“Gəncə hadisələrinin dinlə əlaqəsi yoxdur” – ZƏRDÜŞT ƏLİZADƏ

Baxış sayı:
3940

“Zalımlar həmişə məzlumların haqq olduğunu etiraf etmir, həmişə onları terrorçu, qisasçı, cinayətkar elan edirlər”

“Gəncədə terror törədənlər din adı altında gizlənmiş radikal qruplardır. Onların din adı altında gizlənməsinin səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər də bağlı deyil, həmin insanlar xarici qruplar tərəfindən ələ alınaraq istifadə edilir”.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Maraqlıdır ki, Gəncədə terror törədənlərə din adı altında gizlənmiş radikal qruplardırsa, indiyə kimi həmin şəbəkə niyə aşkara çıxarılmayıb və onlarla bağlı tədbir görülməyib? Məhz Gəncənin icra başçısına sui-qəsddən sonra Gəncədə radikal dini qrupların fəaliyyət göstərdiyi deyilir.
Digər məqam odur ki, dövlət rəsmiləri Gəncədə terror hadisələrini törədənləri din adı altında gizlənmiş radikal qruplar hesab etsələr də, ictimaiyyət arasında Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsi onun öz əməllərinin qarşılığı hesab edilir.
M.Qurbanlı isə qeyd edib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: “İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır”.
“İnsanlar çarəsizlikdən zora əl atırlar”
Lakin Gəncədə baş verən prosesləri şərh edən politoloq Zərdüşt Əlizədə "Hürriyyət”ə deyib ki, əsla, bunun dinlə əlaqəsi yoxdur: “Bir adam xalqa çox zülm edəndə, xalq görəndə ki, haqq-ədalət yoxdur, məhkəmə yoxdur və. s insanlar çarəsizlikdən zora, qisasa əl atırlar”.
“Bəs, bu məsələni niyə dinlə əlaqələndirirlər” sualına Əlizadə belə cavab verdi: “Təsəvvür edin ki, hökumət, yaxud Azərbaycan Respublikasının prezidenti deyir ki, ay camaat, mən icra başçıları kimi elə adamları təyin edirəm ki, onlar xalqı soyur, qarət edir, incidir və onlar da gəlib onları öldürür... Onu deyə bilər? Yox. Ona görə də deyirlər ki, radikal biləşmələr edib. Deməz ki, mən özüm bunları təyin etmişəm ki, xalqın cibinə girsinlər”.

“Öz mahiyyətlərini gizlətmək üçün sadə insanları şərləyirlər”

Z.Əlizadə xatırlatdı ki, Ziya Bünyadzadə öldürüləndən sonra da, bu hadisəni 3 dini qrupun üstünə atdılar: “Onları həbs etdilər. Çünki ən yaxşısı dindarlar, terroristlərdir. Bu, bütün dünyada belədir. Amerikada da, Böyük Britaniyada terrorçu damğası vurub, öldürürlər. Zalımlar həmişə məzlumların haqq olduğunu etiraf etmir, həmişə onları terrorçu, qisasçı, cinayətkar elan edirlər. Hamıya bəllidir ki, bizim hakimiyyət oğru, rüşfətxor, satqın bir hakimiyyətdir. Öz mahiyyətlərini gizlətmək üçün sadə insanları şərləyirlər ki, radikal dindarlardır”.
 
“Nə qədər çox sıravi vətəndaş həbs olunsa, yüksək vəzifəli məmurların xalqı qarət etmək imkanları genişlənir”
 
“Dünən Sumqayıtda dindar qrupun və müxalifət tərəfdarlarının 18 fəalının həbs olunduğu bildirilir. Sumqayıtda da silahlı aksiyalara çağırışların arxasında radikal dindar qruplar dayana bilərmi” sualına isə Z. Əlizadə belə cavab verdi: “Təbrik edirəm, lap yaxşı. Azərbaycan dövlətçiliyi gündən-günə möhkəmlənir. Nə qədər çox sıravi vətəndaş həbs olunsa, Azərbaycan dövləti bir o qədər möhkəmlənəcək, bir o qədər çox da yüksək vəzifəli məmurların xalqı qarət etmək imkanları genişlənir, vəssalam. Yəni, hakimiyyətin, yüksək vəzifəli məmurların xalqı qarət etmək hüququ tanınmalıdır, heç kəs buna etiraz etməməlidir. Kim etiraz etsə, radikal dindar qrup adı ilə həbs olunacaq”.
 
“Siz Azərbaycan məhkəməsinin, istintaqının sözünə inanırsınız?”
 
Radikal qrupların İranda Tohid İbrahimbəyli tərəfindən təlim görməsinə gəlincə, politoloq dedi ki, hamısı boşboğazlıqdır: “Siz bizim dövlət orqanlarına, istintaq orqanlarına inanırsınız? Onların nəfəsi gedib-gəlir, yalan danışırlar. İsmayıllıda iğtişaş bitəndən iki gün sonra İlqar Məmmədovun boynuna atdlar ki, sən bunu təşkil etmisən. 6 ildir həbsxanada yatır. Onu şərlədilər. O qədər adamı şərləyirlər ki. Siz Azərbaycan məhkəməsinin, istintaqının sözünə inanırsınız? Hamısı rüşfətxor, satqındır, sifarişlə işləyən müstəntiqlərdir, hakimlərdir, heç bir ədalət yoxdur. Ona görə, mən onlara inanmıram. Mən gözümlə gördüyüm, qulağımla eşitdiyim bir şeyi bilirəm, bu hakimiyyət vətəni qarət edir və satır, vəssalam. Onu ifşa edənləri şərləyir, qorxudur. Satqın hakimlərin, müstəntiqlərin əli ilə öz zorakılığına qanun donu geyindirir. İranın nəyinə lazımdır ki, Azərbaycanda sabitliyi pozsun?! İranın min dənə başqa daxili, xarici dərdi-səri var, işi-gücü qurtarıb gəlib “oyuncaq” Azərbaycanla məşğul olsun?”
 
Şamo EMİN