“GÜRCÜSTAN PARLAMENTİNİN 10 FAİZİ AZƏRBAYCANLI OLMALIDIR”

Hüseyn Yusubov: “Gürcüstanda azərbaycandilli məktəblərə müəllim kadrları hazırlayan bir müəssisə yoxdur”
“Bir çox məktəblərdə riyaziyyat dərslərini mühəndislər, biologiya dərslərini aqronmonlar deyir. Bunun hamısı təhsilin məhvinə fərman verən əməllərdir”
“Bəzən müxtəlif partiyalar gətirib elə adamları ortaya çıxarırlar ki, qanında bir damcı azərbaycanlı qanı yoxdur, amma azərbaycanlı namizəd kimi təqdim olunur”
Gürcüstanda keçirilən 8 oktyabr parlament seçkilərində Marneulinin Qızılhacılı kəndində baş verən xoşagəlməz hadisələr 6 nəfər soydaşımızın həbsi ilə nəticələndi. Onlardan 1 nəfər artıq azad edilsə də, 5 nəfər gənc hələ də həbsdədir. Biz, “Hürriyyət” olaraq, bu və digər məsələlərlə bağlı Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının deputatı Ruslan Hacıyev və ana müxalifətin – Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanovla söhbətləşərək, onların fikirlərini qəzetimizdə dərc etmişik. Bu dəfə isə iqtidar və müxalifət arasında - neytral mövqedə dayanan və birbaşa soydaşlarımızın problemləri ilə məşğul olmaq missiyasını üzərinə götürən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Kvemo-Kartli qubernatorunun keçmiş birinci müavini Hüseyn Yusubovla görüşüb, baş verən hadisələri obyektiv prizmadan aydınlaşdırmağa çalışdıq.
- Hüseyn müəllim, Gürcüstanda keçirilən parlament seçkilərindən öncə Marneulidə yaşanan qarşıdurma seçkisonrası mühitə də hər hansı təsir göstərirmi? Hazırda Marneulidə ictimai-siyasi vəziyyət necədir?
-Bilirisiniz, əslində, seçki öncəsi, bütün demokratik ölkələrdə olduğu kimi, bir seçki həyacanı var idi. Kimlərsə o seçki həyacanını əsassız bir şəkildə milli-etnik zəminə çəkməyə çalışdılar. Biz Konqres olaraq bu seçkilərə heç bir tərəfdən qatılmamışdıq. Amma burda gözübağlı da oturmamışdıq. Biz də bilirdik ki, hansı rayonda, hansı bölgədə nə kimi proseslər gedir, nələr baş verir. Təbii ki, bu, milli seçkilər deyildi. Yəni hansısa milləti seçmək uğrunda mübarizə getmirdi. Parlament seçkisi odur ki, vətəndaşlar bütün partiyaları dinləyir, hər bir partiyanın, namizədin proqramı ilə tanış olur, seçki günü də səsini verir. Kimsə bu seçkiyə milli baxımdan yanaşmaq istəyirsə, hansısa partiyanın milli azlıqlar, yaxud sosial problemlər, xarici əlaqələrlə bağlı proqramı nədir, onu aydınlaşdırır, özü üçün nəticə çıxarır və vətəndaş, seçici olaraq da istədiyi partiyanın namizədini dəstəkləyir. Bəzən də müxtəlif partiyalar gətirib elə adamları ortaya çıxarırlar ki, qanında bir damcı azərbaycanlı qanı yoxdur, amma azərbaycanlı namizəd kimi təqdim olunur. Sözsüz ki, burda da biz absurdlarla rastlaşırıq...
-Hazırda parlamentdə təmsil olunan dörd namizəd arasında da siz dediyiniz “azərbaycanlı qanı olmayan” namizəd varmı?
-Yox. Allahaşa şükür ki, o namizədlər arsında yoxdur. Mən fürsətdən istifadə edib onların hər birini təbrik edirəm. Ümidvaram ki, xalqımızı layiqincə təmsil edəcəklər. Əlbəttə, onlar deputat olduqları dövrdə hansı partiyadan seçiliblərsə, o partiyanın maraqları, proqramları ilə hərəkət etməlidirlər. Amma mən ümidvar olmaq istəyirəm ki, onlar bizim bölgə ilə bağlı olan məsələlərdə eyni fikir söyləməyi, eyni mövqe tutmağı bacaracaqlar. Mən bunu əsas şərt sayıram.
