Gəncə hadisələrinin arxasındakı qaranlıq güc – SENSASİON TƏHLİL

Baxış sayı:
6139

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinin üzərindən yarım aya yaxın vaxt keçib. Lakin hələ də məlum olayla bağlı bir çox qaranlıq məqamlar mövcuddur. Doğrudur, rəsmi qurumlar hadisənin başvermə səbəbi və bu işdə maraqlı olan qüvvələr haqda müəyyən açıqlamalar veriblər. Buna rəğmən, bəzən hətta rəsmi şəxslərin belə, həmin informasiyaları təkzib edən açqıalamalarla çıxış etməsi, cəmiyyətdə ciddi şübhələrə yol açıb. Belə ki, artıq insanların böyük əksəriyyəti bu hadisənin kənar qüvvələrin təsiri altında həyata keçirildiyi və yaxud burada radikal dini qrupların əlinin olduğu haqda xəbərləri ciddi qəbul etmək istəmirlər. Odur ki, bu yazımızda iyulun 3-də Elmar Vəliyevə sui-qəsd olayına və ondan sonra baş verən proseslərə işıq salmağa çalışacağıq.

Yunis Səfərov kimdir?

İlk öncə Elmar Vəliyevi güllələyən Yunis Səfərovun kimliyinə aydınlıq gətirək. Rəsmi məlumata əsasən, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. 22 iyun 2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında onu izləyib, yalnız şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb və hadisə yerindən qaçıb. İyul ayının 3-də isə icra başçısını və yanında olan mühafizəçisini qətlə yetirməyə cəhd edib.

Polis əməkdaşının silahını alan Yunis Səfərov ölkədən necə çıxıb?

Dövlət qurumlarının məlum açıqlamasında diqqəti cəlb edən əsas məsələ Yunis Səfərovun polis əməkdaşının odlu silahını ələ keçirdikdən sonra ölkəni necə tərk etməsi və axtarışda olduğu halda yenidən Azərbaycana necə qayıda bilməsi haqda suallardır. Tutaq ki, o, hansısa qanunsuz yollarla  ölkədən çıxmağı və bir müddət sonra təkrar Gəncəyə qayıtmağı bacarıb. Bəs, 2018-ci ilin yanvar ayından E.Vəliyevi izləyən Y.Səfərov bu müddət ərzində Gəncədə necə nəzarətsiz yaşaya bilib? Axı, axtarışda olan silahlı bir şəxsin təxminən 7 ay müddətində ölkədə əlini-qolunu sallayaraq gəzməsi heç də göz yumulacaq hadisə deyil. Üstəlik, bu adam günün günorta çağı polislərin gözü önündə Gəncə İcra Hakimiyyətinin qarşısındakı parkda uzun müddət icra başçısının içəridən çıxmasını gözləyib. 

Yunis Səfərovu kim himayə edib?

Əlbəttə, axtarışda olan Yunis Səfərovun 7 ay ərzində Gəncədə adi vətəndaşlar kimi yaşaması bu işdə onun heç də himayəsiz olduğunu ortaya qoymur. Əksinə, təxminən 1 il ərzində 3 cinayət hadisəsi törətməkdə ittiham olunan Y.Səfərovun bu cür nəzarətsiz saxlanılması onun arxasında hansısa qüvvələrin olduğunu deməyə əsas verir. Hansı ki, bu qüvvələrin heç də, deyildiyi kimi, radikal dini qruplar olduğu inandırıcı görünmür. Ən azı ona görə ki, onların bu cür aşkar şəkildə Y.Səfərovu polisdən gizləmək imkanları məhduddur. Üstəlik, məlum sui-qəsd hadisəsi də sübut edir ki, onun özü də polisdən gizlənməyə, qaçmağa meylli olmayıb. Deməli, burda tamamailə fərqli qüvvələrdən və fərqli maraqlardan söhbət gedir...
Mətbuat yazır ki, bir ay bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İdarəsi icra başçısına qarşı sui-qəsd törədilməsinin planlaşdırılması haqda məlumat əldə edib və rəsmi olaraq Gəncə Baş Polis İdarəsinə bildiriş məktubu göndərib: “Bildirişi alan polis rəisi Faiq Şabanov deyib ki, “bunu (Elmar Vəliyev nəzərdə tutulur) vursaydılar, canımız qurtarardı”.
Bu iddialar həqiqətdirsə, demək, ortada bizim düşündüyümüzdən də dərin məqamlar var...

