İran rejimi etirazları güc yolu ilə yatıracağını açıqladı

Baxış sayı:
439

İran polisinin rəhbəri Əhməd Radan etirazların qarşısının alınmasına güc tətbiqinin artırılmasını təsdiqləyib.

"Azadlıq" radiosunun "Radio Fərda" xidməti yazır ki, Radan etirazlarda ölənlərin əksəriyyətinin soyuq silah və ya bıçaq yarasından öldüyünü bildirib. O bunun təhlükəsizlik qüvvələrinin qətllərdə əlinin olmamasına sübut olduğunu iddia edib.

Radan bu açıqlamanı sosial şəbəkələrdə İranın təhlükəsizlik qüvvələrinin etirazçılara birbaşa atəş açması ilə bağlı yayılan videolar fonunda verib. Radio Fərda və CNN-ə danışan şahidlər isə xəstəxanalara gətirilən yaralılar və ölülərdə dəyənək izi və güllə yaralarının olmasını təsdiqləyiblər.

Tehranın şərqində yaşayan şahidlərdən biri deyir ki, SEPAH bölmələrinin paytaxta gətirilməsindən sonra şəhər faktiki olaraq hərbi nəzarət altına düşüb, gecələr fasiləsiz atışlar eşidilməyə başlanıb.

Hökumət hələlik ölən və yaralılar barəsində rəsmi bəyanat verməsə də HRANA hüquq müdafiə təşkilatı ölənlərin sayının 100 nəfər olduğunu açıqlayıb. Onların çoxunun yaxın məsafədən dəyənək zərbəsi və güllə yarasından öldüyü bildirilib. Radio Fərda isə indiyə qədər 35 nəfərin etirazların öldüyünü təsdiqlədə bilib.