HELİKOPTER FACİƏSİNİN “SİRR PƏRDƏSİ” AÇILIR… - Türkmən qazının Rusiyanın əlindən çıxması Moskvanın ölkəmizə qarşı təxribatına səbəb ola bilər?

Baxış sayı:
1735

Xəbər verdiyimiz kimi, 2021-ci ilin noyabr ayında İstanbulda baş tutan Türk Şurasının səkkizinci zirvə toplantısında qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatına (TDT) çevrildi. Başda qardaş Türkiyə olmaqla, TDT-də təmsil olunan dövlətlər bununla dünya nizamına təsir edəcək mühüm qərarlar qəbul etməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Hansı ki, Türkiyənin timsalında Türk dövlətlərinin təsirini genişləndirməsinə iki prizmadan baxa bilərik:

Birincisi, Ankara öz təsir imkanlarını genişləndirərək Mərkəzi Asiya ölkələri ilə strateji, mədəni və hərbi əlaqələri dərinləşdirməyə davam edir.

İkincisi, post-sovet məkanının mühüm hissəsinə nəzarət etməyə çalışan siyasi xətt yürütməyə başlayır.

Doğrudur, rəsmi Ankara Rusiyadan ağır silahlar, “S-400” və külli miqdarda enerji resursları almaqla, öz ehtiyacının müəyyən hissəsini hələ xaricdən təmsin edir. Amma həm də Şimal Alyansının üzvü kimi Türkiyənin bu gedişini NATO-nun Mərkəzi Asiyadakı iştirakı kimi də başa düşmək olar.

Türkiyənin müstəqil siyasət yürütdüyünü diqqətə alaraq deməliyik ki, Ankara faydalı müttəfiqlikləri gündəmində saxlamaqla bərabər, öz siyasi qütbünü formalaşdırır və şərtlərini irəli sürür. Digər tərəfdən isə, Kremllə NATO arasında manevr etməyə davam edir. Beləliklə, Azərbaycan, Qırğızıstan və Ukraynaya PUA və digər hərbi texnikanın satışı sadəcə kommersiya müqaviləsi deyil.

Bundan başqa, diqqəti digər önəmli detala cəlb etmək lazımdır. 2021-ci il noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan arasında Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının 15-ci sammiti çərçivəsində svop qaz tədarükünə dair üçtərəfli saziş imzalandı. Bilirik ki, Türkmənistan, İran və Azərbaycan Xəzər regionunda ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrdir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində regiondan Qərbə qaz ixracı imkanı mühüm amil kimi dəyərləndirilirdi. Bu razılaşma ilə regionun üç “qaz gücü” qaz tranziti sahəsində ilk real addımı atdı. Əlbəttə ki, oyunda aparıcı qüvvə Türkiyədir.

Məlumdur ki, türkmən qazının Qərbə tranziti üçün uzun müddətdir mübarizə gedir. Hansı ki, Türkmənistan qaz ehtiyatlarına görə - 19,5 trilyon. kubmetrlə dünyada 4-cü yerdədir. Bu, dünyanın ümumi ehtiyatlarının 10%-dir. Amma Türkmənistanın Xəzər dənizindən başqa, hansısa dənizə çıxışı yoxdur. Bu, irimiqyaslı ixraca ən ciddi maneə idi.

Əvvəlcə türkmən qazının tranziti uğrunda mübarizədə üstünlük “Qazprom”un əlində idi, yəni türkmən qazını ruslar alır və Avropaya öz qazı kimi satırdı. Lakin satdığı qazın əvəzində Türkmənistana münasib qiymət ödəmək istəməyən Rusiyanın “acgözlüyü və hərisliyi” bu müqaviləyə xitam verilməsinə və 2016-cı ilin əvvəlindən “Qazprom”un “Türkmənqaz”dan qaz almasının durdurulmasına səbəb oldu. 2019-cu ilin iyulunda “Qazprom” yenidən Türkmənistandan təbii qazın almağa dair müqavilə imzaladı, lakin bu, az miqdarda oldu.

Bu arada, “qaz oyunları”na ermənilər də qoşulmağa cəhd etdi. İran və Rusiyayla siyasi müttəfiqlikdən istifadə edən İrəvan, hətta İran qazının Ermənistan üzərindən tranziti üçün layihələr də qurdular. Erməni lobbisinin niyyəti Xəzər regionundan çıxarılan qazın Azərbaycandan tranzitinin qarşısını almaq idi.

