​Qəza zamanı FHN və DİN necə işlədi? - Prezident

Baxış sayı:
7693

Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yanarmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim sərəncamımla məsələni araşdırmaq üçün dövlət komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Prezident yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədəki ilk çıxışında deyib. Prezident bildirib ki, komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur: məsələni araşdırmaq və səbəbləri aşkar etmək, eyni zamanda, günahkarların müəyyən edilməsi və onlara qarşı tədbirlər haqda məlumat vermək, həmçinin gələcəkdə belə halların baş verməməsi üçün tədbirlər planı hazırlamaq.
“Dünən axşam saatlarında enerjinin verilməsi yenidən kəsildi. Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddətdə enerjinin verilməsi bərpa edildi. Qeyd etməliyəm ki, mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bütün orqanlar bu vəziyyətdə vətəndaşlara köməklik göstərsinlər ki, bu vəziyyətdən biz şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərdilər və onların uğurlu fəaliyyəti nəticəsində bunlar aradan qaldırıldı. Vətəndaşlara əziyyət verilməsinə baxmayaraq, heç bir ağır hadisə baş verməmişdir.
Fövqəladə Hallar nazirliyi təxliyə işlərini tezliklə və düzgün şəkildə aparmışdır: metroda və liftlərdə qalmış vətəndaşlar təxliyə edildi, xilasedicilər uğurla fəaliyyət göstərdilər; daxili işlər orqanları çox operativ şəkildə fəaliyyət keçmişlər. İlk növbədə asayişin qorunub saxlanılması məsələləri gündəlikdə idi, eyni zamanda, işıqforların sıradan çıxması nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilər. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər”, - Prezident bildirib.
Prezident qeyd edib ki, qəza baş verən vaxtda nəqliyyat məsələləri tənzimləndi, Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət, qayğı göstərildi:
“Bir sözlə, bütün dövlət qurumları bu ağır vəziyyətdə çevik fəaliyyət göstərərək, böyük peşəkarlıq nümayiş etdirdilər və az itki ilə biz bu vəziyyətdən çıxa bildik”.