“İRAN ATOM SƏNAYESİNİ QURARKƏN İSRAİLDƏN YARDIM ALIB” – “Hər yeni etiraz dalğası sistemi zəiflədir”

Baxış sayı:
157

“İsrail Tehranda göydələn tikib, iranlılar müalicə üçün Yerusəlimə gedir, İranla İsrail arasında nüvə energetikası sahəsində əməkdaşlıq inkişaf edir, İsrail silahlarının İrana tədarükü artır, iki ölkənin xüsusi xidmət orqanları təhlükəsizlik təhdidlərinin qarşısının alınması üçün sıx koordinasiya edir, universitetlər arasında aktiv tələbə mübadiləsi davam edir…”

Bu cür məlumat bu gün yayımlansaydı, tamamilə fantastik səslənər, bəziləri bunu acı istehza kimi qəbul edərdi. Halbuki İsrail-İran münasibətlərinin tarixində bütün bunlar real olub. 1950-ci illərdən 1979-cu ildə İranda baş verən İslam inqilabınadək iki ölkə kifayət qədər səmərəli əməkdaşlıq edib. Bu münasibətlərin necə qurulduğunu və gələcəkdə İran-İsrail münasibətlərinin normallaşmasının mümkün olub-olmadığını iranşünas alim, tarix elmləri doktoru, “İran–İsrail: tərəfdaşlıqdan münaqişəyə” kitabının müəllifi Vladimir Mesamed izah edir.

Muxalifet.az azpolitika.info-ya istinadən onun Qərb mediasına müsahibəsini ixtisarla təqdim edir:

– 1948-ci ildə İsrail dövləti elan olundu və dərhal müstəqillik uğrunda müharibə başladı. Ərəb dövlətləri İsrailə hücum etdi. Həmin dövrdə İran hansı mövqeni tutdu?

– İlk növbədə qeyd etmək lazımdır ki, İsrailin yaradılmasından əvvəl, 1947-ci il noyabrın 29-da BMT-də bu məsələ ilə bağlı səsvermə keçirilmişdi. İran həmin səsvermədə əleyhinə səs vermişdi və faktiki olaraq müsəlman və ərəb ölkələrinin ümumi mövqeyinə qoşulmuşdu. 1948-ci il mayın 14-də İsrail rəsmən elan edildikdən sonra isə İran ona qarşı heç bir hərbi addım atmadı və İsrailə qarşı aparılan müharibədə iştirak etmədi. Bununla belə, həmin dövrdə İran İsraili rəsmi olaraq tanımadı.

İsrailin xarici siyasətinin əsas məqsədi Yaxın Şərqdə tanınmaq idi. Müsəlman ölkələri arasında bu proses tədricən baş verdi: 1949-cu ildə Türkiyə, 1950-ci ildə isə İran İsraili tanıdı. Bu qərar 1950-ci il martın 6-da İran Nazirlər Kabinetinin iclasında qəbul edildi. Tanınma de-fakto xarakter daşıyırdı, lakin de-yure deyildi. Maraqlıdır ki, bu hadisə şah Məhəmməd Rza Pəhləvinin ABŞ-yə ilk səfərindən az əvvəl baş verdi. Vaşinqtonun artıq İsraillə fəal əməkdaşlıq etdiyini anlayan şah yəhudi dövlətini ehtiyatla – tam hüquqi tanınma olmadan qəbul etməyə qərar verdi. Beləliklə, İsrailin dövlət müstəqilliyi İran tərəfindən rəsmi hüquqi baxımdan heç vaxt tanınmadı.

İki il sonra, Məhəmməd Mosəddiqin baş nazir olduğu dövrdə İsraillə münasibətlərin kəsilməsi təklif edildi. Mosəddiq hesab edirdi ki, bu əlaqələr İranın ərəb ölkələri ilə münasibətlərinə zərər vurur. Lakin hökumət tam qopmaya getmədi, yalnız Yerusəlimdəki baş konsulluğun bağlanması müzakirə olundu. Sonda bu addım da atılmadı. 1979-cu il İslam inqilabınadək, bütün ziddiyyətlərə baxmayaraq, İran və İsrail arasında münasibətlər kifayət qədər sıx olaraq qaldı.

