QARABAĞA BÖYÜK DÖNÜŞ PLANI - İşğaldakı torpaqlarımız qaytarılır...

Baxış sayı:
8557

Azərbaycan addım-addım itirilmiş torpaqlarına sahib çıxır

1991-1994-cü illərdə Azərbaycanın tarixi əraziləri, Qarabağ və onun ətrafındakı rayonlar işğal olundular. Ermənilərin Qafqazda iki yüzillik qəsbkarlıq siyasəti nəticəsində bu dəşhət saçan proseslər Azərbaycan dövlətinə çox baha başa gəldi. Bir milyondan artıq insan doğma yurd-yuvalarından didərgin oldu, minillərlə formalaşmış həyat tərzi demək olar ki, çökdürüldü. Xalq təsərrüfatına, digər sənaye infrastrukturlarına milyardlarla dollar dəyərində zərər dəydi. Keçmiş Sovetlər Birliyi dağılan zaman faktiki olaraq, Azərbaycan dövləti sıfırdan qurulmağa başladı.
Ermənilər 1917-ci ildə Çarlıq Rusiyası çökdükdən sonra, Qafqazda uydurma “Ermənistan” adlı dövlətini qurmaq üçün, indki Gürcüstanda və Azərbaycanda, eləcə də indi Ermənistan adlı bölgədə azərbaycanlı əhaliyə qarşı bir sıra dövlətlərin dəstəyi ilə hansı soyqırım siyasətini yürütmüşdülərsə, bu dəfə Qarabağ və onun ətraf rayonlarında bu antibəşəri addımları atdılar. İndi aradan 25 il ötməsinə baxmayaraq, Azərbaycan dövləti, nə də Azərbaycan xalqı bu dəhşətləri bağışlamadığını və unutmadığını isbat etməkdədir. Güclü dövlət, güclü ordu və güclü iqtisadiyyat strategiyasını milli iradəyə çevirməklə tarixi və ilahi ədaləti bərpa etməyə başlamışdır.
 
Lələ Təpədən başlanılan dönüş və Böyük Qayıdış

Lələ Təpə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən və 271.1 metr hündürlüyə malik ərazidir. Hərbi strateji əhəmiyyətinə malik olan bu təpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11-12-də döyüş yerlərindən biri olub. 2 aprel 2016-cı il aprel ayında Lələ Təpə dörd gün davam edən müharibə zamanı Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib. Lələ Təpənin azadlığı uğrunda Azərbaycan əsgərinin döyüş şücaəti iqtidarlı-müxalifətli, cəmiyyətin bütün təbəqələri tərəfindən böyük coşqularla qarşılandı. Hamı Azərbaycan Ordusunun bu rəşadətini alqışladı. Ümumilli həmrəylik nümayiş etdirildi. Bütün bunlarda təbii ki, ölkə prezidenti və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi xüsusi rol oynadı.
Lələ Təpə yüksəkliyinin azad olunmasından sonra Azərbaycan cəmiyyətində işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində çox böyük ümidlər yaranıb. İndi Cocuq Mərcanlı kəndində 3 min nəfərə yaxın əhalinin məskunlaşması üçün çox böyük imkanlar var. Belə ki, kəndin ümumi ərazisi 1605 hektardır. Bunun 1134-ü kənd təsərrüfatı üçün yararlı sahədir. Əvvəllər bu kənddə 283 ev olub və 400 ailə,  ümumilikdə 1075 nəfər yaşamışdır. Kənd sakinləri üzümçülük, taxılçılıq, heyvandarlıq və ipəkçililə məşğul olurdu. Hazırda Cocuq Mərcanlıda 1428 nəfər, eləcə də 395 ev təssərrüfatı qeydiyyata alınıb. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin sayəsində kənddə əhali üçün yaşayış evləri, orta məktəb və məscid tikilib. Füzuli rayonunun Horadiz qəsəbəsindən Cocuq Mərcanlıya kimi yol çəkilib. Kənddəki tibb məntəqəsi burada xəstələrin sağlamlığının keşiyində duracaqdır.
Cocuq Mərcanlının tarixi həm də bu günümüzün şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd tamamilə bərpa olunub. Demək olar ki, erməni işğalından azad edilmiş kənd indi ən müasir standartlara cavab verən yaşayış bölgəsinə çevrilib.
Əksər siyasi, sosial, hərbi və digər sahələr üzrə ixtisaslaşmış ekspertlər qeyd edirlər ki, Cocuq Mərcanlı kəndinin erməni işağalından azad edilməsi, yaxın gələcəkdə erməni işğalından azad ediləcək bütün ərazilərimiz üçün möhtəşəm bir örnəkdir. Azərbaycan Milli Ordusunun və Ali Baş Komandanının rəhbərliyi altında əldə etdiyi bu uğurlar həm də dünya birliyinin diqqət mərkəzində oldu. Azərbaycan dövləti ekspanisonizmlə deyil, quruculuq yolu ilə, dünya standartları səviyyəsində, multikulturalizm prinsipləri əsasında işğal altında illər boyu əzab-əziyyət çəkən doğma torpaqlarına geri dönüşü məhz bu prinsiplər əsasında həyata keçirir.
 