Əvvəlki sualınıza cavab verim ki, seçkidən öncəki həyacan seçki ilə də bitdi. Burda həqiqətən milli zəmində heç bir hadisə olmayıb. Əksinə, tutaq ki, iqtidar partiyası Qardabani rayonundan heç bir dövrdə azərbaycanlı namizəd verməyib, bu dəfə Savalan Mirzəyev Qardabanidən iqtidar partiyasının deputatı seçilib. Yəni müsbət dəyişikliklər olub. Amma elə bil ki, rəhmətlik Şevardnadzenin qurduğu parametrləri iqtidarlar dəyişə bilmirlər. Bilirsiniz ki, Şevardnadze dönəmində parlamentdə 6 nəfər azərbaycanlı deputatla təmsil olunurduq, həmin normativ bu günə qədər davam edirdi. Şevardnadzedən sonra parlament üzvlərinin sayı yarıya endi, bizimkilərin də sayı yarıya endi, 3 deputatımız oldu. Amma bu şeyləri mən düz saymıram. Biz ölkənin təxminən 10 faiziyik. Mən istəyərdim ki, parlamentin də 10 faizi azərbaycanlılar olsun, müxtəlif partiyalardan. Amma ölkədə, bölgədə mövcud olan siyasi atmosferə baxanda azərbaycanlılar üçün çox böyük irəliləyişlər var. Yəni bizim rayonlarda – Kvemo-kartlidə demək olar ki, bütün partiyaların rayon şöbələrinin sədrləri azərbaycanlılardır. Bu, çox böyük irəliləyişdir. Partiyaların aktivistləri də azərbaycanlılardır. Əvvəllər belə bir mif formalaşdırılmışdı ki, azərbaycanlılar müxalifətə səs vermir, ona görə müxalifət partiyaları hətta bu bölgələrdə heç ofislərini yaratmırdılar. Nəticədə seçki zamanı iqtidar partiyasının nümayəndələri 90 faiz səs alırdılar. Çünki, dediyim kimi, buralarda müxalifət olmurdu. Artıq seçkidə ən çox səs alan Ruslan müəllim Hacıyev oldu, deputat seçilməsi münasibətilə onu da təbrik edirik, 55 faiz səs qazandı. Çünki müxalifət partiyalarının ciddi fəaliyyətləri var idi.
- Parlament seçkilərində 30 nəfərə yaxın azərbaycanlı öz namizədliyini irəli sürsə də, cəmi 4 nəfər qalib gəldi. Sizcə, bu mandatı sadəcə haqqı olanlar qazandı, yoxsa soydaşlarımızın daha artıq mandat qazanmasına imkan verilmədi?
- Doğrudur, 30-a yaxın azərbaycanlı namizəd var idi... Mənim seçkidən öncə də jurnalistlərlə söhbətim olmuşdu, orda da bu haqda qeyd etmişdim, çox təəssüf ki, bunların hamısı bir-birinə rəqib idi. Bir-birinə rəqib olduqlarına görə, həmin namizədlərin hamısının parlamentə düşmək şansı yox idi. Amma seçkidən kimisə aralıda saxlasınlar, kimisə önə çəksinlər, bu söhbət də Gürcüstan reallığına uyğun deyil. Gürcüstan reallığı tamam başqa cürdür. Bütün namizədlər gedib seçicilərlə görüşür, insanların problemlərini dinləyir, onlara öz partiyalarının proqramları haqqında məlumat verir və bundan sonra insanlar nəticə çıxarır. Mən bayaq qeyd etdim ki, ən çox səs götürən bizim azərbaycanlı deputatımız Ruslan Hacıyev oldu, 55 faiz səs əldə etdi. Bundan əvvəlki dövrlərdə iqtidar partiyasının majoritar namizədləri 80-90 faiz səs götürərdilər. Bu, Ruslan müəllimin zəif olması, yaxud xalqın onu az sevməsi demək deyil. Sadəcə, əvvəllər müxalifət partiyaları bölgəyə gəlmirdi və namizəd də olmurdu. Əlbəttə, el gözü tərəzidir, xalq bu adamları seçdisə, deməli, xalqın bu insanlara ehtiyacı var.
Məsələn, təhsil sahəsini yaxşı bilən və təhsil sahəsi üzrə uğurlu bir mütəxəssis olan Ruslan müəllimin parlamentə düşməsi, Borçalıdakı təhsillə bağlı problemlərin həllinə çox böyük dəstək ola bilər. Ruslan müəllim parlamentin Təhsil Komitəsinin üzvü olub. Bu, çox ciddi bir addımdır və mən əminəm ki, Ruslan müəllim orda boşuna oturmayacaq. Onun təhsil məsələləri ilə bağlı irəliyə doğru addımlarda ciddi rolu olacaq.
Bizim ikinci problemimiz inteqrasiya məsələsidir. Savalan Mirzəyev ömrü boyu bu sahədə çalışıb və artıq parlamentdə təmsil olunub. Bu sahəni ən gözəl bilən insandır. Deməli, o da bu sahədə nələrsə edəcək. Ona görə də, mən hesab edirəm ki, el gözü tərəzidir və düzgün seçim edilib.
-Biz Azərbaycan mətbuatında da belə bir informasiya ilə qarşılaşdıq ki, Əhməd İmamquliyev 72 faizə yaxın səs toplasa da, seçkidən kənarda qaldı. Bu məsələ haqda siz nə deyə bilərsiniz?