– Əməkdaşlıq əsasən hansı sahələri əhatə edirdi? 

– Bu əməkdaşlıq dərhal başlamadı. Tərəflər 1950-ci illərin sonunadək bir-birini yaxından müşahidə edirdi. Şah bir tərəfdən İsraillə əlaqələri qoruyur, digər tərəfdən isə İranın dialoq apardığı ərəb ölkələrini qıcıqlandırmaq istəmirdi. Buna görə də İsraillə münasibətlər açıq şəkildə reklam olunmurdu. Məsələn, İran neftinin İsrailə satılması ilə bağlı suallara şah adətən yayınaraq cavab verirdi: bunun dövlət siyasətinin bir hissəsi olmadığını, yalnız kiçik həcmdə ticarət olduğunu deyirdi. Lakin 1950-ci illərin sonlarından etibarən əməkdaşlıq sürətlə genişlənməyə başladı.

Bu prosesdə İsrailin ilk Baş naziri David Ben-Qurionun “periferik ittifaqlar” konsepsiyası mühüm rol oynadı. O hesab edirdi ki, İsrail yaxın ərəb qonşuları ilə münasibət qura bilmirsə, regionun kənarında yerləşən ölkələrlə – Türkiyə və İranla əlaqələri gücləndirməlidir. Bu strategiya çərçivəsində İrana səfir göndərilən Meir Ezri (İran əsilli diplomat) demək olar ki, 10 il ölkədə çalışaraq ikitərəfli münasibətlərin əsasını qoydu. İran İsrail üçün əsas neft təchizatçılarından birinə çevrildi. Neft Eylat limanına, daha sonra isə Aşkelon marşrutu ilə daşınırdı. 1960-cı illərin əvvəlində İran dünya bazarında nefti təxminən 1 dollar 20 sentə, İsrailə isə 1 dollara – yəni bazar qiymətindən də ucuz təklif edirdi. 1960-cı illərin ortalarına doğru İsrail artıq İranın ən iri 10 ticarət tərəfdaşından biri idi. Əməkdaşlıq kənd təsərrüfatı, yüksək texnologiyalar, elm və təhsil (tələbə mübadiləsi), tibb sahələrini də əhatə edirdi. İsrail İran səhiyyəsində, xüsusilə oftalmologiya sahəsində bütöv istiqamətlərin formalaşmasına kömək edib. İranın orta təbəqəsinə mənsub çoxsaylı şəxslər Yerusəlimdəki məşhur “Hadassa” tibb mərkəzində müalicə alırdı. Tehranın modernləşməsinin simvolları sayılan ilk işıqfor və ilk göydələn – 1960-cı illərdə tikilmiş 17 mərtəbəli “Plasko” ticarət mərkəzi də İsrailin iştirakı ilə inşa olunmuşdu (Qeyd edək ki, bina 2017-ci ildə güclü yanğından sonra uçmuşdu.). Ən mühüm sahələrdən biri isə hərbi əməkdaşlıq idi. İsrail İrana avtomatlardan başlayaraq müxtəlif silahlar tədarük edirdi, hərbi obyektlərin və hətta raket istehsalı zavodunun tikintisində iştirak edirdi. İsrailli mütəxəssislər İranın təhlükəsizlik və müdafiə sektorunda geniş şəkildə fəaliyyət göstərirdi.

İran–İsrail münasibətləri və nüvə əməkdaşlığı

– Bildiyimə görə İsrail İrana atom sahəsində də kömək edib. Bu doğrudurmu?

