Rusiyada “xarici agent” axtarışına start verilir – Duma qanun layihəsini təsdiqlədi, beynəlxalq təşkilat hökuməti İTTİHAM EDİR

Baxış sayı:
6508

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi bildirir ki, Rusiyanın bir sıra jurnalistlər və bloqqerlərə “xarici agent” damğası vurması, azad informasiya axınının qarşısının alınması yönündə hakimiyyətin yeritdiyi “müntəzəm siyasətdə” sonuncu addımdır.

Nyu-Yorkda yerləşən komitənin iyulun 3-də yaydığı bəyanat Rusiya hakimiyyətini bu kursdan dönməyə və ölkə vətəndaşlarının məhz geniş mənbələrdən informasiya almasına imkan yaratmağa çağırır.

Bəyanatda qeyd edilir ki, Rusiya Dövlət Dumasının informasiya və rabitə məsələləri üzrə komitəsi elə həmin gün qanunvericiliyə, hakimiyyətin sıravi şəxsləri “xarici agent” elan etməsinə imkan yaradan düzəlişi təsdiqləyib. Söhbət Ədliyyə nazirliyinin “xarici agent” hesab etdiyi kütləvi informasiya vasitələrində çalışan şəxslərdən gedir.

Qanun layihəsinə görə,həmin şəxslər hər il yoxlamadan keçməli və iki illik fəaliyyətləri barədə hesabat verməlidirlər. Qanun layihəsinin qüvvəyə minməsi üçün onu Parlamentin hər iki palatası və prezident Vladimir Putin də təsdiqləməlidir.

Rusiyanın Ədliyyə nazirliyi hələ ki, “xarici agent” kateqoriyasına düşən media təşkilatlarını müəyyən edəcək. Məlumata görə, təklif olunan qanun layihəsində həmçinin məhkəmənin qərarı olmadan veb-saytlar və digər KİV vasitələrinin bloklanmasını əngəlləyən maddə də var.

Bəyanatda qeyd edilir ki, qanun layihəsi belə bir narahatlıq doğurur ki, Moskva “xarici agent yarlığı”ndan KİV vasitələri ilə yanaşı Rusiyada işləyən xarici müxbirlərə qarşı da istifadə edə bilər.

(Azadlıq radiosu)