Rusiyadan NATO-ya xəbərdarlıq: nüvə şantajı, yoxsa real təhlükə?

Baxış sayı:
481

Rusiyanın İrlandiyadakı səfirliyindən bildirilib ki, NATO ölkələri Kalininqrad vilayətini Rusiyanın qalan hissəsindən təcrid etməyə cəhd göstərərsə, Rusiya öz ərazisini müdafiə etmək üçün bütün arsenalından, o cümlədən nüvə silahından istifadə etməyə hazır olacaq.

Musavat.com xaric KİV-ə istinadən xəbər verir ki, diplomatik missiya həmçinin,  son zamanlar Avropada güman edilən Rusiya hərbi müdaxiləsinə hazırlıq barədə bəyanatların səsləndiyini qeyd edir.

Rusiya səfirliyindən vurğulanıb ki, bu cür iddialar hərbi xərclərin artırılmasına, Avropanın militarizasiyasına və Kiyevə növbəti dəstəyin əsaslandırılmasına xidmət edir. Bununla yanaşı, Moskva dəfələrlə bəyan edib ki, Rusiyanın bu cür hərəkətlər üçün nə planları, nə səbəbləri, nə də motivləri var.

“Belə bir ssenaridə silahlı toqquşma riski yüksəkdir və münaqişənin erkən mərhələsində Rusiyanın Alyans ölkələrindəki qərar qəbul etmə mərkəzlərinə önləyici (preventiv) zərbələr endirmək ehtimalı mövcuddur”, deyə məlumatda bildirilir.

Bəyanatda Litva, Polşa və Fransanın Suvalki dəhlizi (red: Polşa və Litva sərhədi boyunca təqribən 100–104 kilometr uzunluğunda olan strateji əhəmiyyətli quru zolağıdır) yaxınlığında keçirdiyi və Rusiya tərəfinin Kalininqrad vilayətinə qarşı yönəldiyini hesab etdiyi “Gallant Boar 2026” birgə təlimləri xüsusi olaraq qeyd edilib. Qurumdan bildirilib ki, NATO-nun regionun hava və dəniz blokadasına mümkün hazırlığı barədə məlumatlar var.

 SON DƏQİQƏ! İlham İsmayıl saxlanıldı

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a şərhində bildirib ki, Rusiya ilk dəfə deyil ki, nüvə silahı ilə bağlı təhdid səsləndirir:

“Rusiya SSRİ dönəmində də rəqiblərini nüvə silahı ilə daim qorxudub. Rusiya prezidenti Ukrayna müharibəsi başlayandan bir həftə sonra da “strateji nüvə silahının hazır vəziyyətə gətirilməsi” haqqında göstəriş vermişdi, indi də Ukraynaya kömək edən NATO ölkələrini hədəfə alıb. Nüvə silahı barədə bu qədər məsuliyyətsiz ritorikası ilə Rusiya hibrid əməliyyatlarının coğrafiyasını genişləndirmək niyyətində olduğunu açıq bildirir. Bu artıq informasiya müharibəsi, çəkindirici psixoloji təzyiq deyil, Avropa dövlətlərinin ərazilərini birbaşa hədəfə almaqdır. Nüvə silahı istifadə edilmədən Rusiya apardığı Ukrayna müharibəsində zəif və ümidsiz vəziyyətində olduğunu görür və qarşı tərəfi(lər) nüvə silahı ilə qorxudur. Məqsədi də Avropanı Ukraynaya yardım etməkdən çəkindirməkdir. NATO Baş katibi Mark Ryutte də bildirdi ki, Rusiyanın hibrid əməliyyatlarının aktivləşməsi alyans ölkələrini Ukraynaya dəstəyini dayandırmağa məcbur etməyə yönəlib. Kalininqrad ( Könisberq) ətrafında Polşa və Baltikyanı ölkələrin Rusiya müdaxiləsinə qarşı hərbi müdafiə potensialını artırmaq istiqamətində gördükləri işləri “Kalininqradı Rusiyanın qalan hissəsindən təcrid etmək cəhdi” kimi dəyərləndirməklə Rusiya faktiki olaraq şantaj siyasəti yeridir, öz hibrid təxribatlarına, əməliyyatlarına haqq qazandırmaq istəyir. İlk baxışdan yaranmış vəziyyət hərbi eskalasiyanın riskli həddə çatdığını göstərsə də, hesab edirəm ki, Rusiya da, NATO da birbaşa hərbi qarşıdurmaya getməyəcək”.