– Bəli. David Ben-Qurionun xatirələrində qeyd olunur ki, hələ 1958-ci ildə iranlı alimlər ona müraciət edərək atom texnologiyalarının inkişafında yardım istəyiblər. Lakin həmin dövrdə bu təşəbbüs reallaşmayıb. 1970-ci illərin ortalarına doğru, İran nüvə energetikasına ciddi şəkildə girişəndə isə israilli mütəxəssislər artıq İran nüvə proqramı üçün infrastrukturun yaradılmasında iştirak edirdilər. O cümlədən atom elektrik stansiyalarının inşasında çalışan mütəxəssislər üçün yaşayış şəhərciyinin salınmasına kömək göstərilmişdi.

1979-cu il İslam inqilabından sonra bu əməkdaşlıq tamamilə dayandırıldı. Sonralar, İran-İraq müharibəsi zamanı zədələnmiş Buşehr Atom Elektrik Stansiyasının bərpasında Rusiya iştirak etdi. Rəsmi sənədlərdə bu proses “tikinti” deyil, məhz “bərpa” kimi təqdim olunurdu, çünki layihənin əsası hələ şah dövründə, Qərb ölkələrinin iştirakı ilə qoyulmuşdu.

Hazırda İsrail İranın nüvə proqramına kəskin şəkildə qarşı çıxır və onu öz mövcudluğu üçün təhlükə hesab edir. Bu yaxınlarda ABŞ-nin sabiq Prezidenti Corc Buş ilə Rusiya Prezidenti Vladimir Putin arasında aparılmış yazışmaların dərc edilməsi göstərdi ki, artıq 2000-ci illərin əvvəllərində Moskva da İranın “dinc atomunun” əslində tamamilə dinc olmadığı qənaətinə gəlmişdi.

– İslam inqilabı, təbii ki, qəfil baş vermədi. İsrail İranda ciddi dəyişikliklərin yaxınlaşdığını görürdümü və prosesə təsir göstərə bilərdimi?

– Təsir göstərməsi çətin idi, lakin İsrail baş verənləri diqqətlə izləyirdi. Həmin dövrdə “Kalil” adlanan üçtərəfli forum mövcud idi. Bu platforma “Trident” (“Üçdişli nizə”) kimi də tanınırdı. Forum çərçivəsində İsrailin “Mossad”ı, Türkiyənin TNSS/MAH və İranın SАVAK xüsusi xidmət orqanlarının rəhbərləri ildə iki dəfə görüşərək kəşfiyyat məlumatlarının mübadiləsini aparır və fəaliyyətlərini koordinasiya edirdilər.

1978-ci ilin yayında İsrail kəşfiyyatı artıq İranda İslam inqilabının baş vermə ehtimalının çox yüksək olduğu barədə xəbərdarlıq etmişdi. Lakin ABŞ bu prosesin o qədər də yaxın olmadığını düşünürdü və sonda məhz bu mövqe üstün gəldi.

İnqilabın qaçılmaz olduğu aydınlaşanda, İranda çalışan çoxsaylı israilli hərbi, elmi və iqtisadi mütəxəssislər ölkəni tərk etməyə məcbur oldular. Müsahib bu vəziyyəti SSRİ müşavirlərinin bütün nazirliklərdə çalışdığı Əfqanıstan nümunəsi ilə müqayisə edir. İsrailin sabiq səfiri Meir Ezri xatirələrində yazır ki, inqilabdan əvvəlki son günlərdə islamçıların tezliklə hakimiyyəti ələ keçirəcəyi barədə çoxsaylı siqnallar daxil olurdu. Maraqlı bir epizod da var: inqilabın qələbəsindən az əvvəl İranın SАVAK xüsusi xidməti “Mossad”dan ayətullah Ruhulla Musəvi Xomeyninin İrana qayıdışının qarşısını almağı xahiş etmişdi. İsrail isə bunun İranın daxili işi olduğunu bildirərək bu tələbi rədd etmişdi. Xomeyni 1979-cu il fevralın 1-də – şah rejiminin tam süqutundan cəmi 10 gün əvvəl İrana qayıtdı. Daha sonra o, İsraili “islamın müqəddəs yerlərini işğal etmiş sionist rejim” adlandırdı.