2020-ci ilin yayında məhz qaz kəmərinin keçdiyi Tovuz rayonunun bu bölgəsində ermənilərin vəziyyəti gərginləşdirməsi yəqin ki, hamının xatirindədir. Nikol Paşinyanın "biz bu qaz kəmərinin təhlükəsizliyini daha yaxşı təmin edərik" sözlərini də xatırlamaq yerinə düşər. 44 günlük müharibə ilə Qarabağın azad edilməsi hər şeyi kökündən dəyişdi. İlk növbədə, enerji daşıyıcılarının tranzit marşrutlarına qarşı hərbi təhdid sıradan çıxarıldı və Xəzər vasitəsilə Türkmənistandan ötürülən qazın Gürcüstandan keçməklə, Avropaya tranzitini təmin etmək imkanı yarandı. 28 noyabr 2028-ci il tarixli Aşqabad müqaviləsi isə bu istiqamətdə ilk addım oldu.

Yeri gəlmişkən, 44 günlük müharibənin gedişində Britaniyanın BMT TŞ-da Azərbaycanın əleyhinə səsə qoyulan qətnaməni veto etməsinin səbəbi də, böyük ehtimalla, qaz tranziti məsələsi ilə əlaqədar idi. Çünki qarşıdan gələn dövrdə artıq "qaz neftin yerini tutmağa başlayır".

Faktiki olaraq Türkmənistan Xəzərin dibi ilə qaz kəməri çəkmədən öz qazını Avropaya göndərməyin yolunu tapdı. Belə ki, müqaviləyə görə, Türkmənistandan Azərbaycana İrandan keçməklə ildə 1,5 milyard kubmetrdən 2 milyard kubmetrədək qaz tədarük ediləcək. Müqavilənin vaxt limiti yoxdur və icrasına bu il dekabrın 22-dən başlanılacaq. İran SWAP müqaviləsi çərçivəsində Türkmənistan təbii qazını Azərbaycana tədarük edərək, həm də özünün beş vilayətinin qaz ehtiyacını ödəyə biləcək və Azərbaycan da bu müqavilədən bəhrələnərək Gürcüstandan Qərbə ixrac üçün ötürülən təbii qaz tədarükünü xeyli dərəcədə artıra biləcək.

Türkmənistan üçün Qərbə qaz tədarükü məqsədilə ən optimal marşrut TANAP layihəsi, ya da Azərbaycan, Gürcüstan Türkiyədən keçən Trans-Anadolu qaz kəməridir. Bu kəmərin türkmən qazı ilə doldurulmasında əsas məsələ onun Türkmənistandan Azərbaycana çatdırılması idi. Bunun üçün Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsi nəzərdə tutulurdu. Amma mavi yanacağın İrandan Azərbaycana quru yolu ilə ötürülməsi daha ucuz başa gəlirsə, dənizin dibi ilə qaz kəməri avtomatik təxirə düşür.

Əvvəldə də dediyimiz kimi, bu layihədə də hərəkətverici lokomotiv rolunu Türkiyə oynayır.

Sonda isə deyək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Adnan Tanrıverdi hələ 2018-ci ildə öz konstitusiyası, idarə forması, hərbi gücü, məhkəmə sistemi, kapitalı, bayrağı və dili olan İslam Ölkələri İttifaqının yaradılmasını təklif etmişdi. Türkiyənin başçılığı ilə bu konsepsiyanın baş tutması Ankaranı tayı-bərabəri olmayan, qarşısında durula bilməyəcək gücə çevirər. Biz öz tərəfimizdən bu ideyaya ancaq uğurlar arzu edə bilərik, çünki Türkiyənin güclü olması bizim güclü olmamızdır.

Qafqaz.media

P.S. Rusiyanın Türkiyənin apardığı “qaz oyunu”nda "Qazprom"un simasında offsayd vəziyyətinə düşməsi Kremlin Azərbaycandan qisas almasını tətikləyə bilərmi? Məsələn, Xızıda, “Qaraheybət”dəki 30 noyabr vertolyot qəzası ilə… Bu qəza Türkiyəyə "dişi batmayan" rus ayısının dünya miqyaslı “qaz oyunu”nda Bakıya, daha doğrusu Xızıya atdığı "ayı pəncəsi zərbəsi" ola bilərmi? Nəzərə alaq ki, Rusiyanın Xəzər dənizində donanması var və əməliyyatları da buradan idarə etməsi çətin olmaz...

Baxmayaraq ki, Zəngəzur dəhlizində Rusiya Azərbaycanla həmfikirdir, bunu Moskvanın öz maraqlarından irəli gəldiyini deməliyik. Çünki Türkiyədən keçməklə Suriyaya, Yaxın Şərqə quru yolu əldə etmək Moskvanın vaz keçəməyəcəyi planıdır və bu səbəbdən Azərbaycanla razılaşmağa getməyə məcbur olan Kreml “qaz oyunu”nda "yediyi təpiyin" əvəzini çıxmaqdan imtina etməz...