-Bilirsiniz, Azərbaycan mətbuat nümayəndələrinə mən hörmətlə yanaşıram, amma təəssüflər olsun ki, onların bir çoxu Gürcüstan qanunlarını bilmir. Hər bir seçki məntəqəsində bütün partiyaların seçki komissiyasının üzvü var. Əgər o seçki komissiyasının üzvü həmin protokolu imzalamırsa, o protokol keçərli olmur. Yəni belə düşünsək ki, Əhməd İmamquliyevin bütün nümayəndələri imza atıb və Əhməd İmamquliyev aldadılmış sayılır, bu, absurrdur. Onun seçki komissiyasının bir-iki nəfər üzvü olmur. Bu, hər bir partiyaya aiddir, söhbət təkcə Əhməddən getmir. Partiyaların hamısı hər bir seçki məntəqəsində bir neçə nəfərlə təmsil olunurlar. Komissiya üzvündən başqa, bir neçə müşahidəçi və kamera da olur. Mənim üçün inandırıcı görünmür ki, orda bir faiz yox, hətta bir səs belə, kimsə kimdənsə oğurlaya bilsin və s.
-Seçki ərəfəsində Ramiz Həsənovun Marneuliyə gələrək, hakim partiyanın qeyri-azərbaycanlı namizədi ilə görüşməsi heç də birmənalı qarşılanmadı. Bəzi şəxslər bunu milli maraqlarımıza zidd addım kimi təqdim etdilər…
- Ramiz Həsənov elimizin oğludur. Və bizim elimizin çox hörmətli bir ağsaqqalının - Ayvaz Həsənov kimi bir kişinin oğludur. Belə bir ailənin nümayəndəsinin Borçalıdan qopması mümkün deyil. Ramiz Həsənov Borçalıya çox tez-tez gəlir. Hətta bir çox hüzr yerlərinə də gəlir. Biləndə ki, atasının dostu və yaxud elimizin bir ağsaqqalı, hörmətli bir ziyalı rəhmətə gedib, gəlib iştirak edir. Əgər Ramiz Həsənovun növbəti gəlişi seçki ərəfəsinə təsadüf edibsə, bu o demək deyil ki, Ramiz Həsənov bura seçkiyə görə gəlib. Tutaq ki, onu yazanlar düz deyir. Bundan ötrü Ramiz Həsənov mitinq keçirməli və xalqa müraciət etməliydi ki, ay camaat, mənim, yaxud da Azərbaycan hökumətinin mövqeyi budur, biləsiniz. Və yaxud mətbuat vasitəsilə müraciət etməliydi. Ramiz Həsənov gəlib burda dəfndə, ya da toyda iştirak edir, yaxud gəlib Gürcüstan rəsmiləri ilə, öz kolleqaları ilə rəsmi, qeyri-rəsmi görüşlər keçirib Bakıya dönürsə və qəlbində kimisə dəstəkləmək varsa, bu, xalqın yuxusunamı girməlidir ki, Ramiz Həsənovun fikri filankəsi dəstəkləməkdir?! Ramiz Həsənov burda heç bir mitinq keçirməyib. Keçiribsə, qoy göstərsinlər. O mitinqlərdə min adam iştirak edirsə, min də telefon olur, hər telefonda da bir kamera. Yəni bu deyilənlər absurddur, gülünc bir şeydir. Söz tapmayanda öz eloğlumuzu ləkələməyə cəhd etmək boş cəhdlərdir və bundan əl çəkməyin vaxtı çatıb.
-Hüseyn müəllim, sizcə, bu gün Gürcüstanda yaşayan azərbaycanlıların ən əsas problemləri nələrdir?
-Problemlər birinci növbədə bizim orta təhsillə bağlıdır. Orta təhsil müəssisələrimizdə, yəni orta məktəblərimizdə artıq müəllim kontingenti tükənmək üzrədir. Bizim Gürcüstanda olan azərbaycandilli məktəblərə müəllim kadrları hazırlayan bir müəssisə yoxdur. Azərbaycanda da o şərait yoxdur. Mən fürsətdən istifadə edib sizin qəzetiniz vasitəsilə Azərbaycan rəsmilərinə də bu haqda müraciət etmək istəyirəm. Nə də qonşu ölkələrin heç birində yoxdur. Amma həyat davam edir. Bu məktəblərdə davamlı şəkildə müəllimlər yenilənməlidir, müəllimlər gəlməlidir, amma gəlmir. Bir çox məktəblərdə riyaziyyat dərslərini mühəndislər, biologiya dərslərini aqronmonlar deyir. Bunun hamısı təhsilin məhvinə fərman verən əməllərdir.
Bundan başqa, işsizlik problemi. Gürcüstanda olan azərbaycanlı vətəndaşların çox böyük işsizlik problemi var. Əvvəllər işsizlik problemi ilə bağlı söhbət olanda bizim qarşımıza belə bir bariyer qoyulurdu ki, dil bilən kadrlarınız yoxdur. Bu gün Tiflisdə olan ən yüksək səviyyəli universitetləri bitirmiş minlərlə kadrlarımız var. Mən araşdırma aparmışam ki, onların hardasa bir faizi işlə təmin olunub, 99 faizi işsizdir...
-İş yeri yoxdur, yoxsa həmin kadrlar məqsədli şəkildə kənarda saxlanılır?
(Ardı var)
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org
Bakı-Marneuli-Bakı