– Görünür, məhz sıx əməkdaşlıq dövründə İsrail kəşfiyyatı İranda möhkəm mövqelər qazanmışdı və bu, ona bu gün də effektiv fəaliyyət göstərməyə imkan verir?

– Bəli, güc strukturları arasında əməkdaşlıq doğrudan da fəal idi. 1967-ci ildə şahın tacqoyma mərasiminə xarici ölkələrin hərbi və kəşfiyyat nümayəndələri arasında yalnız Tehrandakı “Mossad” təmsilçisi rəsmi dəvət almışdı. Lakin bütün bunlara baxmayaraq, İslam inqilabının bu qədər sürətlə yaxınlaşacağını israillilər də dəqiq proqnozlaşdıra bilməmişdi.

– İnqilabdan sonra İsrail demək olar ki, dərhal İranın əsas düşməninə çevrildi. Bu qədər kəskin dönüşün səbəbi nə idi?

– İsrail ilkin mərhələdə yeni rejimlə münasibətlər qurmağa cəhd göstərmiş, əməkdaşlıq təklifi ilə rəsmi məktub göndərmişdi. Lakin ayətullah Ruhulla Xomeyni bu təklifi sərt şəkildə rədd etdi. Bunun bir neçə səbəbi var idi.

 

 

Birincisi, Xomeyninin ideoloji mövqeyi. O, ali dini lider – ayətullah əl-uzma kimi bəyan edirdi ki, İsrail “İslamın müqəddəs yerlərini işğal etmiş sionist rejimdir” və onun mövcudluğu ilə barışmaq olmaz. Bu tezis İranın İsrailə münasibətinin ideoloji əsasına çevrildi. Yəhudilərə və İsrailə qarşı düşmənçilik, əslində, inqilabdan əvvəl də dini dairələrdə mövcud idi. Bu gün Xomeyninin hakimiyyətə gəlməzdən əvvəl İsrailə qarşı söylədiyi çoxsaylı sərt bəyanatlar dərc olunub.

İkincisi, İslam Respublikası başlanğıcdan qeyri-sabit idi: İran–İraq müharibəsi, daxili etirazlar, siyasi böhranlar ard-arda baş verirdi. Belə bir şəraitdə rejimə xarici düşmən obrazı lazım idi və bu rol kiçik, lakin simvolik baxımdan əhəmiyyətli olan İsrailə verildi. Maraqlıdır ki, İsrail 1962-ci ildə İranda baş verən güclü zəlzələdən sonra zərərçəkmiş bölgəyə geniş humanitar yardım göstərmişdi. Həmin vaxt İsrailin kənd təsərrüfatı naziri məşhur Moşe Dayan idi və o da bu yardımlarda şəxsən iştirak etmişdi. Bundan əlavə, şah rejimi İran yəhudi icması və İsraillə sıx əlaqələr saxlayırdı. Buna görə də şaha qarşı nifrət qismən İsrailə də transfer olundu. Unutmaq olmaz ki, İran İslam inqilabı açıq şəkildə anti-monarxist və anti-imperialist şüarlar altında baş vermişdi. ABŞ Tehranın gözündə “böyük imperialist şeytan”, İsrail isə “kiçik şeytan” elan edildi. Zaman keçdikcə bu düşmənçilik daha da dərinləşdi – xüsusən də İranın nüvə proqramı ətrafında yaranan münaqişə fonunda. Gərginliyin son mərhələsi 2025-ci ilin iyun müharibəsi, İsrail və ABŞ-nin İranın nüvə infrastrukturunu sıradan çıxarmaq cəhdləri ilə bağlıdır. Tehran bu proqramı dinc adlandırsa da, İsrail onu öz təhlükəsizliyi və mövcudluğu üçün birbaşa təhdid hesab edir.

– İslam inqilabından sonra İranda yaşayan yəhudilərin həyatı necə dəyişdi?

