“İnsanlar yerli icra hakimiyyətlərinin idarəetməsindən cana doyublar” – TALİYƏT ƏLİYEV

"Cəmiyyətdə həddindən artıq aqressiya hökm sürür, insanlar sanki psixoz vəziyyətindədir”
Ölkədə baş verən enerji böhranının ardınca Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsi sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda bir-birinə bağlı hadisələr kimi qiymətləndirildi. Belə ki, bir çox insanlar hər iki hadisənin təxribat olduğunu və bunun arxasında xarici qüvvələrin dayandığını iddia etdi. Bütün bunlar nə dərəcədə həqiqətə yaxın fikirlərdir? Bu və digər suallara ADP sədrinin müavini Taliyət Əliyevlə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.
- Gəncənin icra başçısı Elmar Vəliyevə olunan sui-qəsd və bu hadisədən sonra baş verənləri necə dəyərləndirirsiz?
- Sözsüz ki, baş verən ağır cinayət hadisəsini heç bir halda təqdir etmək olmaz. Amma bunu doğuran səbəbləri də gizlətmək olmaz. Elmar Vəliyev Gəncənin İcra Hakimiyyətinin başçısı olduğu dönəmdə onun orada idarəçilikdə yol verdiyi böyük nöqsanlarla bağlı hamının məlumatı var idi. Bütün bu məlumatlardan dolayı formalaşan təəssürat bu idi ki, gəncəlilər Elmar Vəliyevin idarəçiliyindən cana doyublar. Fikir verin, Elmar Vəliyevə edilən sui-qəsdlə bağlı sosial şəbəkələrdə yazılan rəylərin 99 faizi bu adamın əleyhinə yönəlib. Bu baxımdan Elmar Vəliyevə edilən sui-qəsdin motivində duran əsas faktorlardan biri onun idarəçilikdə yol verdiyi ciddi nöqsanlar, digəri insanlara qarşı yol verdiyi haqsızlıqlardır. Bütün bunlarla bərabər, bu sui-qəsdin arxasında hansısa xarici xüsusi kəşfiyyat orqanlarının durduğunu da istisna etmək olmaz. Çünki ölkənin əksər rayonlarında insanlar yerli icra hakimiyyətlərinin yarıtmaz idarəçiliyindən, özbaşınalığından, vətəndaşların problemlərinə laqeydliyindən əziyyət çəkirlər. Son illərdə İsmayıllıda və Qubada baş verən hadisələr də bunu təsdiq edir. Rayonların əksəriyyətində bu problemlər varkən, bu sui-qəsdin Gəncədə baş verməsini təsadüfi saymaq olmaz. Bildiyimiz kimi Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir, özünün yerli spesifik xüsusiyyətlərinə malikdir və bir çox tarixi-siyasi hadisələrə, o cümlədən 1993-cü il iyun qiyamına şahidlik edib. Bu baxımdan bu sui-qəsdin arxasında Azərbaycandakı sosial narazılıqlardan istifadə edərək ölkəni qarışdırmaq və özünün çirkin siyasi məqsədlərini həyata keçirmək istəyən xarici qüvvələrin dayana biləcəyini demək mümkündür. Ona görə baş vermiş hadisəyə soyuqqanlı yanaşmaq lazımdır. İndi baxırıq ki, sosial şəbəkələrdə bir qrup insanlar (daha çox saxta profillərlə) insanları meydanlara çağırır. Bu insanlar ya bilərkdən, ya da bilməyərəkdən həmin qüvvələrin əlinə işləyirlər. Amma əksəriyyət siyasi səbatsızlığından belə çağırış edirlər. Hadisənin mahiyyətinə varmadan sadəcə hadisənin doğurduğu emosiyanın təsiri altında hərəkət edirlər.
- Bu sui-qəsdi həyata keçirən Yunis Səfərovun işgəncələrə məruz qalmasını əks etdirən fotoları da insanlarda nifrət hissini alovlandırdı...
- Əlbəttə. Sözsüz ki, kimliyindən asılı olmayaraq və törətdiyi cinayətə görə hər hansı bir şəxsin işgəncəyə və qeyri-insani rəftara məruz qalması istər ölkə qanunvericiliyinə, istərsə də beynəlxalq qanunvericiliyin tələblərinə görə yolverilməzdir və ağır cinayətdir. Yunis Səfərovun paylaşılan şəkillərindən görünən o idi ki, o ağır fiziki işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. Verilən məlumatlara görə, Elmar Vəliyevin oğlu və adamları polisə gələrək onu orada döyüblər və işgəncələrə məruz qoyublar. Əgər belədirsə, bu faktın özü araşdırılmalıdır və hüquqi qiymət verilməlidir. Əks halda bu “bespredellik” pis bir presedent yarada bilər. Hadisədən dolayı Elmar Vəliyevin yaxınlarının emosional vəziyyətini başa düşmək mümkündür. Amma dövlət orqanına hücum edib, orada kimisə döymək “bespredellik”dir. Yunis Səfərovun Elmar Vəliyevin adamları tərəfindən döyülərək işgəncəyə məruz qalmasında həqiqət payının nə qədər olmasını deyə bilmərəm. Ancaq Elmar Vəliyevin qardaşı Xanlar Vəliyevin Yunis Səfərovun anasının erməni olduğunu bildirməklə, bir növ ona qarşı olan haqsızlıqlara haqq qazandırmağa çalışdı. Bəs onda Azərbaycanda bu gün faktiki yaşayan on minlərlə erməniləri neyləyək? Hüquqi və demokratik dövlət anlayışı harda qaldı? Əgər ölkənin hərbi prokuroru, generalı, baş prokurorun müavini və əməkdar hüquqşünası olan bir şəxs belə açıqlama verirsə, onda Yunisin Elmar Vəliyevin adamları tərəfindən döyülərək işgəncəyə məruz qalması real görünür. Düzdür, sonrada Yunisi efirə çıxardılar və onun fiziki işgəncəyə məruz qalmadığını, yalnız saxlanılma zamanı müqavimət göstərdiyinə görə polislər tərəfindən güc tətbiqinə məruz qaldığını öz dilindən efirə verdilər. Amma bu şoudan başqa bir şey deyildir, açıq-aydın Yunisin üz-gözünün qrimləndiyi və işlətdiyi sözləri də məcburiyyət qarşısında dilə gətirdiyi hiss olunurdu. Yunisin hərəkətlərinə haqq qazandırmaq mümkün olmadığı kimi, onun işgəncəyə məruz qalmasına da heç bir haqq qazandırmaq olmaz. Bu sivil cəmiyyət qanunları ilə bir araya sığan hal deyil. Onun cəzasını ədalət məhkəməsi verməlidir.
Bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır. Yunisin işgəncəyə məruz qalan qan içində olan şəkillərinin sosial şəbəkələrə kim və nə məqsədlə ötürüb? İlkin ehtimallar bundan ibarətdir ki, bunu hakimiyyət orqanları insanları qorxutmaq üçün məqsədyönlü şəkildə yayıb. Ola bilsin ki, bu faktor da var. Amma reallıq budur ki, bu şəkillər cəmiyyətdə əks effekt yaradaraq aqressiyanı daha da gücləndirdi. Ona görə bu sui-qəsdin xarici qüvvələr tərəfindən həyata keçirilmə ehtimalı daha da inandırıcıdır. Bu şəkilləri yayanlar da bilərəkdən, ya da bilməyərəkdən həmin xarici qüvvələrin əlində alət rolunu oynayıblar. Çünki bu hadisə yanan ocağı körükləməkdən başqa bir şey deyildir.
-İstintaqın obyektiv olacağına inanırsınızmı və hakimiyyət bundan sonrakı addımları necə olmalıdır?
-Ümumiyyətlə, Azərbaycanda məhkəmə-hüquq sisteminə bir inamsızlıq hökm sürdüyündən istintaqın obyektiv aparılacağına inam azdır. İndidən görürük ki, şəxs işgəncəyə məruz qalıb, təqsirləndirilən şəxslə bağlı verilən informasiyalar ziddiyyətli xarakter daşıyır. Bu adamın 2016-cı ildə İranın Qum şəhərində, sonra Suriyada, 2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlməsi, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edərək, başına küt alətlə xəsarət yetirməklə xidməti tapançasını ələ keçirməsi, bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləməsi, şübhəli davranışı ilə polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçması bildirilir. Əgər bu deyilənlər doğrudursa, 2017-ci ilin iyun ayında və bu ilin əvvəllində Gəncədə törətdiyi cinayət əməllərinə görə niyə görə bu adam məsuliyyətə cəlb olunmayıb? Belə çıxır ki, bunu himayə edən şəxslər olub. Yəni prosesləri izlədikcə aydın olan odur ki, baş vermiş hadisəni gah şəxsi ədavət müstəvisinə, gah dini müstəviyə, gah siyasi müstəviyə çəkmək istəyənlər var. Bütün bunlar kələfin ucunun itirilməsinə xidmət edir.
Hesab edirəm ki, hakimiyyət orqanları baş vermiş hadisəni analiz edib, düzgün qərarlar verməli, hər bir addımını qanun çərçivəsində atmalıdır. İlk olaraq istintaqın heç bir kənar təsir olmadan obyektiv aparılmasına şərait yaradılmalı və istintaqın nəticələri ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdır. Hakimiyyət baş verənlərdən dolayı özü üçün həm də ciddi nəticələr çıxarmalıdır. Baş verən hadisə bir daha onu göstərdi ki, insanlar yerli icra hakimiyyətlərinin idarəetməsindən cana doyublar. Cəmiyyətdə həddindən artıq aqressiya hökm sürür, insanlar sanki psixoz vəziyyətindədir. Vətəndaşları da qınamaq olmur. Axı bu dövlətin əsasını onlar təşkil edir. Vətəndaşa göstərilən münasibət dövlətə göstərilən münasibətdir. Bunu hər bir dövlət məmuru anlamalıdır. Bunun ortadan qaldırılması üçün hakimiyyət ölkədə köklü siyasi islahatları həyata keçirməlidir. Siyasi institutların və partiyaların fəaliyyətinə şərait yaradılmalıdır. İnsanların sivil qaydada etiraz etmək hüquqları təmin olunmalıdır. Bir həqiqəti dərk etmək lazımdır. Müqəddəs yerlər boş qalmır. Ölkənin sivil siyasi qüvvələri mübarizə meydanından çıxışdırılıb çıxarılırsa, həmin meydanı başqa qüvvələr tutacaqdır.
RƏŞAD