BMT-nin və beynəlxalq birliyin dəstəyi
 
Cocuq Mərcanlı kəndinin düşmən işğalından azad edilməsi BMT başda olmaqla bir sıra dünya dövlətləri tərəfindən də böyük dəstək qazanmışdır. ABŞ-ın USAİD təşkilatı kənddə quruculuq işlərində yaxından iştirak etmişdir. USAİD-in dəstəyi ilə bu kənddə fəaliyyət göstərən Yem Emalı Zavodu 3 min nəfərdən çox əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması deməkdir. Müəssisədə toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb. Bu işdə “East-West Management Institute” təşkilatı da yaxından iştirak edib. “Azər-İlmə” Xalçaçılıq İstehsalat Birliyi kənddə 90 nəfərin işlə təmin ediıməsi üçün xalça müəssisəsi açdı. Türkiyənin Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətləri də Böyük Dönüşə dəstək olaraq, Cocuq Mərcanlıda bir sıra təsərrüfat işlərinin görülməsi üçün müəssisələr açmışlar.
Azərbaycan hökuməti kənddə fəaliyyət göstərən müəssissələrə yüksək səviyyədə güzəştlər olunması barəsində xüsusi qərar verib. Beləliklə, 24 ildir erməni işğalı altında olan və bu illər ərzində başdan-başa xarabazarlığa çevrilmiş Cocuq Mərcanlı kəndində sözün əsil mənasında cənnət yaradılıb.
Böyük Dönüşün rəmzini görmək istəyən bir sıra dövlətlərin rəsmiləri belə, Cocuq Mərcanlıya təşrif buyurublar. Hətta Rusiya Dövlət Dumasının deputatları belə, Azərbaycan hökumətinin qısa bir zaman içində əldə etdiyi uğurlardan heyran qaldıqları gizlətmədilər. Türkiyə, İngiltərə, ABŞ, Fransa, Almaniya, İran, Macarstan, Latviya, Ukrayna, Kanada və digər dövlətlərin nüfuzlu KİV nümayəndələrinin Cocuq Mərcanlıya etdikləri səfərlərin sonucu olaraq Azərbaycanın bu uğuru həmin ölkələrin TV kanallarında və qəzetlərində geniş reportajlara səbəb olmuşdur. Özbəkistan, Qazaxtsan və Türkiyənin nüfuzlu KİV-lərinin nümayəndələri bölgəyə səfər edərək, Böyük Dönüşü Türk Dünyasının ən uğurlu addımları kimi öz mətbu orqanlarında yayınladılar.    
 