– Yəhudi icması İranda təxminən 26 əsrdir mövcuddur. 1979-cu ilə qədər ölkədə təxminən 85 min yəhudi yaşayırdı – bu, əhalinin təxminən 0,25 faizi idi. Maraqlıdır ki, həkimlərin 6 faizi, tələbələrin isə 4 faizi yəhudilər idi. İranda yəhudilərin 90 faizi savadlı idi ki, bu da ölkə üzrə orta göstəricidən xeyli yüksək idi. Bu, fəal və yüksək təhsilli icma idi. Yəhudilərin bir hissəsi hələ XIX əsrin sonlarından etibarən müasir İsrail ərazisinə köç etməyə başlamışdı. İslam inqilabından sonra isə kütləvi mühacirət dalğası başladı. Bu gün İranda təxminən 9–12 min, daha real olaraq isə 9 minə yaxın yəhudi qalıb.

Onların bugünkü vəziyyəti ikili xarakter daşıyır. Bir tərəfdən, yəhudilər İran Konstitusiyasına əsasən rəsmi dini azlıq kimi tanınır – xristianlar (əsasən ermənilər) və zərdüştilər kimi. Onların parlamentdə zəmanətli təmsilçiliyi var. 1980-ci ildə bu təmsilçilik ləğv edilsə də, sonradan bərpa olunub. İranda 35–40 sinaqoq, yəhudi məktəbləri və hətta 1930-cu illərdə açılmış böyük yəhudi xəstəxanası fəaliyyət göstərir. Doğrudur, yəhudi məktəblərinin direktorları müsəlman olmalıdır. Yəhudi icmasının əsas mərkəzləri Tehran, İsfahan və Şirazdır.

Digər tərəfdən isə yəhudilər tez-tez İsraillə əlaqələndirilir. Münasibətlərin gərginləşdiyi dövrlərdə onlara qarşı casusluq ittihamları irəli sürülür. 1980-ci illərin əvvəlində yəhudi icmasının bir neçə lideri, o cümlədən inqilabdan sonra bütün xəbərdarlıqlara baxmayaraq İrana qayıdan tanınmış biznesmen Həbib Elqanyan edam edilmişdi. Onun məhkəməsi cəmi 20 dəqiqə davam etmişdi. Bu hadisə yəhudilərin ölkəni tərk etməsini daha da sürətləndirdi.

1990-cı illərin sonlarında isə 13 yəhudinin İsraillə əlaqədə ittiham olunaraq həbs edilməsi böyük rezonans doğurdu. Onlar məhkəmə olunsa da, sonda əfv edildilər. Buna baxmayaraq, yəhudi icması İranda bu gün də mövcuddur və Yaxın Şərqdə (Mərakeşdən sonra) ən böyük yəhudi icması hesab olunur.

– Tutaq ki, ayətollahlar rejimi süqut etdi. Bu halda İran və İsrail yenidən əməkdaşlığa başlaya bilərmi?

– Mən hesab etmirəm ki, indiki etirazlar dərhal rejimin süqutuna gətirib çıxaracaq. Lakin hər yeni etiraz dalğası sistemi zəiflədir. Eyni zamanda, vacib bir məqam var: İran cəmiyyəti bütövlükdə İsrailə düşmən mövqedə deyil. Mən İsrail radiosunda işlədiyim dövrdə İrana yayımlar aparılırdı və dinləyicilər tez-tez zəng edərək normal münasibətlər dövrünü xatırladıqlarını deyirdilər.

İran taxt-tacının varisi, şahın böyük oğlu Rza Pəhləvi də bu yaxınlarda bəyan edib ki, rejim dəyişərsə, İran İsraillə münasibətləri bərpa etməli və onları yeni səviyyəyə qaldırmalıdır.

Mən hesab edirəm ki, bu tamamilə mümkündür. Tarixən bu əməkdaşlıq qarşılıqlı faydalı və effektiv olub. Əsas maneə məhz İslam Respublikasının ideologiyasıdır. Əgər bu ideoloji çərçivə aradan qalxarsa, İran və İsrail 1979-cu ildən əvvəl mövcud olan münasibətlər səviyyəsinə qayıda bilərlər.