Həkim-cərraha qarşı qarayaxma kampaniyası - ŞOK İDDİA

Baxış sayı:
271

Qasımova Gülbəniz Mahir qızının 04 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “HTC Cliniva Hospital”da həkim-ümumi cərrah Rauf Xəlilov tərəfindən icra olunmuş “abdominaplastika” (qarın gərmə) əməliyyatı ilə bağlı səsləndirdiyi iddialar hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılıb.

Nizami rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olaraq 01 sentyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Qeyd edilən qərar təkcə formal yox, ciddi sübutlara və istintaq hərəkətlərinə əsaslanıb.

Araşdırma zamanı çoxsaylı prosessual tədbirlər həyata keçirilib, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin olunub. Ekspert rəyinə əsasən, Gülbəniz Qasımovanın müayinəsi zamanı onun sağlamlığına zərər vurulmasını təsdiqləyən, hüquqi qiymətləndirmə üçün əsas ola biləcək heç bir obyektiv morfoloji əlamət aşkar edilməyib. Bundan əlavə, “herniotomiya, hernioplastika və abdominoplastika” əməliyyatını icra edən tibbi briqadanın tərkibinin mövcud normativ aktlara tam uyğun olduğu da təsdiqlənib.

Məhz bu sübutlara əsaslanaraq prokurorluq orqanı cinayət işinin başlanmasını rədd edib. Hüquqi baxımdan məsələ burada bitmiş hesab oluna bilərdi. Lakin görünən odur ki, müəyyən maraqlı dairələr bu mübahisənin bağlanmasında maraqlı deyil.

Prokurorluq orqanlarında istədiklərinə nail ola bilməyən şəxslər bu dəfə qarayaxma kampaniyasını media müstəvisinə daşımağa cəhd göstəriblər. Respublika Prokurorluğunun rəsmi məlumatı ölkənin nüfuzlu media orqanlarında yayımlandıqdan sonra, iddiaların bəzi “sarı mətbuat” nümunələri vasitəsilə dövriyyəyə buraxılması xüsusi diqqət çəkir.

Bu mərhələdə suallar yaranır:

– Həkim-cərrah Rauf Xəlilova aid sənədlər mediaya necə ötürülüb?

– Bu sənədlər “təsadüfən”mi yayılıb, yoxsa məqsədli şəkildə?

– Qarayaxma kampaniyasının arxasında doğrudanmı sıravi vətəndaşlar dayanır?

Müşahidələr göstərir ki, bu proses təsadüfi deyil və arxasında konkret maraqlar ola bilər. Mətbuata ötürülən materialların mənbəyi hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı təqdirdə, bu şəxslərin kimliyinin üzə çıxacağı istisna edilmir.

Bundan başqa, rəsmi prokurorluq qərarından sonra qarayaxma kampaniyasının davam etdirilməsi yalnız bir həkimin şərəf və ləyaqətinə deyil, eyni zamanda hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmaq, cəmiyyətdə dövlət institutlarına qarşı etimadsızlıq yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər.

Tanınmış cərrah Rauf Xəlilovun öz şərəf və ləyaqətini, eləcə də həkim kimi işgüzar nüfuzunu qorumaq məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edəcəyi təqdirdə, bu kampaniyada iştirak edən bütün tərəflərin ifşa olunacağı gözləniləndir.

Cəmiyyətdə informasiya məsuliyyəti daşıyan media orqanlarının belə proseslərdə alətə çevrilməsi yolverilməzdir. Qarayaxma kampaniyası aparanlar və bu kampaniyaya platforma yaradanlar hüquqi qiymət almalıdır.

Həqiqət gec-tez üzə çıxır. Bu məsələdə də istisna olmayacağı şübhə doğurmur.

Arzuman Loğmanoğlu

Sozcu.info