edir ki, ciddi araşdırlma aparılmalıdır.
"Araşdırılmalıdır, harada, hansı texnoloji proseslərdə, avadanlıqlarda nöqsanlar varsa, aradan qaldırmaq lazımdır. İstilər ötən illərə nisbətən 2-3 faiz artıb. Bizdə elektrik enerjisinin generasiya güclərində böyük ehtiyatlar var. İstiliyin 2-3 faiz artması açılmalar üçün qətiyyən səbəb ola bilməz. Səbəbləri araşdırmaq lazımdır",- S. Bağırov qeyd edib.
SOCAR-ın keçmiş prezidenti hesab edir ki, elektrik enerjisində fasilələrin yaranması elektrik enerjisi ilə təminat sisteminə bağlı məslələrdir.
"Həmin sistem bir daha nəzərdən keçirilməlidir. Harada zəif nöqtələr, boşluqlar var, tapılıb aradan qaldırlmalıdır. Çünki belə kəısintilər olmamalıdır. Əgər hər şey yaxşı düşünülübsə, bütün bu ehtimallar nəzərdən keçrilibsə, ehtiyat güclər varsa, müvafiq personal yerindədirsə bu hallar olmamalıdır. Bu istini bəhanə gətirmək gülüncdür", - S.Bağırov deyib.