İranda gərginlik ARTDI - Küçələrdə “Xameneiyə ölüm” şüarları səslənir

Baxış sayı:
679

İranın bir sıra şəhərlərində yenidən hökumət əleyhinə etiraz aksiyaları keçirilir.

Muxalifet.az xəbər verir ki, aksiyalar Tehran, Şiraz, Kermanşah, Məşhəd və digər yaşayış məntəqələrində qeydə alınıb. Etirazçılar küçələrə çıxaraq nəqliyyatın hərəkətini məhdudlaşdırıb və ölkənin ali rəhbərliyinə qarşı, o cümlədən “Xameneiyə ölüm!” şüarları səsləndiriblər. Bəzi ərazilərdə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyi bildirilir.

Baş verən iğtişaşlar fonunda dövlətə məxsus Tasnim agentliyi İlam vilayətində inzibati binalara və polis obyektlərinə qarşı bir sıra hücumlar həyata keçirildiyini xəbər verir.

Agentliyin məlumatına görə, hücumları üzlərini maska ilə örtmüş naməlum şəxslər törədib. İddia olunur ki, saxlanılan iştirakçılardan birinin üzərində xarici istehsal olan sursat aşkarlanıb və Tasnim bunu İsraillə əlaqələndirir.

Rəsmi qurumlar hələlik xəsarət alanlar və saxlanılanların sayı barədə məlumat açıqlamayıb. Ölkənin bir sıra bölgələrində vəziyyət gərgin olaraq qalır.