Cocuq Mərcanlıda həyat davam edir
 
Kəndə gedən və ümumi uzunluğu 9 km. olan avtomobil yolunun tikintisinə  4,3 milyon manat vəsait xərclənib. Bundan əlavə, Cocuq Mərcanlı kəndində 100 fərdi yaşayış evi, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektləri inşa olunub. Hər bir ailəyə ayrılıqda 10 sot torpaq sahəsi ayrılıb. Həmçinin kənddə elektrik, qaz, su xətləri çəkilib və internet şəbəkəsi yaradılıb. Bir sözlə, Cocuq Mərcanlıda normal yaşayış üçün bütün lazımi şərait var. Beləliklə, Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və yenidən qurulması işləri böyük sürətlə və keyfiyyətlə həyata keçirilib. 2017-ci il iyunun 14-də prezident İlham Əliyevin iştirakı ilə yeni qəsəbənin açılışı oldu. Cocuq Mərcanlı kəndinin qısa zamanda bərpası, burada aparılan misilsiz quruculuq işləri, cəbrayıllı köçkünlərin doğma yurda qayıdışı - yaxın tariximizin parlaq səhifələrindən biridir. Bir il ərzində Cocuq Mərcanlıda sakinlərin yaşayışı üçün yüksək səviyyədə şərait yaradıldı. Cocuq Mərcanlılar doğma yurda qayıtmağının sevincini belə dilə gətirirlər. Prezidentin sərəncamları əsasında  kənddə əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Birinci mərhələdə kənddə məskunlaşan ailələr 40 hektar sahədə qarğıdalı, 10 hektarda şəkər çuğunduru və bostan-tərəvəz bitkiləri əkiblər. Cocuq Mərcanlıda heyvandarlıq kompleksi, tərəvəz yetişdirmək üçün 15 istixana, suvenir hazırlayan müəssisənin yaradılması da nəzərdə tutulur.
Prezident İlham Əliyevin tapşırığı ilə Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı olan məscid də inşa edilib. Uzun illərdən sonra Cocuq Mərcanlı məscidində azan oxunub.
Cocuq Mərcanlıya qayıdış Prezident İlham Əliyevin iradəsi və qətiyyəti ilə Qarabağa uzanan yolların açılması, Şuşaya, Xankəndinə qədər aparacaq Qələbə yollarının ilki, başlanğıcı deməkdir.
 
Böyük ümidlər

Cocuq Mərcanlıya dönüş bir miolyondan artıq məcburi köçkünün arasında çox böyük ruh yüksəkliyi yaranmasına səbəb olub. Eləcə də Naxçıvan Muxtar Respublikasının son günlərdə 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal etdiyi Günnüt kəndi və onun çevrəsindəki mühüm strateji əhəmiyyətli yüksəkliklərin 26 ildən sonra azad edilməsi xalqımız tərəfindən böyük coşqularla qarşılanmışdır. 11 min hektar ərazinin işğaldan təmizlənməsi daha möhtəşəm uğurlarımız üçün açıq şəkildə bir işarədir.
1990-cı illərin əvvəllərində Azərbaycan Ordusunda sıravi əsgərin ayağına patava geyməyə belə, imkanı yox idi. Bu gün Milli Ordumuz dünyanın ən müasir silahları və digər imkanları ilə təmin edilib. Azərbaycan beynəlxalq durumu nəzərə alaraq və regional strateji hədəfləri diqqət mərkəzində saxlayaraq, militarizm siyasətini əsla yürütmək fikrindən çox-çox uzaqdır. Ancaq haqqın, ədalətin və onilliklərlə davam edə biləcək “sülh danışıqları”nın perspektisizliyi ilə də barışmaq fikrində deyil.
Ermənistanın işğalçılıq siyasəti və bu ölkədə 1998-ci ilin oktyabr ayında hərbi çevriliş və terror yolu ilə hakimiyyətə gəlmiş “hərbi xunta”nın aqressiv davranışlarına məqam gələndə güc və iradəni nümayiş etdirməyi heç zaman Azərbaycan tərəfi unutmamışdır.
Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Qazaxlar, Madaqiz və Seysulan kəndləri, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi kəndi düşməndən azad olunmuşdur. Aprel döyüşləri Azərbaycan Ordusunun əldə etdiyi bu uğurlar bütün cəbhə boyu bölgələrdə yerli əhalinin böyük sevincinə səbəb oldu. İndi həmin kəndlərdə əhali əmin-amanlıq içində yaşayır. Bütün məcburi köçkünlər isə digər bölgələrimizin düşməndən azad edilməsi günün həsrəti ilə yaşayırlar.
 
Muxalifet.az