GÜRCÜSTANIN BU “OYUNU” YENİ DEYİL… - Dövlət oyununa dövlət cavab verməlidir

Baxış sayı:
957

Gürcüstanda baş verənlər sıradan bir xuliqanlıq işləkləri deyil, dövlət oyunudur. Belə hoqqaların çoxsaylı nümunələri var. İrəvanda, Qarabağda hər şey  bu kimi dövlət oyunlarından başladı və yavaş-yavaş, addım-addım irəlilədi.  Əvvəlcə İrəvanı türklərdən təmizlədilər, sonra bütün Ermənistan boyu sürüb atdılar. Mərhələ Qarabağa keçdi. Qarabağda olanları anlatmağa nə hacət? Hamınız şahidsiniz. Hər şey İrəvandakı kimi xırda xuliqanlıqdan başladı.
Belə dövlət oyunları çox yerdə, eləcə də indiki İsrail ərazisində də baş verib. Böyük siyasət kiçik xuliqanlıqdan başlayıb, əvvəlcə əhalinin gününü qara edir, qızına, arvadına sataşır, çarəsiz qalan, arxasında dövlət durmayan insan torpaqları İrəvanda erməniyə, Qüdsdə yahudiyə satıb qaçmalı olur... 
Gürcüstanın bu "oyunu" yeni deyil, uzun hekayəsi, 200 il yaşı var. Tiflisin türk-müsəlman səmti öz memarlıq imzası, tarix şahidliyi  ilə də kimə aid olduğu  hamınıza bəllidi. Qədim kitablarda yazıldığına görə Qafqaz Kürün cənub sahilinə kimi Arran-Azərbaycandır. İrəvanda olduğu kimi Tiflisdə də zadəgan-ziyalı əhali yavaş-yavaş paytaxtdan təmizləndi. İşin bu tərəfi sovet fürsətində rus dəstəyi ilə asanlıqla həll edildi.  İndi mərhələnin davamı hədəflənib. İstər Qamsaxurdia dövründə, istər Saakaşvili, istər bu gün... hədəf, məram eynidir. Yerli türklərə sataşmaqla günlərini qara edib Azərbaycan sərhədlərinə sarı sıxışdırmaq, problemi ermənisayaq həll etmək istəyirlər. Soydaşlarımızın arxasında isə nə dövlət var, nə də güclü bir təşkilat, nə Gürcüstana inteqrasiya olurlar, nə Azərbaycana... Araf`da qalmış kimi yaşayır, yalnız gün-güzəranla uğraşırlar. Həyat isə qazanmaq və yeməkdən ibarət deyil, düşmən oyaqdır, qərəzlidir, kinlidir... üzünə gülər, əli xəncərli arxanda durar...
Əlbəttə, hava bizim üçün xoş deyil, Azərbaycan iqtidarı nə vətəndaşa, nə soydaşa sahib çıxır. Amma belə olmaz.  Dövlət oyununa dövlət cavab verməlidir. Azərbaycan dövlət səviyyəsində soydaşını təhdid edən dövlətin qarşısına çıxıb sözünü deməlidir. Rusiya harda bir rus varsa arxasındayam, deyir. İngilis də, fransız da, ABŞ da, özünə hörmət edən hər dövlət elə edir... çünkü dövlətdir və məsuliyyətini bilir.
Dövlət olmağın zamanıdır. Dövlət almaq, qapmaq, qazanmaq, əldə etmək - daş dövrü əcdadlarımızdan miras  qalmış ovçuluq-yığıcılıq şüuru ilə idarə olunmaz. Dövlət  olmağın ədəbi var, məsuliyyəti var, heysiyyəti var...
Məsuliyyətinizi yerinə yetirin. Gürcüstanda oyuna salınmış, faciəyə sürüklənən soydaşımıza sahib çıxın...
 
Mehriban VƏZİR