İğtişaşa aparan səbəb...
 
Əslində, icra başçısını güllələyəndən sonra saxlanılan Yunis Səfərovun polis idarəsində işgəncəyə məruz qalmasını əks etdirən fotogörüntülərin sosial şəbəkələrdə yayılması da düşündürücü məsələdir. Maraqlıdır, bununla kimlərsə Y.Səfərovu “qəhrəman” hesab edən çoxsaylı insan kütləsinə hansısa mesaj verirdi? Hər halda, bu məsələnin də ciddi araşdırılmasına ehtiyac var.
Hazırda isə bəlli olan odur ki, iyulun 10-da baş verən Gəncə olayları Y.Səfərovun işgəncəyə məruz qalması haqda fotolarının yayılması ilə bilavasitə bağlıdır. Çünki məhz bu fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra məlum aksiyaya çağırış edildi.
Ola bilər ki, bu fotolar sadəcə insanları qorxutmaq məqsədi ilə yayılmışdı. Amma bu, həm də güc strukturlarının nümayəndələrinə qarşı nifrət və hiddət yaratmışdı. Bu baxımdan da, insalar bu çağırışa qoşularaq Gəncə İcra Hakimiyyətinin önünə toplaşmağa başladı. Nəticədə isə kriminal aləmdə tanınan Rəşad Böyükkişiyev iki polis zabitini amansızcasına qətlə yetirdi...
Burada da sual doğuran bir neçə məqam var. Rəsmi informasiyalara əsasən, R.Böyükkişiyev bir neçə il həbs yatıb, azadlığa çıxdıqdan sonra quldurluq və soyğunçuluq maddələri ilə 2 il axtarışda olub (Gəncə Şəhər Polis İdarəsi onun haqqında axtarış elan etmişdi) və axtarışda ola-ola təxminən 7 ay əvvəl Göygöl rayonunun Yeni Qızılca qəsəbəsində kriminal aləmin digər üzvləri arasında silahlı toqquşmada iştirak edib.
Maraqlıdır, Göygöl Rayon Polis İdarəsi tərəfindən qətlə yetirildiyi günə kimi axtarışda olan Rəşad Böyükkişiyev necəsə aksiyaya qatıla bilir və insanların gözü qarşısında, polisin müşayiəti ilə (müdaxilə olunmadan) 2 nəfər yüksəkçinli polis zabitini xəncərlə qətlə yetirir?!

İcra başçısına sui-qəsdlə polislərin qətli arasında nə kimi bağlılıq var?

Zənnimizcə, Gəncə hadisələri ilə bağlı cavabsız qalan suallardan biri də icra başçısına sui-qəsd olayı ilə iyulun 10-da iki polisin qətlə yetirilməsi hadisəsi arasında hər hansı bağlılığın olub-olmamasıdır. Əslində, rəsmi məlumatlardan belə aydın olur ki, hər iki hadisənin arxasında radikal dini qruplar dayanır və bunlar bir-birinə bağlıdır. Lakin konkret olaraq Y.Səfərovun polisi qətlə yetirməkdə ittiham olunan Fərrux Qasımov və Rəşad Böyükkişiyevlə hər hansı əlaqəsinin olduğu haqda ortada bir fakt mövcud deyil. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, əslində 3 iyul hadisəsi ilə polisin qətlə yetirilməsi arasında birbaşa bağlılıq yoxdur. Sadəcə, icra başçısına sui-qəsd hadisəsindən sonra müəyyən qüvvələr prosesləri öz maraqları çərçivəsində inkişaf etdirməkdə maraqlı olub.
Şübhəsiz, biz heç bir halda hüquq mühafizə orqanlarını ittiham etmək fikrində deyilik. Amma bütün hallarda ortada kriminal ünsürlərin nəzarətsiz qaldığı görüntüsü var. Üstəlik, bu insalar dinc aksiyaçıların içərisinə sızaraq iki polis zabitini qətlə yetirə bilibsə, demək bu hadisənin özündə də aşkar qeyri-peşəkarlıq, yaxud ehtiyatsızlıq faktı mövcuddur. Odur ki, gələcəkdə bu cür xoşagəlməz hadisələr yaşanmaması üçün, Gəncə olayları ilə bağlı hər bir detalın ayrı-ayrı incələnməsinə ciddi ehtiyac var.

Muxalifet.az
P.S. Mövzunu davam etdirəcəyik.