Əli Həsənovun “40 pilləkən”i kafeyə çevirməsi... – PREZİDENTİN SABİQ KÖMƏKÇİSİNİN ÖZBAŞINALIĞI NİYƏ ARAŞDIRILMIR?

Baxış sayı:
4274

25 ilə yaxın müddətdə Azərbaycan Respublikası  Prezident Administrasiyasının ictimai – siyasi şöbəsinin müdiri kimi dövlətin başlıca postlarından birini tutan Əli Həsənovun gerçəkdə postundan,  görəvindən şəxsi məqsədilə, qohum – qardaşlarının adına gəlir əldə etməkdən yana yararlanması toplumdan gizlin deyildi. Bir neçə il prezident köməkçisi görəvini də daşıyan keçmiş məmur heç özü də bunu gizlətmir,  qohumlarının biznesi ilə “şərəf duyduğunu” açıqlayırdı. Elə indi “qoz kimi” ədası ritorikası ilə!
Səbail rayonundakı Prezident Administrasiyasının bir neçə addımlığında yerləşən “40 pilləkən” kompleksinin başındakı zibilxananı  on illərlə ali dövlət hakimiyyəti orqanlarının aktı ilə əldə etmək istəyən Qarabağ qazilərinin istəyini də Əli Həsənov gözlərində qoyub. 2011-ci ildə cavabdeh Səbail RİH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarovun Səbail məhkəməsi (hakim Nurəddin Bağırov) ilə qeyri-prosessual ilişgi sonucunda məhkəməyə verdiyi  “Alyans-F” MMC-nin adına saxta qeydiyyat çıxarışının surəti qazilərin iddiasının təmin olunmamasına gətirib. Çıxarışın saxtalığını əslinin olmaması,  “e-gov” elektron məhkəmə portalı , “Azərpoçt”, BŞİH , DİN doğrulasa da,  nə prokurorluq,  nə Məhkəmə Hüquq Şurası, nə də bütövlükdə məhkəmə hakimiyyəti bu açıq – aşkar dövlət cinayətinə hüquqi qiymət verilməsini təmin etməyib. Hamısında son dönəmdə gizlin əl qazilərin hüququna qadağa qoyub. 2015-ci ildə  Səbail prokurorluğu pıçıltı ilə,  Səbail RİH və BŞİH rəsmi məktublarla zibilxananı Əli Həsənovun dayısı oğlu, MTRŞ-yə üzv etdiyi Cəfərov Məmməd Hüseyn oğlunun adına qeydiyyatla ələ keçirən “gizlin əl” olduğunu bildirib.

Axı, prezidentin köməkçisi, MTRŞ-nın müşahidə şurasının üzvü görəvləri dövlət qulluğudur və dövlət qulluqçularının bizneslə məşğul olmasını “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun və digər normativ hüquqi aktlar qadağan edir! Əli Həsənov dövlət qulluğu biznesini pərdələmək üçün PA-dakı həmkarlarına da qanunsuz basqı yapıb. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, keçmiş vergilər nazirinin müavini Natiq Əmirova qazilərin şikayətinə cavab olaraq VN-in müavini İlkin Vəliyev “40 pillə” kafesinin vergi uçotuna dayanmadan fəaliyyəti və sahibi barəsində “dövlət kommersiya sirri” adı ilə bilgi verməkdən imtina edib! (?) Axırı, prezidentə dezinformasiya biznesi ilə,  aztəminatlı toplumun əmlak hüququna şəxsi biznes marağı ilə “yardımçılıq edən” Əli Həsənov görəvindən alınanda gizlinlər aşkara çıxdı, İqtisadiyyat Nazirliyinin yanına verilən Əmlak Məsələləri Dövlət Xidməti,  Vergi Xidməti rəsmi məktublarla “40 pilləkən” kompleksinin başındakı zibilxananın heç kimin adına sənədləşdirilmədiyini bildirdilər. Di gəl,  bir ilə yaxındır Baş prokurorluq baş verən dövlət cinayətini araşdırmaqdan, fakta hüquqi qiymət verməkdən imtina edir. Bir ildir Bakı şəhər prokurorluğu Əli Həsənovun vəzifəsindən sui – istifadə etməsinə hüquqi qiymət veriləcəyini hər ay söz versə də, sözdən işə keçilmir. Səbail prokurorluğu və polisindən isə heç danışmağa dəyməz. Təsəvvür edin, 18.11.2020-ci ildə  Səbail RPİ-dən bölmə rəisi Çinar Nuriyev qazilərin hüquq müdafiəçisini çağırıb və. .. müstəntiq Fərid Soltanlı  adi bir izahat almağa da “ərinib” ki, 2 günə məsələni çözəcək. 2 gün 9 ay 10 gün olub,  hələ də zərərçəkənlərin adi izahatı belə alınmayıb.
Bu günlərdə Səbail RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov 24.08.2021 tarixli 86 saylı məktubla bildirib ki, “40 pilləkən” kompleksinin saxta sənədlərlə kafeyə çevrilməsi faktına hüquqi qiymət vermək səlahiyyəti yoxdur. Qəribə məntiqdir, Əli Həsənovun göstərişilə  Səbail rayon icra hakimiyyətinin,  prokurorluğunun,  polisinin,  məhkəməsinin və digər dövlət qurumlarının mütəşəkkil saxtalığına hüquqi qiymət verilməsi bəyəm hansısa ərazi nümayəndəsinə tapşırılıb? 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyə hansı qurum tapşırıb ki, mütəşəkkil korrupsiya faktına hüquqi qiymət verilməsini təmin etsin? Belə hüquqla nəsə əldə etmək olar?
Dünənədək zibilxananı kafeyə çevirməklə prezidentə yardım edən Əli Həsənov,  bu gün “tualet xidməti”ndən şikayətlənir. Zibilxana, tualet biznesinin nə vaxtsa başında çatlayacağı kimə gizlindir ki?  Necə deyərlər, öz cəzandır, çək , Balaş!
Məğrur BƏDƏLSOY