​“İstək” liseyləri fəaliyyətini niyə dayandırdı? – ASLAN İSMAYILOVUN ŞƏRHİ

Baxış sayı:
6271

Tanınmış hüquqşünas , “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov özünün Facebook səhifəsində maraqlı status paylaşıb. O, “İstək” liseyinin fəaliyyətinin dayandırmasına diqqət çəkib.
Xatırladaq ki, ötən həftə "İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.
Müraciətdə "İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.
Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən "İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.
Təhsil Nazirliyi "İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırıb ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

Aslan İsmayılov “İstək” liseyinin fəaliyyətini dayandırması ilə bağlı statusunda yazır:
“Bir çoxlarınız kimi mən də mətbuatdan “İstək” liseylərinin fəaliyyətlərini dayandırmaları barədə məlumatlarla tanış oldum. Bu liseyləri ən çox 700 bal yığan məzunları və haqqında “Forbes”dən tutmuş bir çox elmi dərgilərin yazdığı gənc ixtiraçı Reyhan Camalovadan tanımışam. İndi hələ də aydın olmayan səbəblərdən bu liseylərin də fəaliyyətini dayandırırlar.
Görəsən, həqiqətənmi işıq gələn bütün təhsil ocaqlarını məhv etmək qarşıya qoyulmuş məqsəddir. Yoxsa, yenə məmur xislətlilərin inhisar qurmalarının şahidi oluruq. Bildiyim qədər Əli Həsənovun həyat yoldaşının sahibi olduğu “Kaspi” liseyləri inhisarçılıq sahəsində müstəsna uğurlar əldə ediblər”.
Muxalifet.az