“GÖZÜ DOYMAYANLAR KASTASI...” - 7 min maaş, 5 min pensiya alan məmur niyə “dolana bilmir”?

Baxış sayı:
191

Üç çağırış deputat olmuş, konsul işləmiş, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yüksək vəzifə tutmuş, hazırda da millət vəkili olan Səyyad Aran, sözsüz ki, deputatların, vəzifəlilərin arasında “fağırlar”dan, abırlılardan biridir. Buna baxmayaraq, bu günlərdə verdiyi müsahibədə 5 min manat maaş aldığını (əslində 7 min manatdan çoxdur) və bu pulla maşın ala bilmədiyini deyib, gileylənib. Deyib ki, maşın ala bilmir, ona görə piyada, avtobusla gəzir.

Təbii ki, Azərbaycan məmurundan, deputatından səmimilik, həqiqi, doğru-dürüst cavab gözləmək əksər hallarda mənasızdır və S.Aran da bu baxımdan istisna təşkil etmir. Lakin bu cür adamlar heç olmasa belə fikirlər səsləndirəndə bunun “qara camaat”a necə təsir edəcəyini belə özlərinə əziyyət verib düşünmək istəmirlər.

Onda kirayələrdə yaşayan, 100 manat “uşaqpulu” belə rəva görülməyən gənc ailələr, dava-dərmana pul tapmayıb xəstəsini müalicə etdirə bilməyən imkansızlar neyləsin? Minimum əməkhaqqı və pensiyanın 200 dollara yaxın olduğu bir ölkədə 7 min manat maaşa “ağız büzmək” nə deməkdir? Nəyə, kimə hesablanıb busözlər? Guya bu pulla maşın almaq olmur? Soruşan lazımdır ki, Azərbaycanda maşını olanların neçə faizinin aylıq maaşı 7 min manata çatır?

Ümumiyyətlə, sabiq və indiki vəzifəlilərin, məmurların, deputatların böyük əksəriyyətinin gözü, nəfsi nə zaman doyacaq, görəsən? Vəzifədə olanda çapıb-taladıqları bəs deyil, vəzifədən ayrılandan sonra da dövlətin, millətin yaxasından düşmək bilmirlər.

Bu günlərdə 67 yaşlı Vladimir Ruvinov adlı hakimin daha çox pensiya almaq üçün məhkəməyə müraciət etdiyi və məhkəməni udduğu məlum olub. 15 il hakim işləyən, Sumqayıtda, Xaçmazda hakim, son illərdə isə Qubadlı Rayon Məhkəməsinin sədri olmuş V.Ruvinova iki il əvvəl aylıq 4615(!) manat əmək pensiyası kəsilib.

Lakin Ruvinov bu məbləğlə razılaşmır. Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib və hakim həmkarlarının çıxardığı qərarla pensiyasını 6 500(!) manata qaldırıb. Azərbaycan reallıqlarında 15 il hakim olmağın nə demək olduğunu, hansı imtiyazlar, maddi imkanlar, sərvət və s. yaratdığını xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. Ancaq göründüyü kimi, adam bunlarla və 5 minə yaxın pensiya ilə qane olmur, üstəlik, dövlətdən, büdcədən “son nəfəsinə və son qəpiyinə qədər” nəsə qoparmasa, əl çəkmir. 40 ilin müəlliminin qəpik-quruş pensiya aldığını görən, amma 5 min pensiyaya, 7 min maaşa narazılıq edən belələrində hansısa mənəvi dəyər, ziyalılıq anlayışı, məsuliyyəti və s. axtarmaq olarmı?

Azərbaycanda dövlətin, millətin, büdcənin yaxasını buraxmayanların sırası olduqca genişdir. Son zamanlar vaxtilə “MTN işi”, “Rabitə işi”, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, ayrı-ayrı rayonların icra hakimiyyətlərilə bağlı və digər hay-küylü korrupsiya işləri əsasında həbs olunan, sonra 2-3 il “yatıb-çıxan” sabiq məmurların böyük əksəriyyətinin dövlətə qarşı qaldırdıqları mal-mülk iddialarının sayı-hesabı yoxdur.

Bu adamların demək olar hamısı həmin çapıb-taladıqları dövlət ilə əmlak, mal-mülk davasına qalxır. Müsadirə olunan əmlaklarını geri istəyirlər. Baxmayaraq ki, məhkəmələrin müsadirə etdiyi əmlaklar onların real əmlakının, var-dövlətinin cüzi hissəsidir. Ancaq onu da dövlətə vermək istəmirlər. 

"Rabitə işi" çərçivəsində həbs edilən Vidadi Zeynalov, Beytulla Hüseynov, Məhəmməd Məmmədov dövlətdən məhkəmə tərəfindən müsadirə edilmiş əmlaklarını geri tələb edirlər. Sanki bu var-dövləti halal zəhmətlə qazanmışdılar.

“MTN işi” ilə bağlı həbs edilən sabiq paqonlu cinayətkarlar - polkovniklərdən tutmuş generallar Mövlam Şıxəliyevə və Akif Çovdarova qədər demək olar hamısı müsadirə edilən əmlaklarını geri istəyir. Təkcə Çovdarovun bu cür əmlakı 30 milyon dollardan çox qiymətləndirilir.

Həmçinin, Ramiz Mehdiyevin qızı Kəmalə Əliyeva da atasının yerinə dövlətlə əmlak davasına çıxıb. O, "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbində payı olduğu üçün onun müsadirəsinə görə Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb və mülkiyyət davası edir.

İmişlinin həbsdə olan sabbiq icra başçısı Vilyam Hacıyevin ailə üzvləri ümumilikdə 6 milyon manata yaxın dəyəri olan əmlaklarının geri qaytarılması tələbilə məhkəməyə müraciət ediblər.

Bu siyahını uzatdıqca uzatmaq olar. Bu adamlar dişi qana batmış canavar qana susayan kimi vəzifədə o qədər pula, talançılığa susayıblar ki, son nəfəslərinə qədər ürəkləri soyumur, cırmaqlaya-cırmaqlaya da olsa dövlətdən, büdcədən nəsə qoparmağa çalışırlar. Hansı da vəzifədən atılır, çalışır öz yerinə övladını, yaxınını yerləşdirsin, onu deputat, məmur etsin, eləcə də onları başqa məmurların övladları ilə evləndirsin və sair. Beləliklə də Hindistan tarixindəki kimi kastalar formalaşır – “gözü doymayanlar kastası”…/Azpolitika.info