Qarabağ filminə görə bolqar jurnalist təhdid olunursa... – RƏY

Belə görünür ki, Qarabağ həqiqətləri yavaş-yavaş dünya ictimai rəyinə yol tapır.
Bu sözləri Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən film nümayişinə ermənilərin aqressiv reaksiyasını şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bizim ən böyük problemimiz Azərbaycanda baş verən erməni silahlı separatizminin dünya tərəfindən obyektiv qəbul edilməməsidir:
“Bunun da nəticəsində bəzi dövlətlər bu problemin həllinə yanaşmada ikili standartlardan çıxış edir. Ermənistan təcavüzkar olsa da, bəziləri onu təcavüzə məruz qalmış ölkə kimi tanıyır, bəziləri müsəlman ətrafında xristian anklavının əzab-əziyyət içində yaşamasını qeyd edir. Nəticə etibarı ilə bölgədə erməni təcavüzü və torpaqlarımızın 20%-nin işğalına səbəb olmuş Ermənistan hücumu haqqında heç bir təsəvvür yaradılmır. Çox təəssüf edirəm ki, dünyanın aparıcı dövlətlərində, hətta həmsədr ölkələrdə də Qarabağ həqiqətləri ictimai rəydə hələ də özünə yer tapa bilməyib. Kimin təcavüzkar, kimin təcavüzə məruz qalan olması məsələsində də Azərbaycan və Ermənistan eyniləşdirilir. Hətta BMT-nin Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, hələ də erməni lobbisinin təbliğatı altında olan ölkələr var. Həmin ölkələr erməni lobbisinin yaydığı materialları əsas götürür və çox zaman aqressiv separatizmindən söhbət edirlər. Hətta çox vaxt belə dövlətlər torpaqlarımızın işğalı və bir milyondan çox soydaşımızın etnik təmizlənməyə məruz qalması faktının üstündən sükutla keçirlər. Azərbaycana bu müharibə nəticəsində 350 milyard dollarlıq ziyan dəyib. Biz bunun haqqında geniş danışsaq da, dünya ictimai rəyində bu həqiqəti tam qəbul etdirə bilməmişik”.
Politoloq vurğulayıb ki, Bolqarıstanda yayımlanan bu film ən azından bolqar cəmiyyətinin müəyyən hissəsinə təsir edəcək:
“Digər tərəfdən, bu film bolqar cəmiyyətində bölgədə uzun müddətdir davam edən Qarabağ düyününün hansı səbəblərə görə açılmaması haqqında fikirlər formalaşdıracaq”.
Politoloq qeyd edib ki, ermənilər təbliğatda bizdən öndədirlər:
“Onlar hətta baş verməmiş, tarixdə olmayan erməni soyqırımını dünya ictimaiyyətinə qəbul etdirirlər. Eyni zamanda dünya ictimai fikrini Qarabağ məsələsində də öz xeyirlərinə formalaşdırmağa çalışırlar. Amma görünür, Azərbaycan artıq dünya ictimai rəyinə güclü təsir imkanları əldə edib. Bu təsir imkanları nəticəsində müxtəlif ölkələrdə real həqiqətlər yayılmaqdadır. Hesab edirəm ki, ermənilərin buna qarşı çıxmasından, hədələrindən istifadə edib, növbəti təbliğat apara bilərik. Dünya həm də ermənilərin həqiqətlərə qarşı necə amansız olduğunu bir daha görər, onların “məzlum” maskası yırtılmış olar”.
Qeyd edək ki, Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş olunub. İvan Qeorqiyev və Boris Pintevin ərsəyə gətirdiyi “Spomeni ot Karabax” filmindəki həqiqətləri həzm edə bilməyən ermənilər jurnalistlərə və televiziyaya qarşı hücuma keçiblər. Onlar hətta təhdidə də əl atıblar./axar/